Modern.az

Bax, budur Vətən sevgisi, millət təəssübkeşliyi!

Bax, budur Vətən sevgisi, millət təəssübkeşliyi!

Ədəbi̇yyat

15 İyul 2018, 09:35

İnşaatçı Hüseyn Hənifə oğlu hələ 1987-ci ilin oktyabrında Heydər Əliyevə görə Sumqayıtda ermənilərin "dərsini" vermiş və... "KPZ"yə salınmışdı 


Hüseyn Tanrıverdi-Pur həmin günü hələ də ermənilərə qarşı dərin nifrətlə, hiddətlə xatırlayır... O vaxt Sumqayıtdakı Boru-prokat zavodunun oksigen sexində növbə rəisi vəzifəsində çalışan Hüseyn 3-cü mikrorayondakı evlərinin həyətinə yaxınlaşanda axşamlar qonşuların şahmat-domino oynadıqları stolun başına çoxlu adam yığışdığnı, stolun üstünə isə əvvəllər heç vaxt orda görmədiyi iri samovarın qoyulduğunu, süfrə açılaraq, ortalığa dolma-kabab düzüldüyünü uzaqdan görüb, təəccüblənmiş, heç nə anlaya bilməmişdi. İlk qarşısına çıxan 12-13 yaşlı erməni dığası Abodan nə baş verdiyini soruşduqda o, sevinclə demişdi ki, "bəs bilmirsən, Hüseyn dayı, Heydər Əliyevi Moskvada işdən çıxardıblar. Məhləmiz ona görə bayram edir..."


Bunu eşidən Hüseyn bəyin başına sanki o stolun üstündə "pıqqa-pıqla" qaynayan samovarın qaynar suyu töküldü. Bir andaca yumruğu ilə vurub, qaynar samovarı və stolun üstünə düzülmüş kabab və meyvələri, bütün qab-qacağı yerə aşırtdı. Erməni qonşuları onun bu hərəkətinin səbəbini çox yaxşı bilsələr də, sadəlövh və düşüncəsiz, burunlarından və qarınlarından uzağı görməyən azərbaycanlı qonşular heç nə başa düşməyərək, heyrətlə, təəccüblə Hüseynin bu gözlənilməz hərəkətinə baxıb, hərə bir tərəfdən onu sakitləşdirməyə çalışsalar da, o, qəzəblə erməni Yenokun üstünə cumdu. O isə özünü tülkülüyə vurub, "nə olub ey, Hüseyn müəllim?" dedikdə qayıtdı ki:


- Canınıza azar olub, erməni it uşağı! Heydər Əliyevin vəzifədən getməyini bayram edirsiniz?..


Və dözməyib, qəzəblə ermənicə bildiyi söyüşü tulladı onun murdar sifətinə: "Kunem vorot!". Bunu deyib, Yenoka yaxşı bir yumruq tolamazlayıb, yerə sərdi. Qonşular araya girməsəydi, çətin ki Yenok onun əlindən sağ-salamat qurtaracaqdı.


- Yığışdırın məclisinizi, alçaqlar, nanəciblər! Bunlara bax, sevinirlər, bayram edirlər, - sonra azərbaycanlı qonşulara dönüb, - bəs siz hara baxırsınız, a maymaqlar!? Bunlar ermənidirlər, kafirdirlər, Kremldəki yeganə azərbaycanlı Heydər Əliyevin vəzifədən getməsinə sevinib, bayram edirlər, siz də lal-dinməz, mal kimi bunlara qoşulmusunuz. Ayıb olsun sizə, sizin qeyrətinizə!..


Qonşulardan kimsə dillənib, cavab vermək istəsə də, "bu hənanın o hənadan olmadığını", Hüseynin haqlı olaraq qeyzləndiyini, özlərinin bir azərbaycanlı kimi böyük səhvə yol verdiklərini başa düşərək, tərs-tərs Yenoka baxıb, "yığışdır burdan zirt-zibilini" deyib, yerə aşmış samovara da bir təpik vurub, ordan aralandılar.


Hirsi hələ də soyumayan Hüseyn 3-cü mərtəbədəki evinə qalxsa da, sakitləşə bilmirdi. Zavodda işin çoxluğundan günorta da nahar edə bilməsə də, nə çaya, nə də yeməyə həvəsi vardı. Təkcə Azərbaycanda deyil, bütün Sovetlər İttifaqında öz dərin zəkası, işgüzarlığı, yüksək təşkilatçılığı, fenomen istedadı ilə böyük hörmət və nüfuz qazanmış Heydər Əliyevin ətrafı ermənilərdən ibarət olan satqın M.Qorbaçov tərəfindən şəxsi qısqanclıq zəminində və siyasi riyakarlıq, qərəzliklə gözlənilmədən SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsindən çıxarılması onu həddən artıq məyus etmiş, sarsıtmışdı. Həm də bu xəbərin ona erməni dığası tərəfindən sevinclə çatdırılması çox pis təsir ermişdi. Bir tərəfdən də o kafirlərin "öz içimizdə", bizim bəzi düşüncəsiz azərbaycanlılarla birgə bu bəd xəbəri bayram etmək istəməsi Hüseynin əsəblərini tamam pozmuşdu. Bir qədər sonra, nəhayət ki, stol arxasına keçib, bir tikə çörək yemək istəyirdi ki, qapının zəngi çalındı. Gələnin qonşulardan kiminsə olduğunu zənn etsə də, qarşısında iki nəfər milis işçisini (o vaxtlar hələ "polis" yox idi) görüb, məsələnin nə yerdə olduğunu dərhal anladı. Ermənilər ondan qisas almaq üçün Hüseynin milli ayrı-seçkilik etdiyi, Yenoku döydüyü barədə milisə məlumat vermişdilər.


- Hüseyn Tanrıverdi-Pur  sizsiniz? Bizimlə şöbəyə getməyiniz lazımdır.


Hüseyn, vəziyyətin ciddiləşməsindən həyəcan keçirən evdəkiləri sakitləşdirərək, narahat olmamağı tapşırıb, arxasınca gələnlərlə birgə aşağıda onları gözləyən milis maşınına tərəf gedəndə erməni Yenokun xainliklə, qisasçılıqla bu "mənzərəni" seyr etdiyini görüb, "tfu sizə, murdar millət" deyib, maşına oturdu.


Təbii ki, Sumqayıt şəhər Milis şöbəsinin 8-ci mikrorayonda yerləşən bölməsində  Hüseyni gül-çiçəklə qarşılamadılar. Bölmə rəisi, Azad adlı mayor "xuliqanlıq" edən Hüseynlə tanışlığa söyüşlə başladı:


- Ə, kopayoğlu, belə qudurmusan ki, qabağına çıxan adamı yıxıb yerə sərirsən?!. Uşaqlıqdan qürurlu olan Hüseyn bölmə rəisinin söyüşünü qəbul etmək istəməyərək, elə onun kimi kobudluqla cavab verdi:


-  Kopayoğlu mənə o sözü deyəndir - sənsən, bu - bir...


- Sən mənə "kopayoğlu" deyirsən? Yaxşı, baxarıq, görək kimdir "kopayoğlu"... Bəs, ikinci nədir?


"İkinci", lakin əsas məsələdə mayorun bir azərbaycanlı kimi onu başa düşərək, "günah"ından keçəcəyini düşünüb, dedi:


- İkincisi odur ki, o alçaq erməni Heydər Əliyevin vəzifədən çıxarılmasını toy-bayram etmək istəyirdi.


Ancaq Hüseynin gözlədiyinin əksinə olaraq, bölmə rəisi hiddətlə soruşdu ki, "Heydər Əliyev sənin nəyindir ki - əmindir, dayındır? Neyləyib sənin üşün ki, ona görə qonşunu yumruqlayıb döymüsən? Kim sənə ixtiyar verib? Belə qudurmusan?".


Bölmə rəisi olsa da, milli təəssübkeşliyi olmayan belə bir adamın qarşısında susmaq istəmədi:


- Heydər Əliyev mənə ali təhsil verib, zavodda iş verib, atama Lenin ordeni, medallar, Sumqayıtda üç otaqlı ev verib, məni də gənc mütəxəssis kimi mənzillə təmin eləyib. İqtisadiyyatı zəifləmiş, geridə qalmış respublikamızı inkişaf etdirən Heydər Əliyev olmadımı? Məgər bunlar azdır? Hələ heç SSRİ-də demirəm, bütün dünyada Azərbaycanı tanıtdırıb, Nəriman Nərimanovdan sonra ikinci azərbaycanlıdır ki, görkəmli bir dövlət xadimi kimi Kremlə qədər gedib çıxıb... Qorbaçovun başına yığışmış nə qədər erməni var orda, bizim isə son 50-60 ildə təkcə Heydər Əliyevimiz gedib çıxmışdı ora, onu da gözləri götürməyib, hiylə ilə Kremldən uzaqlaşdırdılar. Hələ çəkinmədən elə gözümüzün qabağındaca bunu bayram etmək istəyirdilər. Bəs mən neyləməliydim, onların başını sığallamalıydım?


- Bura bax, yaman dil-dil ötürsən ha... Bəlkə, ermənidir deyə ayağının altına salıb təpikləməliydin?


- İmkan vermədi qonşular, yoxsa...


- Yaxşı, eybi yoxdur, KPZ-də yatarsan, ağlın gələr başına soyuq kamerada. Onda görüm, necə dil-dil ötəcəksən? - deyə mayor hədə-qorxu gəldi.


...Bir saatlıq KPZ "həyatı"ndan sonra onu yenidən rəisin kabinetinə apardılar. Atası Hənifə kişini rəisin yanında görəndə Hüseyn ürəkləndi, məsələnin necə yekunlaşacağını anladı. Ancaq rəis minnət qoymağa, "istəyinə" nail olmağa çalışaraq, məsələni daha da tündləşdirmək fikrindəydi:


- Hənifə kişi, sən şəhərimizin ağsaqqalı, hörmətli-nüfuzlu bir adamsan, ancaq bilmirdim ki, sənin belə bir davakar, kobud oğlun var. Qanunsuzluğa yol verib, adam döydüyü azdır, hələ bir burda, milis bölməsində mənə də söyüb...


- Erməni niyə adam olur ki? - deyə Hənifə kişi tərs-tərs rəisə baxdı. - Necə söyüb sənə?


- Necəliyi var ki? Atama söyüb, mənə - milis rəisinə "kopayoğlu" deyib.


- Ata, söyməmişəm, mənə dediyini özünə qaytarmışam, - deyə Hüseyn "izah etməyə"  çalışdı.


- Lap yaxşı eləyib, - deyə Hənifə kişi gülə-gülə əlini döş cibinə atanda rəis də qeyri-ixtiyari qımışdı.


Atasının "səni burda döyməyiblər?" sualına cavab olaraq dedi ki, "yox, düzü, mənə əl qaldıran olmayıb". Bunu eşidən Hənifə kişi:


- Rəis, bax, sayıram, bəs olanda dayandırarsan, - deyib, qırmızı sovet "10-luq"larını bir-bir mayorun qarşısına düzdü. - 10, 20, 30... 80, 90, 100...


- Bəsdir, Hənifə kişi, bəsdir, - rəis razı halda "10-luq"ları götürüb, cəld siyirtməsinə atdı.


Hənifə kişi "gedə bilərik?" deyə, cavabı gözləmədən oğlunun qolundan tutub, onunla birgə kabinetdən çıxdı.


Hüseynin heç bir sutka da "yatmadığını" bilən erməni qonşusu bu dəfə respublika Daxili İşlər Nazirliyinə şikayət teleqramı göndərdi. Mayor Azadın bir yaxşı işi o oldu ki, Nazirliyə saxta rəsmi cavab göndərdi ki, "xırda xuliqanlıq hərəkətinə yol vermiş H. Tanrıverdi-Pur  5 sutka həbs edildikdən sonra evə buraxılmışdır".



***


H
ənifə kişi Cənubi Azərbaycandan gəlmiş azadlıq ruhlu, mərd, qeyrətli bir adam idi. O, hələ gənc yaşlarından İranda inqilabi-azadlıq hərəkatına qoşulmuş, Ərdəbildə, Təbrizdə gizli fəaliyyət göstərən Kommunist partiyasının üzvü olmuşdu. 1945-ci ildə İranda yaşayan azərbaycanlıların söz və dil azadlığı uğrunda mübarizə aparan görkəmli inqilabçı Seyid  Pişəvərinin rəhbərliyi ilə başlanan "21 Azər hərəkatı"nda fəal iştirak etmişdi.

 


Vikipediyadan:
  1905-ci ildə -13 yaşında İrandan Bakıya mühacirət edərək burda təhsil alan Seyid Pişəvəri (Mircəfər Cavadzadə) sonralar İranda milli-azadlıq hərəkatının rəhbəri, Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, dövlət xadimi olmuşdur. O, Bakıda xalqımızın görkəmli oğlu N.Nərimanovla və digərləri ilə yaxından tanış olmuşdu.


İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-
ci ilin may ayında İrana gedən Pişəvəri 1923-cü ilə qədər İsfahan şəhərində gizli fəaliyyət göstərir. Rza şah Pəhləvinin hakimiyyətə gəlməsi ilə 1930-cu ildə həbs olunur və 11 il həbsdə qalır. İkinci Dünya Müharibəsinin başlanması ilə Rza şah diktaturası yıxıldıqdan sonra Pişəvəri 1941-ci ilin sentyabr ayında həbsdən buraxılır və elə həmin ildə İran Xalq Partiyasının yaranmasında fəal iştirak edir.  1945-ci ilin oktyabrında o, Azərbaycan Demokrat Firqəsinin rəhbəri seçilir.  Dekabrın 12-də isə "21 Azər hərəkatı"nın qələbəsindən sonra İranda Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilir. Məhz həmin hökumətin qərarı ilə azərbaycanlıların ana dilində danışmalarına, yazıb-oxumalarına,  məktəblərdə ana dilində dərslərin keçirilməsinə nail olunur.


Görkəmli inqilabçı S.Pişəvəri həm də Rusiyanın Sosial-Demokrat Partiyasının üzvü, kommunist idi. O, 1947-ci
 il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdu. Məzarı Bakıda, Fəxri xiyabandadır.


H
ənifə Tanrıverdi-Pur da S.Pişəvərinin rəhbərliyi ilə 1946-cı ilin dekabrında Bakıya mühacirət etmiş Azərbaycan inqilabçılarından biri idi. Sonralar o, Ağdamda yurd-yuva salmış, rayonun 1 N-li üzümçülük sovxozunun adlı-sanlı briqadirlərindən biri olmuşdu. Heydər Əliyevlə də qabaqcıl bir üzümçü kimi Ağdamda, respublika rəhbərinin keçirdiyi zona müşavirələrinin birində tanış olmuşdu. Əmək adamına həmişə yüksək dəyər verən Ulu öndər həmyaşıdı, həm də kommunist olan Hənifə kişini üzümçülükdə qazandığı böyük uğurlara görə Lenin ordeni və medallarla təltif etmişdi. O, rayon Sovetinin deputatı seçilmiş, bir-çox respublika səviyyəli tədbirlərin iştirakçısı olmuşdu. Zəhmətkeş, qabaqcıl olmaqla yanaşı hər zaman sözün düzünü deyən, haqqın tərəfdarı olan, mərd, obyektiv adam kimi respublika rəhbərinin də, rayon camaatının da böyük hörmətini, nüfuzunu qazanmışdı.


Təsadüfi deyil ki, sonralar Ağdamdan Sumqayıta köçərkən Ulu öndərin göstərişi ilə Hənifə kişinin ailəsinə növbədən kənar 3 otaqlı mənzil verilmişdi. Elə oğlu Hüseyn də 1972-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutun inşaat fakültəsini bitirərək, təyinatla Sumqayıtın 1 N-li Tikinti Trestinin 12 N-li idarəsinə işləməyə göndərildikdən bir müddət sonra gənc mütəxəssis kimi mənzillə təmin edilmişdi. Buna görə də bu ailənin hər zaman yorulmadan  Azərbaycanın inkişafı, xalqın rifahı üçün çalışan Ulu öndərə böyük hörməti, məhəbbəti olub.


Tikinti İdarəsində, sonralar Sumqayıt Boru-prokat zavodunda çalışanda da Hüseyn müəllim ailəsinin Heydər Əliyevə olan məhəbbətini qəlbində daim yaşadıb. Və hələ Qarabağa erməni iddiaları başlamazdan əvvəl Sumqayıtda erməni həyasızlığına qarşı onun kəskin reaksiyası, barışmazlığı, Ulu öndərə görə nəinki ermənini döyməyə, hətta onun bütün nəslini məhv etməyə hazır olması heç də təsadüfi deyildi.


O baş tutmayan "erməni qonaqlığı"ndan sonra çox hadisələr baş verdi - daşnaklar Qarabağ iddiası ilə ayağa qalxdılar, elə özləri də Sumqayıt qırğınını, sonralar Bağanis-Ayrım, Qaradağlı, Xocalı, Qarakənd və digər faciələri törətdilər. Həmin dövrlərdə xalqımızın az qala öləziməkdə olan döyüşkən, mübariz ruhu Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda yenidən Azərbaycan hakimiyyətinə qayıdanda daha güclü şəkildə yenidən baş qaldırdı. Bütün xalqımızla birgə buna ürəkdən sevinən, bu tarixi qayıdışı bayram edənlərdən biri də Tanrıverdi-Pur ailəsi idi. Hənifə kişi Heydər Əliyev 1983-cü ildə Kremlə yüksək vəzifəyə gedəndə olduğu kimi, həmin günlərdə də bütün qonşuları, dost-tanışı başına yığıb, bayram süfrəsi açmışdı. Oğlu Hüseyn də atasının, bütün xalqımızın sevincinə qoşulub bayram edir və istər-istəməz 1987-ci ildə baş tutmağa imkan vermədiyi erməni "qonaqlığını" yada salıb, ulu Tanrıya dua edirdi ki, xalqımızın yeganə nicatı olaraq Heydər Əliyevi Azərbaycana yenidən, həm də böyük xilaskar kimi göndərmişdi.


Hüseyn müəllim bu gün də o böyük qayıdış gününü iftixarla xatırlayaraq, özünün də Heydər Əliyevçi kimi həmin illərdə yeni Azərbaycan, yeni quruculuq naminə əzmkarlıqla, fədakarlıqla çalışmasından məmnunluq hissi duyur. 90-cı illərin ortalarında onun istehsalatın dayanmaması naminə evə dönmədən 3 gün, 3 gecə zavodda qalıb, işə gələ bilməyən yoldaşlarının da əvəzində çalışması, bir dəfə isə gecə yarısı dalınca göndərilən maşınla zavoda gələrək, öz istedad və bacarığı ilə, həyatını təhlükədə qoyaraq baş verə biləcək ağır qəzanın qarşısını alması həm doğma Vətənə, həm də respublikanın müdrik rəhbəri Heydər Əliyevə olan böyük məhəbbətindən irəli gəlirdi.


Təsadüfi deyil ki, onun zavoddakı fədakarlığını unutmayan Sumqayıt rəhbərliyi 1997-ci ildə şəhər təsərrüfatının mühüm, lakin fəaliyyəti narazılıq doğuran sahələrinidən birini məhz Hüseyn Tanrıverdi-Pura tapşırmışdı. Həmin sahənin sonralar nümunəvi, qabaqcıl olmasına nail olan Hüseyn müəllim bu gün də şəhər təsərrüfatındakı yorulmaz fəaliyyəti ilə ölkə rəhbərinin Sumqayıtı dünyanın ən gözəl, ən qabaqcıl şəhərlərindən birinə çevirmək istəyi-arzusuna öz töhfəsini verməyə, Sumqayıtın abad, gözəl bir şəhər kimi inkişafında İcra başçısı Zakir Fərəcovun həyata keçirdiyi tədbirlərdə fəal iştirak etməyə çalışır. Əsl sumqayıtlı, sədaqətli Heydər Əliyevçi kimi!

 

Rəhman ORXAN,

respublikanın Əməkdar jurnalisti

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı