Modern.az

Kənddən İngiltərəyə oxumağa gedən azərbaycanlı gənc: “Kim deyir ki, kənddən mütəxəssis çıxmaz”   

Kənddən İngiltərəyə oxumağa gedən azərbaycanlı gənc: “Kim deyir ki, kənddən mütəxəssis çıxmaz”    

Təhsil

28 Mart 2018, 13:47

Modern.az-ın Təhsil Nazirliyi ilə birgə layihəsi çərçivəsində bilik yarışlarının – beynəlxalq və fənn olimpiadalarının qalibləri barədə silsilə yazıları davam edir. Layihənin əsas məqsədi  oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin növbəti qonağı Həsən Həsənzadədir. Həsən Həsənzadə  hazırda Azərbaycan Tibb Universitetinin İT şöbəsində mühəndis proqramçısı kimi çalışır. İngiltərənin Mançester Universitetində bakalavr təhsili alıb.

“Atam riyaziyyat müəllimi olduğuna görə....

Həsən söhbətə doğulduğu bölgədən başlayıb:

“Lənkəranın Veravul kəndində doğulmuşam. Orta təhsilimi 6-cı sinfə qədər orada almışam. 6-cı sinifdən sonra türk liseylərinin Lənkəran filialında təhsilimi davam etdirmişəm. Ailədə atam riyaziyyat müəllimi olduğuna görə uşaqlıqdan bu fənnə qarşı məndə sevgi yaratmışdı. Elə alındı ki, həm ailəmin, həm də özümün istəyimlə riyaziyyat olimpiadasına qatıldım. Daha doğrusu, 6-cı sinifdən sonra liseyə yüksək balla qəbul olundum. Elə orada olimpiadalara hazırlıq prosesi ilə tanış oldum. Həmin vaxt əsas məqsədim olimpiadalarda daha yüksək nailiyyətlər əldə etmək idi. Liseyə daxil olandan sonra riyaziyyat üzrə biliklərimi daha da təkmilləşdirdim və qatıldığım olimpiadalarda qalib oldum. Hətta dünya səviyyəsində uğurlar əldə etdim”.

“Bu fikirlə razı deyiləm

Olimpiada qalibi kənddə böyüməyin üstünlüklərindən də danışıb:

“Kənd mühitində böyümüşəm. Müəyyən vaxta qədər təhsilimi kənd məktəbində almışam. Ona görə də bir fikirlə razı deyiləm ki, “kənddə böyüyən uşaqlar yaxşı təhsil ala bilmir”. Mən və mənim timsalımda nə qədər gənc tanıyıram ki, ilk təhsilini kənd mühitində alıb. Məgər onlar yaxşı mütəxəssis olmayıb?! Bu məsələdə valideynlərin də üzərinə məsuliyyət düşür. Valideynlər kiçik yaşlarından uşaqlarını təhsilə meylləndirsələr, nəinki kənd mühiti, hətta ən ucqar dağ yerində belə gələcəyin mütəxəsisslərini yetişdirmək olar.

Riyaziyyat üzrə fənn olimpiadasının Respublika  mərhələsində 3 gümüş və 1 qızıl medal qazanmışam.  2012-ci ildə Argentinada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında və 2013-cü ildə Kolumbiyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak etmişəm və hər iki yarışda bürünc medal əldə etmişəm”.


“İngiltərədə karyeramı inkişaf etdirmək istəsəm də...”


Həsən Həsənzadə deyir ki, hələ liseydə oxuduğu müddətdə müəllimləri onda xüsusi istedadı kəşf ediblər:


“İngiltərədə təhsil almağım da sıradan bir şey kimi meydana çıxmadı. Liseydə oxuduğum müddətdə müəllimlərim digər şagirdlərdən seçildiyimi hiss edirdilər. Olimpiadalarda da qalib gəlirdim. 2009-cu ildən etibarən Bakı özəl türk liseyində oldum. Həmin vaxt yüksək təhsilə malik şagirdlərin xaricə üz tutub təhsillərini orada davam etdirdiklərini görürdüm. Məndə də belə bir məqsəd yaranmışdı - xarici ölkələrin təhsil müəssisələrinin birində oxumaq. Şansdan yararlandım. İngiltərədə bakalavr təhsili 3 ildir. Böyük Britaniyanın Mançester Universitetində kompüter elmləri üzrə təhsil aldım. İngiltərədə öyrəndiklərimi Azərbaycanda tətbiq etmək istəyirdim. Hazırda Tibb Universitetinin İT şöbəsində çalışıram. Deyə bilərəm ki, öyrəndiklərimi burada tətbiq edirəm”.

“İngilislərin zəngin mətbəxi olmur”

Mançesterin məzunu İngiltərədəki xatirələrindən də söz açıb.

“3 illik İngiltərə təhsilimdən çox razıyam. Kənd mühitindən böyük bir arenaya pənah apardım. İlk günlərdə sıxıntı vardı və bu, normaldır. Məsələn, sadə bir misal çəkim. Orada maşınları sağ tərəfdə oturub idarə edirlər. Bu mənə qəribə gəlirdi, alışa bilmirdim. Zamanla alışdım.

İngilislərin zəngin mətbəxi yoxdur. Təsəvvür edin: zəngin Lənkəran mətbəxinin içində böyüyən bir uşaq dadlı olmayan ingilis mətbəxi ilə qidalanmalı olur. Düzü, çox çətin idi. Hətta, 3 il ərzində qolumu çırmalayıb mətbəxə keçməli oldum. Şərait bunu tələb edirdi. Həftədə 3 dəfə bəzi yeməkləri özüm hazırlayırdım. İngilislər səhər yeməkləri ilə məşhurdular. Maraqlıdır ki, Mançester beynəlmiləl şəhər olduğundan orada hər millətin nümayəndəsinə rast gəlmək olurdu. Ona görə də yerli ingilislə nadir hallarda rastlaşırdıq. Futbolu sevmədiyimdən futbol azarkeşi də olmamışam. Sadəcə, İngiltərədə olduğum müddətdə cəmi bir dəfə “Mançester Yunayted” komandasının meydançasına gəzinti olsun deyə, getmişəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü