Modern.az

Bizimkilər - “Oxu.az”ın gəncləri: “Uzaqdan baxana müharibə asan görünür” - FOTOLAR  

Bizimkilər - “Oxu.az”ın gəncləri: “Uzaqdan baxana müharibə asan görünür” - FOTOLAR   

Media

27 Mart 2018, 11:44

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Oxu.az”ın redaksiyasında çalışan gənc jurnalistlərdən bəhs edir.

Beləliklə, “Oxu.az” saytının gənc əməkdaşları ilə tanış olaq.


“Şəxsi həyatıma vaxtın az qalması məni narahat edir”

22 yaşlı  Ehtiram Cəbi  5 ilə yaxındır fotoqrafiya ilə məşğuldur və ötən ilin avqust ayından bəri  “Oxu.az”  saytında  çalışır:

“Bir çox xarici və yerli mediada işlərim yayımlanıb, Gürcüstanda, Rusiyada, Çində sərgilərdə iştirak etmişəm. Əslində jurnalistikanı seçməmişəm. Öz təhsilim turizm sahəsi üzrədir, sadəcə o sahəyə maraq göstərmədim, bütün diqqətimi fotoqrafiyaya yönəltdim. Kommersiya tipli çəkilişlərlə məşğul olmadığım üçün tək qazanc mənbəyim fotojurnalistika idi, ona görə bu sahəyə yönəldim. “Oxu.az” saytı  daimi olaraq ilk iş yerimdir, ondan əvvəl isə sadəcə “freelance” olaraq çalışmışam. İlk əvvəl özümə inamım az olduğu, insanlarla çətin əlaqəyə girdiyim üçün bir az çətin gəlirdi, özümü çox sıxırdım. Sonra isə işlər öz axarına düşdü, əvvəl özümdə bilmədiyim bacarıqları tapdım, foto sahəsindən başqa da işlər görə biləcəyimin şahidi oldum”.



E.Cəbi deyir ki,  bir az azadlığa çox üstünlük verdiyi üçün iş saatı rejimi bəzən onu sıxır:


“Ona görə bir yolla özümü sakitləşdirməyə, idarə etməyə çalışıram. Şəxsi həyatıma, gördüyüm digər işlərə vaxtın az qalması məni narahat edir. Bizim baş redaktor Elvin Şirinli həmişə deyir ki, “əgər işinizdə professional olacaqsınızsa, gördüyünüz iş nə qədər ağır olursa olsun, ondan yorulmayacaqsınız”. Buna görə də çalışıram, professional olum və gördüyüm iş məni yormasın, sıxmasın.

Saytda fəaliyyət göstərdiyim dövrdə yaddımda qalan  bir neçə hadisələr olub. Bir gün elə olmuşdu ki, şəhərdə yollar bağlanmışdı və tədbirə heç kəs gəlməmişdi. Biz də orada müxtəlif agentliklərdən bir neçə fotoqraf idik. Tədbirdən şəkil olsun deyə sıra ilə masanın arxasında oturub ümumi foto çəkib ayrılmışdıq”.

“Dava-qırğın, xəbər sildirməyə çalışanlar çoxaldıqca, mən də tanınmağa başladım”


Digər gənc jurnalist  Pərviz Hüseyn deyir ki, uşaqlıqdan jurnalistikaya həvəsi olub:


“1994-cü ilin tufanlı bir may axşamında dünyaya gəlmişəm. Tərtərli olaraq Bərdədə yaşayıb, Ağdam məktəbində təhsil almışam. 2012-ci ildə Bakı Dövlət Sosial İqtisad Kollecinin İnformatika fakültəsini bitirmişəm. Müəyyən səbəblərdən ali təhsil ala bilməmişəm.

Uşaqlıqdan jurnalistikaya böyük həvəsim var idi. Bəxtimdən mən yaşadığım küçələrdə heç vaxt oğlan uşağı olmamışdı. Mən də tək qaldığım zamanlarda ssenari yazır, veriliş aparır, rubrikalar yaradır, hətta studiya da qurardım. Kollec dövründən sosial mediada aktiv istifadəçi idim. 2016-cı ildə jurnalist Şahin Cavadsoyun təklifi ilə “Primetime.az” saytına köşə yazıları verdim. Yazılarımı bəyənən rəhbərlik məni gecə növbəsinə işə dəvət etdi. Sonra isə “Publika.az” saytında boş vakansiya var idi, CV-mi göndərdim və işə qəbul olundum.
“Oxu.az” saytında gedən yazılarımla jurnalistikada tanındım. Dava, qırğın, zəng etdirmələr, xəbər sildirməyə çalışanlar çoxaldıqca, mən də tanınmağa başladım”.


P.Hüseyn 3 aydır ki, “Oxu.az” saytında fəaliyyət göstərir:

“Bu sahədəki hədəfim 2-3 il ərzində sayılıb-seçilən şou-yazarı olmaqdır deyə, mən də yüksəklərə doğru baxıram. Ona görə “Oxu.az”da boş vakansiya olduğunu görüb buraya yazılarımı, CV-mi göndərdim və işə qəbul olundum.

Mənim yeganə çətinliyim rus dilini bilməməyimdir. Hərdən redaktorla danışanda cümlənin ortasında ruscaya keçir. Başa düşməsəm də başımı yelləyirəm, sonra yanımdakından soruşuram ki, boss nə deyirdi? (gülür) Başqa çətinliyim yoxdur”.

Gənc jurnalist bundan əvvəl bir çox şirkətlərdə satış məsləhətçisi kimi işləyib:

“Bakıda çox tanınmış mağazalar şəbəkəsinin sosial media reklamlarımı yazmışam. Oradakı fəaliyyətimdən sonra media sahəsinə gəlmişəm.

Jurnalist üçün əsas nəsnə onun yazılarının dəyərləndirilməsi və oxunmasıdır. Dəyərləndirmə deyərkən sırf maaş məsələsini demirəm, yəni, ən kiçik bir xəbərdə belə təşəkkür almağın səni işləməyə daha da həvəsləndirir. Şəraitimiz də "Maşallah, pis gözlər çıxsın" səviyyəsindədir”.

Müsahibimiz başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb:

“Bir dəfə müğənnilərdən biri qəzaya düşmüşdü. Açıqlama almaq üçün zəng edib  dedim ki, filankəs xanım, eşitdim qəza keçirmisiniz. Maşınınız necədir? Qayıtdı ki, nə? Dedim, heç nə, soruşuram ki, səhhətiniz yaxşıdı?”.

 

“Kollektivdə çox gənc, enerjili uşaqlar çoxdur”


Qısa müddətdir  saytda fəaliyyətə başlayan Rəna Hüseynova Qərb Universitetinin jurnalistika fakülətini bitirib:


“1993 il iyunun 18-də Bakıda anadan olmuşam. Jurnalistikanı seçmişəm, çünki bu işə həmişə marağım, simpatiyam olub. Jurnalistlər düşünürəm ən maraqlı həmsöhbətdirlər. Bu işi bacaran, gözəl araşdırmalar edən jurnalistlərə sözün yaxşı mənasında həsəd aparıram”.


R.Hüseynovanın ilk fəaliyyəti isə “Gənclərin Səsi Radiosu”nda başlayıb:


“Həmçinin Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətində çalışmışam. Hazırda isə 1 ay olar ki, “Oxu.az”da çalışıram. Mən həmişə yeniliklərə can atıram. Yeni nələrsə öyrənməyi sevirəm. Kollektivdə çox gənc, enerjili uşaqlar çoxdur. Düşünürəm ki, bərabər işlədikcə bir-birimizdən çox şey öyrənəcəyik, həm də öyrədəcəyik”.

“Bəlkə biz də nə zamansa onlar kimi xəbər portalını idarə edəcəyik”

Elvin Paşazadə uşaqlıqdan jurnalistikaya marağı  olan həmkarlardan deyil:     


“23 il bundan öncə yaz aylarının sonu, yayın cırhacırına bir addım qalmış bir gündə - mayın 25-də Bakı şəhəri Bayıl qəsəbəsində dünyaya göz açmışam. Elə 23 ildir ki, Bayıl qəsəbəsinin 20-ci sahə ərazisində yaşayıram. Uşaqlığım, məktəb illərim, universitetə, əsgərliyə doğru atdığım addımlar hamısı buradan başlayıb. İməkləyərək yeriməkdən tutmuş, ayaq üstə durmağa qədər buranın torpağı üzərində yıxılaraq, qaçaraq öyrənmişəm. 2000-ci ildə orta məktəbə getmiş, 2011-ci ildə bitirmişəm. Evimiz məktəbin yanında yerləşdiyinə görə, demək olar ki, bütün günüm məktəbdə keçirdi. Hətta tənəffüslərdə belə yeməyə evə gələrdim. Danışdıqca məktəbin, sinifin həmin səs-küyü qulaqlarımda cığnamağa başlayır. Deyirdilər ki, məktəbin qədrini bitirəndən sonra biləcəksən. Bu sözə elə də əhəmiyyət vermirdim. İndi həmin günlərin artıq qədrini bilməyə başlamışam. Orta məktəbdə çox yaxşı oxumuşam. Hətta mənə zarafata alim, gələcəyin millət vəkili də deyərdilər. O vaxtlar məktəbin divarında şərəf lövhəsi deyilən bir yer vardı. Orada məktəbin ən yaxşı oxuyan şagirdlərinin şəkilini yerləşdirərdilər. Orada mənim də şəkilim vardı. İndi də elə bir şey var yoxsa yoxdur, bilmirəm. Yoxdursa, yenidən olmasını çox istərdim”.


Elvin Paşazadə 2011-ci ildə  Qərb Universiteti Siyasi elmlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasına qəbul  olub:  

“Təbii ki, hər bir abituriyent kimi mən də çox sevinirdim. Belə bir deyim var: "Universitetə bir girən sevinir, bir də bitirən". Düzdür, məktəb illəri qədər maraqlı olmasa da, universitet həyatı da özünəməxsusluğu ilə seçilir. Bəzən dərsə hazırlaşmamış gəlmək (tərslikdən də müəllim həmin an dərs soruşurdu), gecikəndə qrup yoldaşına "müəllimə denən qaib yazmasın çatıram" demək, kollektiv olaraq harasa getmək...hamısı gözəl hisslərdi.

Uşaqlıqdan jurnalistikaya böyük həvəsim olub deməyəcəm. Çünki polis ailəsində doğulduğuma görə, elə bu peşəyə də yiyələnmək istəmişəm. Amma həmişə diktorların, aparıcıların hərəkətlərini, danışıqlarını əzbərləyib öz üzərimdə məşq edərdim. Zaman hər şeyin əlacı, dərmanı, yol göstərənidir deyirlər. Zaman-zaman bu sahəyə marağım digər peşəyə olan marağımı üstələməyə başladı. Elə ona görə də jurnalistika üzrə təhsil almağa qərar verdim. Universitet nəzəri cəhətdən heç nə öyrətmədi. Təhsil ala-ala artıq qonorar qarşılığında xəbər portallarına yazı, xəbərlər verirdim. Uzaqdan baxana müharibə asan görünür deyirlər. Əvvəl elə bilirdim hə, məlumatdır da, olacaq yazacam. Amma işlədikcə baxdım ki, yox, bunun üçün gündəlik hadisələri izləməli, məlumatlı olmalı və yazarkən araşdırıb, dəqiqləşdirmək lazımdır. Təbii ki, jurnalistikanın qızıl qaydasına sadiq qalaraq. Təəssüf ki, bu gün o qızıl qaydalara əməl edən mətbəələr olduqca azdır. Bunu da deyəndə çox vaxt "qaydalar, qanunlar yazılır pozmaq üçün" ifadəsini eşidirəm”.


Gənc jurnalistin sözlərinə görə, “Oxu.az” onun ən sevdiyi, hər zaman izlədiyi informasiya portallarından biri olub:

“Bunu hazırda orda işləyirəm deyə demirəm. Buradakı fəaliyyətim elə də çox deyil. Cəmi 1 aydır ki, bu kollektivlə işləməyə başlamışam. İşdə ən gözəl və vacib olanı mehriban kollektivin və öz əməkdaşına dəyər verən redaktorun, rəhbərliyin olmasıdır. Şükür Allaha, bu günə kimi problemim olmayıb. Nə deyiblərsə, hamısını yerinə yetirməyə çalışmışam. Kim bilir, bəlkə biz də nə zamansa onlar kimi hansısa xəbər portalını, agentliyi idarə edəcəyik. Buna görə gərək hər durumda verilən tapşırığı operativ, dəqiq şəkildə yerinə yetirəsən. Həm indi elə bir dövrümdür ki, daha çox imzamın tanınması üçün çalışıram. Düşünürəm ki, bu yolda öncə Allah daha sonra rəhbərlik, kollektiv və oxuyucular mənə dəstək və yardımçı olacaqlar”.

Müsahibimizin “Oxu.az”a yeni gələndə ilk çətinliyi işin qayda-qanunlarına öyrəşmək, kollektivlə münasibət qurmaq olub:

 “O da çox uzun çəkmədi. 2-3 günə öyrəşmiş oldum. İş şəraiti mənə görə çox uyğun və rahatdır. Baş redaktorumuz Elvin Şirinli və məsul redaktorumuz Seymur Baxışev azad fikirli və gənc insan olduqlarına görə, əməkdaşları yaxşı başa düşürlər. Yəni burada jurnalist sərbəstliyi var. Həm jurnalist elə bir adamdır ki, onu çox sıxmaq lazım deyil. Beyninin məhsulundan evinə bir tikə çörək pulu aparan adamı çox sıxanda onda durğunluq yaranır. Bu durumları gördüyümə görə çox yaxşı bilirəm. Hər zaman çalışıram ki, bu sahədə məndən həm təcrübəcə, həm staj baxımından, həm də yaşca böyük olanlardan nələrisə öyrənim”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü