Modern.az

Dilçilik İnstitutu: “Hətta ən ciddi saytlarda dil qüsurları var”  

Dilçilik İnstitutu: “Hətta ən ciddi saytlarda dil qüsurları var”   

Media

19 May 2018, 09:37

 

“Azərbaycan saytlarının əksəriyyətində təəssüf ki, dil qüsurlarına rast gəlirik. Xüsusilə də orfoqrafik qaydaların pozulması halları daha çox özünü göstərir”.


Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Göytürk  Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, saytların dil qüsurları ilə bağlı monitorinqlər davam edir:

“Əlbəttə, əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə irəliləyiş var. Amma saytlarda hələ də sözlərin yazılışı ilə bağlı problemlər mövcuddur. Bilirsiniz, orfoqrafiya lüğəti ilə bağlı da işlər davam edir, hələ tam yekunlaşmayıb. Biz həmçinin saytlarda texniki qüsurlarla da rastlaşdıq. Yazıya diqqətsizlik, redaktorların məsələyə  ciddi yanaşmaması  kimi hallar müəyyən edilib. Mürəkkəb adların yazılışıda daha çox qüsurlar görürük. Halbuki, orfoqrafiya lüğətində onların yazılışı bəllidir. Məsələn, “Xarici İşlər Nazirliyi” bəzən böyük hərflərlə, bəzən də kiçik hərflərlə yazılır. Yəni burada bir xaos var. O cümlədən leksik, sintaktik normaların pozulması ilə də qarşılaşırıq. Demək olar ki, ən ciddi saytlarda belə bu  cür qüsurlar mövcuddur”.

Ş.Göytürk qeyd edib ki, Dilçilik İnstitunun və monitorinq qrupunun inzibati resursları yoxdur:

“Bu baxımdan monitorinqlər hələki dil sevgisinə köklənən məsələdir.  Çalışırıq ki, sayt rəhbərləri, redaktorlarla bu istiqamətdə danışaq. Monitorinq şöbəsinin əməkdaşlarının sayı da çox deyil. 3-4  əməkdaşla bu işlərin öhdəsindən gəlməyə çalışırıq. Bu baxımdan monitorinqlərə daxil olan saytların sayını konkret demək olmur. Məsələn, “Trend.az”, “Moderator.az”, “Modern.az”, “Axar.az” və bu kimi saytlar monitorinqə daxildir. Mən hələ çox cüzi bir hissəsinin adını çəkirəm, başqaları da var. Biz daha çox oxunan, gündəmdə olan, oxucuların izlədiyi saytları müşahidə edirik.

Onsuz da ən zəif  saytlarda dil qüsurları həmişə çox olur, nəzarət yoxdur. Həmçinin, oxunma sayları da az olduğu üçün dilin ekologiyasına o qədər də ciddi təsir göstərmir. Dilin ekologiyası daha çox tirajlanan, oxunan zaman korlanır. Bu mənada ən nümunəvi , dilə daha çox həssas yanaşan sayt rəhbərlərinin idarə etdiyi saytları monitorinqə daxil etmişik. Qeyd edim ki, saytların monitorinqi ilə bağlı ayın axırına qədər mətbuat konfransı keçirəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir