Modern.az

Rusiyanın döyüş poliqonuna çevirdiyi Suriya... 

Rusiyanın döyüş poliqonuna çevirdiyi Suriya... 

Dünya

3 Aprel 2018, 13:29

Rusiyanın 2015-ci ildə Suriyada başladığı hərbi əməliyyatlar öz geosiyasi yükü ilə yanaşı, Putin hakimiyyətinin hərbi sənayedə qazandığı uğurları nümayiş etdirmək üçün meydan rolunu da oynadı.

Rusiya müdafiə naziri Sergey Şoyqunun açıqlamasına görə, Suriyada 160-a qədər müxtəlif silahlar sınaqdan çıxarılıb. Onların bir qismi hələ Sovet İttifaqında layihələndirilsə də, əksər silahlar 2000-ci illərin hərbi islahatlarından sonra təqdim olunmuşdu.

 

Suriyada tətbiq edilən yeni silahlar arasında ən böyük rezonansı yüksək dəqiqliyə malik dəniz və hava məkanında yerləşən “Kalibr-NK” qanadlı raket kompleksləri doğurmuşdu. Xəzər dənizi və Aralıq dənizində yerləşən kiçik ölçülü hərbi gəmilərdən Suriyadakı hədəflərə atılan “Kalibr” raketləri Suriyada ciddi dağıntılara səbəb olmuşdu.

İlk dəfə Rusiya ordusu dəniz və hava məkanından yüzlərlə kilometr uzaqlıqda yerləşən hədəfləri vurmaq üçün yüksək dəqiqliyə malik qeyri-nüvə silahı nümayiş etdirdi.

“Kalibr-NK” ilə təchiz olunmuş raketlər həm donanma, həm də Kosmik Hava Qüvvələrini möhkəmləndirmiş oldu.

 

Rusiyanın uzaq məsafəli aviasiyası əsasən, nüvə silahı daşımağa hədəfləndiyi üçün uzun illər ərzində lokal konfliktlərdə geniş istifadə olunmurdu. Amma müasir X-555 və X-101 qanadlı raketləri ilə təmin olunduqdan sonra Tu-95MSM və Tu-160 təyyarələri Suriyadakı əməliyyatlarda aktiv istifadə olundu.

 

Suriyanın Hmeymim hərbi bazasında yerləşən Rysiya aviasiyasının ən müasir MiQ-29K/KUB, Su-27SM, Su-30, Su-33, Su-35 qırıcıları, Su-24M2 və Su-34 bombardumançı təyyarələri vətəndaş müharibəsinin gedişatının Əsəd qüvvələrinin xeyrinə dəyişməsinə kömək etdi.

Yeni nəsil təyyarələrin nişan-naviqasiya sisteminin mükəmməlliyi onlara hətta idarəolunmayan bombaları da dəqiqliklə hədəfə atmağa imkan verirdi. Bundan başqa, QLONASS sistemi ilə korrektə edilən KAB-500S bombaları istənilən hava şəraitində və hündürlükdə stasionar hədəfləri məhv etməyə şərait yaradırdı.

 

2015-ci ilin payızından Suriyada Mi-28H, Mi-35M, Ka-52 və Ka-52K döyüş helikopterlərindən istifadəyə başlanıldı. Yüksək sürəti sayəsində Ka-52 helikopterləri təchiz olunduqları idarəolunan “Vixr-M” raketlərinin köməyi ilə hava hücumundan müdafiə sistemlərinin hücumundan uğurla qorunurdu.

 

Son illər sürətlə pilotsuz uçuş aparatlarının sayını artıran Rusiyanın hazırda bu tip aviasiyaya aid 2 min nümunəsi var. “Elektrin-3SV”  və “Orlan-10” aparatlarından tutmuş uzaq məsafəyə uçan “Forpost”-lara qədər fərqli modifikasiyaya malik uçuşsuz aparatlar həm kəşfiyyat, həm artilleriya zərbələri üçün düşmən mövqelərinin müəyyənləşdirilməsindən tutmuş, kartoqrafik məqsədlər və humanitar yüklərin müşaiyət olunmasına qədər fərqli məqsədlərə cəlb olunmuşdu.

 

 Suriyada tətbiq ediklən Rusiya silahları Yaxın Şərq və Afrika ölkələrinin yenidən Moskvaya silah üçün üz tutmasına səbəb olub. Hazırda Rusiya ordusunun əsas planları T-90 və “Armat” tankarının son modifikasiyalarının, “Kornet” tank əleyhinə raketlərin və pilotsuz uçuş aparatlarının yeni növlərinin tətbiqindən ibarətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü