Modern.az

Azərbaycanda nömrəsi oğurlanan maşınlar... - Kriminal dairələrin HƏDƏFİ

Azərbaycanda nömrəsi oğurlanan maşınlar... - Kriminal dairələrin HƏDƏFİ

6 İyul 2018, 13:45

Azərbaycanda nəqliyyat vasitələrinə qoşa, güzgü effektli (el arasında “zerkalnı”), cüt və eyni rəqəmli nömrə nişanları almaq kimi anlaşılmaz bir ənənə formalaşıb. Bu nömrələrə meyl edənlər əsasən imkanlı şəxslərdir. Elə bunu nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə bir müddət əvvəl avtonəqliyyat vasitələri üçün verilən nömrələrdə əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırıldı. Dəyişikliklərə əsasən, ən bahalı dövlət qeydiyyat nişanının qiyməti 3000 manatdır.

Zaman-zaman avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının itirilməsi və oğurlanması ilə bağlı məlumatlarla rastlaşırıq. Bəs görəsən nömrəsi itirilmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi nə etməlidir? Müəyyən məbləğdə rüsum ödəyib alınan dövlət qeydiyyat nişanı itirildikdə və ya oğurlandıqda həmin nömərinin bərpası mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr söbəsinin rəisi, polis mayoru Rüfət Quliyevin sözlərinə görə, avtomobilin dövlət qeydiyyat nişanı itərsə və yaxud kim tərəfindən oğurlanıbsa, sürücü bu barədə dərhal polisə məlumat verməlidir.


“Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının biri itdikdə və yaxud oğurlandıqda avtomobilin istifadəsi yolverilməzdir. Belə nəqliyyat vasitəsini idarə etmək olmaz. Polis orqanlarına məlumat verdikdən sonra sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edir və bundan sonra nəqliyyat vasitəsinə yeni dövlət nömrə nişanı verilir. Təbii ki,  bu halda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilməlidir”.
 

R.Quliyev deyib ki,  itmiş və ya oğurlanılmış qeydiyyat nişanı tapılsa, qeydiyyat orqanı həmin nəqliyyat vasitəsinin sahibinə qeydiyyat nişanının tapılması ilə bağlı məlumat verir və əvvəlki dövlət qeydiyyat nişanı ona yenidən təklif edilir.

“Avtonəqliyyat vasitəsinin sahibi yenidən həmin dövlət qeydiyyat nişanınından istifadə etmək istəyirsə, aidiyyatı orqana yaxınlaşa, avtomobilin üzərindəki dövlət qeydiyyat nişanını təhvil verərək tapılmış nömrəni bərpa edə bilər”.

R.Quliyevin sözlərinə görə, oğurlanılmış və ya itmiş dövlət qeydiyyat nişanları kriminal məqsədlərə istifadə edilə bilər.

“Biz ilk olaraq onun qarşısını almalıyıq. Yenə də qeyd edirəm ki, hər hansı bir bir oğurluq halı baş verərəsə, polis orqanına bu barədə məlumat verilməlidir. İtirilmiş və oğrulanmış nömrələrlə bağlı axtarışlar davam edir. Əgər həmin nömrə tapılarsa, ilk növbədə nəqliyyat vasitəsinin sahibinə məlumat verilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü