Modern.az

“Qərbi Azərbaycan qaçqınları ilə bağlı qanunların icrasında israrlıyıq” – MÜSAHİBƏ

“Qərbi Azərbaycan qaçqınları ilə bağlı qanunların icrasında israrlıyıq” – MÜSAHİBƏ

Mədəni̇yyət

26 Aprel 2018, 09:18

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, tədqiqatçı alim Əziz Ələkbərli Modern.az-a müsahibə verib.

 

– Əziz müəllim, son vaxtlar Azərbaycanda, Ermənistanda və bütün regionda bir sıra mühüm siyasi proseslər gedir. Bunlardan bəzilərinə sizin də münasibətinizi bilmək maraqlı olardı. Məsələn, Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi və yeddi il müddətinə yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyev ciddi struktur və kadr dəyişikliklərinə başladı. Bu məsələyə münasibətiniz?

 

– Azərbaycan müstəqilliyinin 27 ilində kifayət qədər uzun bir yol keçib. Bu illərdə buraxılan bütün səhvlərə rəğmən qazanılanuğurlar göz qabağındadır. Bu uğurların böyük bir hissəsi cənab İlham Əliyevin prezidentliyi dövründə qazanılıb. Buna görə də 11 aprel seçkilərində xalq kütləvi şəkildə seçki qutularına getdi və İlham Əliyevin daha yeddi il müddətinə prezidentliyinə səs verdi. İlham Əliyev də xalqın bu etimadına arxalanaraq köklü kadr və struktur islahatlarına başladı. Əslində, xalq bunu öz prezidentindən gözləyirdi də. Lakin bu, o demək deyil ki, əvvəlki kadrlar öz işinin öhdəsindən gələ bilmirdi, sadəcə son zamanlar ölkə həyatının bütün sahələrində ciddi keyfiyyət dəyişiklikləri baş vermişdi və bu yeni mərhələdə yeni təfəkkürlü, yeni metodlarla işləyə biləcək yeni kadrlara böyük ehtiyac yaranmışdı. Uzun illər dövlətə və dövlətçiliyə xidmət etmiş bəzi qocaman məmurların da dincəlmək haqqı vardı və onların da bu haqqını əllərindən almaq olmazdı.

 

– Sizcə yeni kadrlar işinin öhdəsindən layiqincə gələ biləcəkmi?

 

– Bu, cənab prezidentin səlahiyyətinə daxildir. Biz xalq olaraq ona ölkəni idarə etmək hüququ vermişik, o da bu ölkəni kiminlə idarə edəcəyini özü müəyyən edir. Yeni kadrlardan kimin öz vəzifəsinin öhdəsindən gəlib-gəlməyəcəyini isə zaman göstərəcək. Bu, daha çox vəzifəyə təyin olunan yeni kadrların idarəçilik qabiliyyətindən asılı olacaq. Bundan əlavə, bu məsələdə həmin kadrların milli düşüncə səviyyəsi də bizim üçün önəmlidir. Xüsusilə xaricdə təhsil alıb gələn gənclərin milli düşüncə səviyyəsi nəzərə alınmalıdır. Təfəkkürü, düşüncəsi etibarilə azərbaycançı olmayan, ingilis kimi, fransız kimi, rus kimi düşünən kosmopolit bir kadrdan, harada təhsil almasından, neçə dil bilməsindən və necə mütəxəssis olmasından asılı olmayaraq, Azərbaycan dövlətinə və Azərbaycan xalqına xeyir gəlməz. Dövlət strukturlarında məsul məqamlarda əyləşənlər ilk növbədə milli düşüncə sahibləri, milli ruhun daşıyıcıları olmalıdırlar.

 

– Azərbaycan qaçqınlarının böyük bir hissəsini əhatə edən bir qurumun – Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədrisiniz. Uzun illərdir qaçqın probleminin içindəsiniz. Prezidentin kadr dəyişiklikləri ölkədə qaçqın və məcburi köçkünlərlə bağlı dövlət qurumunu da əhatə etdi, yəni Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri dəyişdirildi. 20 ilə yaxın bu Komitəyə rəhbərlik edən Əli Həsənovu yeni kadr – deputat Rövşən Rzayev əvəz elədi. Sizcə bu dəyişiklik qaçqın və məcburi köçkün probleminin həllinə hansı töhfəsini verəcək?

 

– Mən özü, ailəsi və bütün ətrafı 1988-ci il Qərbi Azərbaycan qaçqını və həmin vaxtdan ən müxtəlif səviyyə və qurumlarda qaçqın, məcburi köçkün probleminin içində olan bir şəxs kimi, tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda qaçqın, məcburi köçkün problemi ilə bağlı çox böyük işlər görülüb. Lakin bu işlərin böyük əksəriyyəti 1998-ci ildən bu yana, hörmətli Əli Həsənovun Dövlətqaçqınkomun sədri təyin olunmasından sonra həyata keçirilib. Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, “işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” və heç şübhəsiz, bu problemlərin həllində Ulu Öndərin, son 15 ildə isə prezident İlham Əliyevin xidmətləri əvəzolunmazdır. Və bütün işlər bu illərdə Dövlətqaçqınkom tərəfindən icra olunub. Əli Həsənovdan əvvəl də Komitənin sədrləri olub, lakin onların heç biri dövlətin və Prezidentin bu sahədəki siyasətini onun səviyyəsində həyata keçirə bilməyib. Təsəvvür edin, 15 il bundan əvvələ qədər məcburi köçkünlərin böyük əksəriyyəti qaçqın düşərgələrində, vaqonlarda yaşayırdı. Amma son 15 ildə onların sosial-məişət şəraiti köklü şəkildə dəyişdirilib, 92 qəsəbə və yaşayış kompleksi, 50 minə yaxın mənzil və ya fərdi ev tikilib istifadəyə verilib, 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub. Təkcə bu il 20 mindən artıq məcburi köçkünün yeni evlərlə təmin edilməsi nəzərdə tutulub. Bütün bu işlər cənab Əli Həsənovun sədrliyi altında Dövlətqaçqınkomun əməkdaşlarının böyük zəhməti sayəsində baş verib. Bu, Azərbaycan dövlətinə və Azərbaycan xalqına xidmətin bariz nümunəsidir.

 

– Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də kifayət qədər təcrübəli kadrdır.

 

– Cənab prezident qaçqınlar və məcburi köçkünlər kimi həssas bir sahəni etibar edibsə, deməli, Rövşən Rzayevin öz vəzifəsinin öhdəsindən gələcəyinə inamı tamdır. Üstəlik ortada illər boyu formalaşmış bir dövlət siyasəti və icra mexanizmi var.

 

– Əziz müəllim, siz Qərbi Azərbaycan qaçqınları ilə bağlı da tez-tez məsələlər qaldırırsınız. Bu məsələlərlə bağlı da təzə sədrdən müəyyən gözləntiləriniz varmı?

– Təbii ki, var. 1988-1991-ci illərdə Qərbi Azərbaycan qaçqınlarının sayı 250 min nəfər idi, rəsmi dövlət sənədlərində bu gün üçün bu rəqəm 350 mindir. Bizim təxmini hesablamalarımıza görə bu rəqəm artıq 500 minə yaxınlaşır. Bu insanlar Qarabağ münaqişəsi dalğasında öz ata-baba yurdlarından qovulmuş insanlardır, 30 ildir tarixi ədalətin bərpası ümidi ilə yaşayırlar, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda şəhidlər veriblər. Bu insanların da çoxsaylı problemləri var. Əvvəllər, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz bu problemlərin həllində Dövlətqaçqınkomla əlaqəli şəkildə işləmişik. Ümid edirik ki, bundan sonra da bu əlaqə qırılmayacaq.

 

– Ümumiyyətlə, qaçqınların problemlərinin həlli ilə bağlı mövcud vəziyyət sizi qane edirmi?

 

– Məcburi köçkünlərdən fərqli olaraq, qaçqınların problemlərinin həlli ilə bağlı mövcud vəziyyət bizi qətiyyən qane etmir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2001-ci il tarixli və bu gün də qüvvədə olan Fərmanında qaçqınların qaçqınlıq statusu birdəfəlik təsbit olunmuşdur. Bundan başqa, 1998-ci il sentyabrın 18-də Ulu Öndər Heydər Əliyev, 2005-ci il sentyabrın 30-da və 2008-ci il iyunun 24-də cənab prezident İlham Əliyev tərəfindən imzalanan və bu gün də qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində birmənalı şəkildə yazılmışdır ki, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqınlara Azərbaycan vətəndaşlığı verilir və onlara Azərbaycan Respublikası qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Amma təəssüf ki, bu qanunlar icra olunmur, hətta Nazirlər Kabinetinin qaçqınlarla bağlı bəzi qərarları bu qanunlarla ziddiyyət təşkil edir. Biz ilk növbədə bu qanunların icrasında israrlıyıq.

 

– Əziz müəllim, son günlərdə Ermənistanda gedən proseslərə vətəndaşlarımızın  münasibəti birmənalı deyil. Sizcə, Ermənistanda nə proses gedir, doğrudanmı xalq Serj Sarkisyanı devirdi?

 

– Bu məsələdə hissiyata qapılmaq lazım deyil. Gözümüzün önündə Ter-Petrosyan – Köçəryan hakimiyyət dəyişikliyi var. 1988-ci ildən bəri Ermənistanda baş verən bütün hadisələr ciddi ssenari ilə həyata keçirilib. Bu ssenari İrəvanda yazılmır, xaricdə yazılır, erməni diaspora və lobbisinin, Daşnaksütyun partiyasının və erməni kilsəsinin redaktəsindən keçərək, onlarla razılaşdırılaraq icra olunur. O ssenaridə razılaşdırılmamış heç nə olmur. İndi də razılaşdırılmış hakimiyyət ötürməsidir. Bəs bu, nəyə xidmət edir? Bunu zaman göstərəcək. Hər nədirsə, razılaşdırılmış ssenaridir. Nəticəsindən asılı olmayaraq, Azərbaycanın ilk uduşu o olar ki, Ermənistanda Qarabağ klanı hakimiyyətdən uzaqlaşdırılsın və hakimiyyətə Ermənistan klanı gəlsin. Əks-təqdirdə müharibə qaçılmaz olacaq, ya da hakimiyyət dəyişikliyini bəhanə edərək, ermənilər danışıqları daha bir il geri atacaqlar.

 

– Azərbaycan gözləmək məcburiyyətində qalsa...

 

– Azərbaycan gözləmək məcburiyyətində qalacağı təqdirdə üç məsələni diqqət mərkəzində saxlamalıdır:  Azərbaycanın iqtisadi gücünü daha da artırmaq, Azərbaycanın hərbi gücünü daha da artırmaq, Azərbaycan insanında milli düşüncənin formalaşması istiqamətində ciddi iş aparmaq. Loru dillə desək, qarnı, əli və başı dolu əsgəri heç bir qüvvə məğlub edə bilməz və məqamı çatanda o, öz sözünü deyəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır