Modern.az

Türkiyə seçkiləri - Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb

Türkiyə seçkiləri - Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb

Dünya

20 İyun 2018, 13:13

Türkiyədə prezident seçkilərinə sayılı günlər qalıb. Bu səbəbdən namizədlərin gərgin mübarizəsi aydın görünür. 24 iyun  seçkiləri, o cümlədən namizədlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Kimisi Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi, hazırkı prezident Rəcəp Tayyip Ərdoğanın populyarlığının azaldığını düşünür, kimisi də nəticələrin artıq bəlli olduğunu...

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Modern.az saytına  danışarkən, fikirlərin haçalandığını qeyd edib:

“Elə indi Tətbiqi Politologiya Mərkəzinin ekspertləri ilə birlikdə Türkiyədəki seçkiləri müzakirə edirdik. Seçki kampaniyalarının nəticələri göstərir ki, Rəcəp Tayyip Ərdoğan prezident seçiləcək. Sadəcə, burda əsas məsələ onun birinci, yoxsa ikinci turdan seçiləcəyi ilə bağlıdır. Bu baxımdan bizim aramızda da fikirlər haçalanıb. Bir qrup deyir ki, böyük ehtimalla Ərdoğan elə birinci turda 50  faizdən çox səs qazanacaq. Həmçinin Ərdoğanın birinci deyil, ikinci turdan səs qazanıb seçiləcəyi istiqamətində də fikirlər mövcuddur.

Digər tərəfdən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Muharrem İnce çox uğurlu seçki kampaniyası keçirir. Bəlkə də Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olsaydı, bu qədər uğurlu seçki kampaniyası keçirə bilməzdi.

İYİ Partiyanın namizədi Meral Akşenerin də seçki kampaniyasını izləyirik. Açığı, Meral Akşener gözləntiləri doğrultmadı. Əvvəllər Ərdoğanın əsas rəqibinin Akşener olacağı düşünülürdü, lakin belə olmadı. O, bir növ Muharrem İncenin kölgəsində qaldı.


Muharrem İnce isə xarizmatik, uğurlu siyasi fiqur kimi görünür. Mənə elə gəlir ki, prezident seçkilərində məğlub olsa belə, öz partiyasında liderlik iddiasını ortaya qoyacaq. Yaxın müddət üçün iki variant var.  Muharrem İnce ya öz partiyasının başına gələcək, ya da Kamal Kılıçdaroğlu ilə münasibətlər kəskinləşsə, partiyadan ayrılıb özü müstəqil partiyasını quracaq”.

E.Şahinoğlu  bildirib ki, parlament seçkilərinin nəticələri fərqli ola bilər:

“Bilirsiniz, yeni Konstitusiyaya görə, parlamentdə millət vəkillərinin sayı artır.  Ümumiyyətlə, Türkiyədə bu seçkilər illərlə yadda qalır. Birincisi, artıq Türkiyə prezident sisteminə keçir və parlament seçkiləri ilə prezident seçkiləri eyni gündə keçirilir. Seçkidən sonra Türkiyədə baş nazir postu olmayacaq, vitse-prezidentlər postu yaranacaq. Böyük ehtimalla Ərdoğan prezident seçiləcək, lakin parlamentdə Ədalət və İnkişaf  Partiyası müəyyən qədər təsirlərini itirə bilər”.


Politoloqun sözlərinə görə, Türkiyədəki prezident seçkiləri ilə əlaqədar Qərbin də fərqli fikirləri var:


“Son illər Qərblə Ərdoğan arasında münasibətlərdə bir qədər soyuqluq yarandı. Əlbəttə, Qərbdə elə mərkəzlər var ki, Ərdoğanın prezident  seçilməsini istəməz. Amma Qərb Türkiyə daxilindəki proseslərə qarışmır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü