Modern.az

Biləsuvar və Neftçalada pambıqçılığın inkişafı müzakirə edilib

Biləsuvar və Neftçalada pambıqçılığın inkişafı müzakirə edilib

17 Aprel 2018, 17:56

Aprelin 17-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda pambıqçılığın inkişafı ilə bağlı görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, nazirliyin yerli strukturlarının, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak ediblər.

 

Müşavirədə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, Biləsuvarda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verir, rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.

 

Mahir Quliyev martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn konkret vəzifələrdən danışaraq qeyd edib ki, ötən il rayonda 11 min 351 hektar sahədə pambıq əkilib və 24 min 762 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq 21,8 sentnerə çatıb. Bu il isə rayonda 12 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub və hazırda mülkiyyətçilərlə pambıq zavodları arasında müqavilələrin bağlanması yekunlaşmaq üzrədir. “Azərpambıq” MMC tərəfindən mülkiyyətçilərlə 3706 hektar, “MKT İK” MMC tərəfindən 3576 hektar, “KTN” MMC tərəfindən isə 1311 hektar sahədə çiyid səpini üçün müqavilələr bağlanılıb. 3408 hektar sahədə isə fərdi qaydada pambıq əkini nəzərdə tutulub. Bu günədək 9 min hektar sahədə şum çıxarılıb, 200 hektara yaxın sahəyə isə çiyid səpilib.

 

Sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq 40 manat subsidiya verilir.

 

Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın intensiv inkişafı ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri yüksəldiyindən torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Səpin, becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən respublikaya dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar gətirilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.

 

Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi, pambıqçılıqla yanaşı, aqrar sektorun digər sahələrinin inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran təxirə salınmaz vəzifələrdən də danışıb.

 

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Texnika və gübrə ilə təminatın vəziyyəti”, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəşəm Əhmədov “Pestisidlərlə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev “Pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi” barədə məruzələrlə çıxış ediblər.

 

Çıxış edən mütəxəssislər və fermerlər rayonda pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışıb, əkin zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarını müzakirə ediblər.

 

Kənd Təsərrüfatı Nazirliyi günün ikinci yarısında Neçtçala rayonunda da pambıqçılığın inkişafı ilə bağlı görüləcək işlərə həsr olunmuş müşavirə keçirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü