21 avqust 2018, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - Cavan Zeynallı: “İlhamə Quliyeva məni hədələyib “eybi yox, sənə göstərərəm” dedi” - MÜSAHİBƏ + VİDEO
Cavan Zeynallı: “İlhamə Quliyeva məni hədələyib “eybi yox, sənə göstərərəm” dedi” - MÜSAHİBƏ + VİDEO
26.07.2018, 13:55

“Köhnə həyat yoldaşımla tez-tez danışıram”


“Vaqif Mustafazadənin istedadı Əzizəyə keçməyib”

 

Azərbaycanın məşhur caz ifaçısı, əməkdar artist Cavan Zeynallı Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Cavan müəllim,  yaşınız 80-ə yaxınlaşır. Amma çox gümrah görünürsünüz.


- Bilirsiniz nəyə görə? Ona görə ki, ürəyim təmizdir. Həm də ürəyim gözəl Azərbaycan musiqiləri ilə doludur. Bu mənə güc verir. Hərdən mənə yaşımla bağlı suallar verirlər, adamlar maraqlanırlar.  Düşünürlər ki,  çox yaşı  olanlar bu gün-sabah gedəcək. Belə fikirlər çox təhlükəlidir. Ona görə yaş məsələsini nə soruşmaq , nə də demək lazımdır. Cavan həmişə cavandır.


- Dediniz gümrah görünməyinizin səbəbi  Azərbaycan musiqilərinə olan sevgidir. Yəqin başqa sevgi də var. Sənət adamlarının içində təbiətən hər zaman sevgi olur: xanımlara, təbiətə və sair.  İçinizdəki bu sevgini necə paylamısınız?


- Musiqiçi üçün əsas sevgi gərək musiqiyə olsun. Çünki musiqi elə bir janr, elə bir geniş aləmdir ki, sən mütləq onun  içində olmalısan. Əgər ona yüngül yanaşacaqsansa, onda musiqiçi deyilsən. Mən neçə il oxudum, işlədim. İndi də oxuyuram, çalıram, işləyirəm. Buna görə yaşımı da hiss etmirəm. Sanki 15 yaşındayam.


- Musiqi sevginiz çox dərindir. Bəs müasir Azərbaycan  musiqiləri özünü sizə sevdirə bilirmi?

- Mən çox musiqilər görmüşəm,  görürəm də. Müasir Azərbaycan musiqisi, müasir Rusiya, müasir Amerika musiqisi deyə bir şey yoxdur. Biz 18 ildir ki, yeni əsrdə yaşayırıq. Bütün yüksək səviyyəli bəstəkarlar batdılar,  heç kəs qalmadı.  Bugünkü musiqilərə müasir deyirsən? Amma musiqinin bu günü, sabahı yoxdur. Çünki ancaq 1970-80-cı illərdə, 2000-ci illərə kimi bəstələnən musiqilər qalıb. İndi bəstəkarlar yoxdur, musiqiçilər çox aşağı səviyyədədir. O cümlədən müəllimlər də yoxdur. Gərək yüksək səviyyədə müəllim olsun ki, tələbələrə nəsə öyrədə bilsin.



- Çox önəmli məsələyə  toxundunuz. Sovet zamanında bəstələnən musiqilər bu gün də bəyənilir, dillər əzbəridir. Amma 2018-ci ildə çıxan hər hansı mahnı bir il ərzində hit olsa da, ikinci il artıq unudulur. Bu mənada indiki musiqilərin yaşamamasında müğənniyə də pay düşürmü?


- İndi o qədər gənc müğənnilər televiziyalara çıxır, konsertlər verirlər, onların öz sponsorları var. Sponsorun olmasa,  hər nə qədər gözəl musiqiçi də olsan, konsert verə bilməyəcəksən.  Bax zəmanə belədir. Bu, musiqi üçün böyük zərbədir. Yəni əsl musiqi istedaddan doğur, sponsordan deyil. Mən cavanları görəndə sevinirəm. Amma düzünü, necə var deyəcəyəm. Məsələn, 1967-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil oldum. Həmin vaxtlar gözəl bəstəkarlar – Qara Qarayev, Cövdət Hacıyev, Telman Hacıyev,  Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu müəllimlik edirdilər. Mən onların içində idim. Musiqinin ən qaymaq vaxtlarında oxuyurdum.  Yəhudi, rus, azərbaycanlı müəllimlər görürdüm.  Əsas odur ki, beynəlxalq müəllimlər var idi. Məsələn, Moskva dahi bəstəkarımız  Qara Qarayevi  konservatoriyaya dəvət etmişdi, müəllimlik edirdi. Bəstəkar  ordan bir aylığa Azərbaycan konservatoriyasına gəlirdi. Təsəvvür edin ki, bu adam o qədər gözəl musiqi çalırdı ki. Həmçinin maraqlı  həmsöhbət idi.


- Sovet dövründən qalan mədəniyyət anlayışının bir qismi müstəqillik dövründə şou-biznes təsəvvürü ilə əvəzləndi. Şou-biznes mədəniyyətdirmi? Özünüzü şou-biznesdə hesab edirsinizmi?

- Bəli. Mən yaşayıram axı.


- Amma şou-biznesi bəyənmirsiniz?

- Şou ayrı şeydir. Şou Amerikadan gəldi. İndi  texnologiya var, hər şeyə baxmaq, hər şeyi bilmək olur. Amma siz cavansınız, nəyi axtarıb baxmaq lazım olduğunu bilmirsiniz. Gərək mənim kimi adam sizi yönləndirsin ki, şounun nə olduğunu görəsiniz. Şou gözəldir, lakin Azərbaycanda bu alınmır. Gərək illər keçsin ki, camaat, sənət adamları şounun nə olduğunu bilsinlər. Biri papaq  geyinir, eynək taxır  və  şoumen olduğunu deyir. İndi dəbdədir : DJ-lər qulaqlıq taxıb hərdən nəsə danışır ( jestlər və mimikalardan istifadə edərək  ingilis dilində cümlələr qurur) . Sən nə deyirsən axı? Heç kim başa düşmür. DJ bunu Amerikadan gətirdiyini göstərir. Onlardan biri ilə söhbət edən zaman  iki dəqiqədən sonra qaçdım. Musiqidən anlayışı sıfır idi. Ancaq cins geyinib, sizin kimi cavanlar onu alqışlayır, rəqs edirlər. Nə deyəsən? Belə zəmanədir də. Ya da düyməni basıb, Ceyms Braun və bunun kimi adamların kimliyindən xəbərsiz  mahnılar səsləndirirlər. Amma mən uşaqlıqdan Ceyms Braunun kim olduğunu bilirdim. Çünki biz onların disklərini, kasetlərini tapıb alırdıq. Hətta heç kəs görməsin deyə gizlədirdik.



- Dediniz Azərbaycanda şou-biznes formalaşmayıb, amma özünüz də şou-biznesin içindəsiniz. Özünüzü şou-biznesdən ayrı tutsaydınız, nə olardı?  Cavan Zeynallı necə olacaqdı?

- Məsələn, mən dahi  Rəşid Behbudovla işləyirdim. 1979-cu ildə  ona öz teatrını qurmağı təklif etdilər. Mənim 21 yaşım vardı, çox utancaq idim. O vaxt oxuyan bütün cavanlar utancaq , incə adamlar olub. Həmin vaxt inanmadım ki, Rəşid Behbudov mahnı teatrı açır, dedim yəqin kimsə mənimlə zarafat edir. Onun elə unikal səsi var idi ki, elə gözəl mahnılar oxuyurdu ki, bütün dünya onu sevirdi. (Rəşid Behbudovun  ifalarından birini səsləndirir)  İndi belə mahnı var? Yoxdur.


- Belə başa düşdüm ki, məcburən  şou-biznesdəsiniz.

- Həyat  davam edirsə, gərək mən də davam edim. Hərdən deyirəm ki, saçımı fərqli düzəldib bant vuracağam, cırıq şalvarla , cinslə “All right, mənim dostlarım, Cavan Zeynallı gəldi” deyəcəyəm. Amma alınmır. İndiki gənclərin fərqli stilləri var. Saçlarının bir tərəfini kəsirlər, bir tərəfini də uzun saxlayırlar.


- Sovet dövründə hər şeyə  güclü nəzarət var idi. Ancaq siz özünüz də geyimlə falan yenilik etdiniz. İndi niyə qəbul etmirsiniz yeniliyi?

- Çünki indi hər gün yenilik olur. Sən bu gün bunu edəcəksənsə, sabah artıq köhnələcək. Fərqli bir şeylər etməlisən. Çox maraqlıdır ki, 1970-cı illərdə Bakıda cins yox idi. O vaxt  Əlcəzairdən gələn tələbələrə ərəb dilində mahnı oxudum. Onlar “Canik, super oxudun, xətrin nə istəyir? Sənə gətirək” dedilər. Mən də cins gətirmələrini istədim. Amma biz  indiki kimi cinsi hər gün geyinməmişik. İldə bir dəfə istifadə edirdik. Mayın 1-də, ya da uzağı Yeni il axşamı geyinirdik.


- Köhnə nəsillə yeni nəsil arasında bir mübahisə var. Köhnə nəsil yeni nəsli bəyənmir, yenilər də köhnələri. Siz hansı mövqedəsiniz? Tam səmimi cavab verməyinizi istəyərdik.

- Mən sülh adamıyam. Televizorda , internetdə kifayət qədər müharibə xəbərləri görəndə özümü pis hiss edirəm. Camaatın  əylənməsini, gülməsini, musiqiyə qulaq asmasını istəyərdim. Amma indi bütün dünyanın qaynadığı zəmanəyə düşmüşük. Bəlkə də aqressiya buradan qaynaqlanır.



- Cavan müəllim, söhbət Azərbaycandan gedir. Köhnə və yeni nəslin qarşıdurmasında siz hansı mövqedəsiniz? Yeni nəsil necə olmalıdır?

- Qocaları da bəyənirəm, uşaqları da bəyənirəm. Heç kimi ayırmıram. İndi 21-ci əsrdir. Mən özüm müəlliməm. Mədəniyyət və İncəsənət Universitetində tələbələrim var. Onlarla  hər zaman ünsiyyətdə oluram, məni çox sevirlər. Bilirlər ki, Cavan sülh adamıdır. Əsl musiqiçinin  ola bilməz ki, o, ya bu xoşuna gəlməsin. Belə şeylər yoxdur. Çünki musiqi dərmandır, adamı çox mərhəmətli edir. Lakin musiqini gərək hiss edəsən. Siz Ağabəy Sultanovu eşitmisiniz?


- Bəli, keçmiş baş psixiatr.

- Allah ona qəni-qəni rəhmət etsin. Çox gözəl insan idi. Psixiatr gərək yaxşı olsun, xəstələrə qışqırmasın. O deyirdi ki, sən mənə oxşayırsan.


- Elə onu deyəcəkdik ki, bəzən efirdə onu görəndə sizinlə səhv salırdıq.

- (Gülür) Ağabəy tədbirlərinin birinə məni də çağırmışdı ki, fasilə vaxtı royalda Tofiq Quliyevin, Vaqif Mustafazadə, Emin Sabitoğlu kimi şəxslərin melodiyalarını çalım. Ağabəy  çıxış edən zaman  elə bir şey dedi ki, zarafat etdiyini düşündüm. “Mən baş psixiatram, adamları müalicə edirəm. Amma Cavan Zeynallı kimi müalicə edə bilmərəm” dedi. Sonra o  bildirdi ki, “Cavan müəllim musiqini elə çalacaq ki, yerində oturanlar dərhal durub rəqs edəcəklər. Musiqi ilə çox adam müalicə olunur”. Mənə çox adam deyirdi ki, sən royalda çalanda biz uçmağa başlayırıq. Bu  da həmin şeydir. Yəni hər adamın öz sevimli melodiyası var.
 İki həftə bundan qabaq yenə royal arxasında oturub çalırdım, bir qadının ağladığını gördüm. Siz bilirsiniz, bu ağlamaq həmin o müalicədir. Gedib apteklərə 150 manat verib dərman alırlar. 2 gün yaxşı olandan sonra yenə özünüzü pis hiss etməyə başlayırsınız. Adə, bu pulsuz melodiyadır, qiymətsiz şeydir. Amma adam gərək onu  hiss eləsin.


- Bəs özünüz kədərlənəndə ya da düşünəndə hansısa musiqiyə qulaq asırsınız? Cavan Zeynallının ruhunu hansı musiqi müalicə edir?

- Mən cazmenəm də. 



- Ancaq caza qulaq asırsınız?

- Vaqif Mustafazadə, Rafiq Babayev, Tofiq Quliyev – Azərbaycanda çox cazmen var. Mən  elə hiss edirəm ki, onlar çıxıb getmək üçün bir-birilə danışıblar.


- Hər halda insan eşqə düşəndə caza qulaq asmaz.

- Caz cürbəcürdür. Eləsi var sevgidən bəhs edir. Lirika, ürək cazı var. Ya da elə caz var ki, bizimkilər çalmağa başlayanda adam qaçır. Məsələn, onlar nə çalmaq lazım olduğunu bilmir. Bəzən konsertdə oxuduğun mahnıdan asılı olmayaraq kamera çəkəndə tamaşaçılar alqışlamağa, rəqs etməyə başlayırlar, kamera uzaqlaşan kimi sakitləşirlər.  Bu nədir?


- Belə başa düşdüm ki, cazdan başqa heç nəyə qulaq asmırsınız.

- Klassikaya qulaq asıram.


- Bəs muğam?

- Ona da qulaq asıram, amma çox yox. Çünki muğam geniş musiqidir. Nəyə görə Vaqif  Mustafazadə cazla muğamı sintez etdi? Mən həmişə onu diqqətlə izləyirdim. Vaqif cazı sevirdi, Amerika cazı çalırdı. O, adamlara da baxırdı və görürdü ki, onlara Amerika cazı çatmır. Bu zaman ortada muğam çalmağa başladı. Amerika cazı hara muğam hara? Muğamı eşidən dinləyicilər ayıldı. Vaqif  mənə gözlə işarə etdi və yenə caz çalmaqda davam etdi, tamaşaçılar  təzədən  əvvəlki vəziyyətə qayıtdı. Amerika cazını çoxu başa düşmürdü,  necə deyərlər, həmin zövq formalaşmamışdı. Hələ o vaxtlarda belə idi. Vaqifin anası Zivər xanım 1 nömrəli musiqi məktəbində müəllim kimi çalışırdı. Tələbələri evinə gəlirdi. Vaqif çox unikal insan idi, məni çox sevirdi. Həmişə xahiş edirdi ki, royal arxasında oturub çalım. Hardansa eşitmişdi ki, Cavan hərdən çalır. O mənə “Canik, bir musiqi çal da” deyirdi. Amma onun yanında çalmaq düzgün deyildi. Çünki o, unikal pianoçu idi. Məsələn, dostlarla oturub danışırdıq. Vaqif də bizimlə birlikdə... Uzaqdan musiqi səsi gəlir. Vaqif bizimlə danışa-danışa sən demə, həmin musiqini beyninə həkk edirdi. Mən həmişə ona deyirdim ki, sənin beyninin içində maqnitafon var, bu, Allah vergisidir. Danışmağımıza rəğmən uzaqdan eşitdiyi bütün melodiyaları çala bilirdi. Ona görə Vaqif Mustafazadə dünyada yeganə caz-pianoçudur. Amerikalılar  öz musiqilərini çalırdılar, axı muğamı bilmirlər.  Ancaq Vaqif onların da, bizim də musiqilərimizə bələd idi. Çox maraqlıdır ki, o çalanda bığları yuxarı-aşağı gedirdi. Adə, bu neyləyir? Bunu necə edirdi? Onun heç xəbəri yox idi ki, çalanda bığları elə olurdu. Yəni Vaqif çalanda hiss edirdi. Vaqif caz ifa edəndə ekstaza girirdi, ona görə özündən asılı olmadan bığları aşağı-yuxarı gedirdi.



- Azərbaycan mədəniyyətinin böyük bir hissəsi sovet dövrünə düşür. Siz də  sovet dövrünün yetirməsisiniz. Sovet nostalgiyası ilə çoxmu yaşayırsınız? O dövrlərin geri qayıtmasını istəyərdinizmi?

-  Siz bilirsiniz, SSRİ 70 il yaşadı. Təsəvvür edin, biz öyrəşmişdik. Məsələn, “Qaya”  ansamlında işləyirdim. 20 il orda çalışdım. Bu heç də az vaxt deyil. O vaxtlar  fikir vermirdik.  Necə olurdu ki, “Qaya” ansamblı  həmişə qastrollarda olurdu?! Almaniya, Fransa, Vyetnam, Əfqanıstan, Bolqarıstan – hara istəyirsən getmişik. Sovet  dövründə çox konsert verirdik, demək olar ki, hər gün. Bizim planımıza əsasən, hər ay 38 konsert verməli idik. Onda maaşımız  yaxşı olurdu. Nə demək istəyirəm? Yəni bu planlar sovet dövründə olmuşdu. Planla konsertlər verirdik, ölkəbəölkə gəzirdik. Sovet dağıldı, plan yoxdur, qastrol yoxdur, konsert yoxdur... Heç nə yoxdur. Necə istəyirsən, yaşa. İstəyirsən  toylara get. Sovet vaxtı isə  biz işləyirdik, maaş alırdıq.


- O vaxt dolanışığınız yaxşı idi yoxsa indi?


- Onda konsertlər verəndə sevinirdik. Amma indi məni çağırırlar və “gəlin yarım saat çalın, nə verək sizə?” deyirlər. Qarşılığında “mənə heç nə lazım deyil, oturub sizin üçün çalaram” - deyə bildirirəm. Musiqini bizneslə bərabər tutmaq olmaz. Musiqi ayrı, biznes ayrı. Musiqi Allahın yanındadır, orda biznes yoxdur. Hərdən belə deyəndə “Cavan nə danışır? Başa düşmürük” deyirlər.


- SSRİ dağılanda çoxmu heyfsləndiniz?


- Yox. SSRİ-nin mənfi tərəfləri də var idi. Sərhəd bağlıydı. Hərbçilər dayanırdılar, xaricə getməyə qoymurdular. Sovet dağıldı, hamısı açıldı. Mən həyat yoldaşımla Nyu-Yorka getdim. Amma inanmırdım ki, bu nə zamansa ola bilər. Sona kimi arxaya baxırdım ki, yəqin qayıdacağam. Ya da  İstanbulda işləyəndə bir-iki addım yeriyirdim, tez arxaya baxırdım. Bu artıq mənim qanımda idi. Elə bilirdim ki, izlənilirəm. Bir il orda çalışdım. Lakin həmişə  kimsə məni güdürmü  kimi şübhələrim olurdu. Halbuki, heç kəs yox idi. Bax, sovetlərdən beynimizdə bu düşüncə qaldı.


- Bəzi insanlar, əsas da sənət adamları hələ də rus dilində danışırlar, Azərbaycan dilində fikirlərini yaxşı ifadə edə bilmirlər. Siz  rus dilində, ya öz dilimizdə düşünürsünüz?

- Mən rusca ayrı cür danışıram. Azərbaycan dilinə artıq öyrəşmişəm. Çünki  müstəqillik qazanandan, üçrəngli bayrağımızı görəndən sonra  hamı öz dilində danışmaq istəyirdi. Amma o vaxtlarda  Bakıda hamı rus dilində danışırdı. “Ay uşaqlar, sabahınız xeyir” deyəndə “Alə, sən dəli olmusan? O nə deməkdi”  cavabı alırdın. Məhəllə uşaqları ilə birlikdə – Rafiq, Tələt, Nazim, Jenya, Azik – Moskvaya getmişdik. Onda danışmışdıq ki, ancaq Azərbaycan dilində ünsiyyət quracağıq. Bir az danışandan sonra istər-istəməz rus dilinə keçirdik. Amma bu o demək deyildi ki, sən Azərbaycanı sevmirsən. Yox! Bəzi adamlar “yekə kişisən alə, öz dilində danış” deyirlər. Axı sən uşaqlıqdan öyrəşmisən. Mən gözümü açandan rus dili görmüşəm. İndi Azərbaycan müstəqildir.



- Məktəblərimizdə rus bölmələri var. Amma bəziləri bunun olmasını istəmirlər.


- “Tolerant” sözü var. Bizim ölkəmizdə bütün millətlər yaşayıb işləyə bilirlər.  Bizim bədnam qonşularımız ancaq öz dillərində danışırlar, rus dilini bilmirlər. Belə olan halda, ay ermənilər, siz istəyirsiniz ki, rus gəlib sizə kömək etsin? Mən siyasətdən uzağam. Amma reallıq budur.


- Biz Alim Qasımovdan, Rəmişdən müsahibə almışıq. Üçünüzü birləşdirən bir cəhət var. Hər üçünüz müsahibədən öncə dediniz ki, həyat yoldaşınızla razılaşdırmalısınız. Niyə sənət adamlarının  həyat yoldaşları müsahibələri və bunun kimi  başqa işləri tənzimləyir?


- Bəzi adamlar danışmağı sevmirlər.  Xüsusilə indiki zəmanədə insanlar danışmaqdan çəkinirlər. Mənə fikir verməyin, mən ayrı adamam. Mən musiqiçiyəm, özüm işləyirəm, özüm çalıram, özüm də danışıram. Xanımım Röya indi işdədir. Yazıq neyləsin, 5-ə kimi işləyir. Mən də cavanlarla görüşürəm, danışmalıyam. Alim Qasımovla Rəmiş də yəqin danışmağı sevmirlər.


- Bildiyimizə görə, siz ikinci dəfə evlənmisiniz. Birinci evliliyiniz haqqında məlumat əldə edə bilmədik.

- 1972-ci ildə Konservatoriyanı bitirdim, əsgərlikdən sonra Moskvaya getdim. O vaxt orda yaşamaq dəbdə idi.  76-c ilə kimi orda yaşadım. Sonra gördüm ki, yox e, bunlar hər gün içirlər. Mən oxuyanam, əgər onlar kimi içsəydim, səsim batardı. Musiqiçiyə siqaret çəkmək, içmək olmaz. Onlar deyirdilər ki, sən burda yaşaya bilməzsən. Moskvada işlədim, yaxşı da qazandım. Müslim Maqomayevlə də konsert verdik. Həmin vaxt yaxşı, ciddi bir qadın tapdım. Özü bakılı olsa da,  anası Moskvadan idi. Onunla danışdıq ki, bir yerdə yaşayarıq. Evi var idi, imkanlı idi. Sonra bunun da  içməyə başladığını gördüm. Adı Nazilə idi. Ona Naza deyirdik. “Mən içənlərdən qaçıram, indi sən evə gətirmisən onu” deyirdim. O da içkinin hərdən lazım olduğunu bildirirdi. 3-4 il keçəndən sonra Moskvanı tərk elədim. Nazaya Bakıya gəlməyi təklif etsəm də, istəmədi.


- Bir qızınız da olmalıdır.

- Bəli. Onlar Finlandiyaya gediblər. Naza məndən sonra özündən bir az yaşlı olan adamla həyat qurdu.  Həmin adamın Finlandiyada evi var. Ona görə də Naza Moskvada, Finlandiyada olur.



- Naza xanımla ayrılandan sonra danışmısınızmı?

- Hərdən telefonla danışırıq.


- Bəs görüşmüsünüz?

- Moskvaya gedəndə görüşmüşəm. 2001-ci ildə getdim, telefonla zəngləşdik, məni evinə çağırdı. Əri Finlandiyada idi. Həyat niyə belə oldu? Niyə bu qədər içirlər bilmirəm. Bəsdir də, belə olmaz axı... Mənim atam- Zeynallı Mirzə Məmməd-  məktəb direktoru idi, çox hörmətli adam idi. O, ömründə  bir qurtum pivə bilmədi nədi. Araqdan söhbət getmir e, hələ pivədən gedir...Ya da siqaret çəkməyib. Bu, mənim üçün nümunə olub.


- Bəs keçmiş həyat yoldaşınızla görüşəndə Röya xanım sizi qısqanmır?

- Yox. O mənim ürəyimi bilir. Özü də çox ağıllı qadındır. Mənə dedi ki, bəlkə qalasan orda. Mən də “elə söhbət aparma” deyirəm. Biz Bakıda yaşayırıq. Hələ prezidentimiz bizə ev bağışlayıb. Mehriban xanım, Arif  Paşayev mənim sənətimi başa düşüblər. Mən axı orda işləyirəm. Arif Paşayevin yanında musiqi rəhbəriyəm. Konsert də veririk. Onlar məni çox sevirlər, mənim üçün özəl royal  almışdılar. Mehriban xanım dedi ki, bu royalda ancaq Cavan çalsın, heç kimi qoymayın. Bir dəfə onun üçün “Romeo və Cülyetta” çaldım. Gördüm ki, gözləri yaşardı. “Sən elə melodiya çalmısan ki.. Uşaqlıqdan bu melodiyanı sevirdim. Onu ancaq sən çaldın” dedi. Mən bilməyə-bilməyə bu melodiyanı çaldım.


- Yeri gəlmişkən, başqa məmur, deputat dostlarınız varmı?

- Adə, hamı mənim dostlarımdı.


- Hansı nazirə və ya deputata yaxınsınız?

- Məsələn, səhiyyə nazirimiz, mədəniyyət nazirimizə yaxınam.  Onlar hamısı mənim dostlarımdır. Çünki məni sevirlər, hara gedirəm qapıları üzümə açıqdır.


- Hər halda elitar təbəqə  məclislərində caz musiqisinin səslənməsini istəyərlər. Hansısa məmurun, deputatın yaxınlarının toyunda caz ifa etmisinizmi?

-  Əgər  dəvət etsələr, iştirak edərəm. Hərdən onlar utanırlar ki, bəlkə Cavan indi ayrı yerdədir. Olur da, bilmirlər axı .Hörmətli adamlar cazı bilirlər. Ümumiyyətlə cazı başa düşmək istəyən adamlar azdı.



- Səhv etmiriksə, KVN sizi parodiya etmişdi. İnciməmişdiniz?

- (Gülür) Bəli, Murad Dadaşov. Heç incimək olmamışdı. Sadəcə mənim incidiyim bir məsələ  var idi. Konsertə məni dəvət etməmişdilər. Əgər siz məni parodiya edirsinizsə, gərək çağıraydınız ki, zalda oturum baxım.  Murad  parodiya zamanı “Tı moy radnoy” cümləsindən istifadə etmişdi. Konsertlər qurtarandan sonra şəhərdə gəzəndə qızlar, cavanlar məni görən kimi “Tı moy radnoy” deyirdilər. Alə, bu nədi?  Mənəm sənin əzizin? (gülür) Hara gedirdimsə, qızlar bu cümlə ilə mənə yaxınlaşırdı. Sən demə, bunlar konsertlərdə  olmuşdular. Murad  “Tı moy radnoy”u elə şirin deyib ki, bunlar  o sözü tutublar. Düzdür, bu mənim sözümdür, amma elə də çox istifadə etmirdim.


- Bildiyimizə görə, siz özünüz də parodiya etmisiniz. Məsələn, Müslüm Maqomayevi.

- Müslüm mənim dostum idi və çox gözəl ifaçı idi. Ona böyük sevgim var. Bəzən onun kimi oxuyurdum. Səsim bir az Müslümün səsinə oxşayırdı. Məndə də baritondu, onda da. (Müslüm Maqomayevin  “Azərbaycan” mahnısını səsləndirir) Sonra  gördüm ki, onun kimi oxumaq olmaz. Çünki Müslüm elə Müslümdü. Mən konservatoriyada operanı oxuyurdum. O vaxt caz  belə deyildi. Lakin  hiss etdim ki, mənim səsim Frank Sinatra kimidir. Onun mahnılarını oxuyanda gördüm ki, səsimiz  üst-üstə düşür. Axtarışda idim və özümü tapdım. Hərdən televiziyada  mən oxuduğum köhnə  videoları verirlər. Bax orda Müslüm kimi  ifa edirəm.


- İndi gənc qadın müğənnilər performans göstərərkən açıq-saçıqlığa üstünlük verirlər. Konsert vermək  və ya tamaşaçı toplamaq üçün soyunmaq şərtdimi?

- Bilirsiniz, bu şoudur da.


- Bəs Aygün Kazımovanı bəyənirsinizmi?

- O mənim dostumdur. Biz Aygünlə  birlikdə çox oxumuşuq, konsertlərdə iştirak etmişik. Məndə dostluq var. İndi tənqid edirlər,  sosial şəbəkələrdə onu biabır  edirlər. Bu, mənim  xoşuma gəlmir. Hər bir adamda gərək mərhəmət olsun. Olmaz e belə... İndiki zəmanədə cavanlar hamısı aqressivdirlər.


- Aygün Kazımova ilə bağlı maraqlı xatirəniz varmı?

-  Mən onunla bir duet oxumuşam.


- Onu bilirik. Bizim bilmədiyimiz nəsə varmı?

- Yox, sadəcə “salam-sağ ol” olub. Mən ünsiyyətdə  çox yaxın olan adam deyiləm. İş olanda görüşürük.


- Son vaxtlar sənət dünyasında da tək qalan xanımlar var. Sizə heç yaxınlaşan olubmu?

- Yaxınlaşırlar.


- Eşq mənasında?

-  O mənada yox. Mən evli adamam. Cavanlıqda olmuşdu. Adə bəsdirin də.. (gülür) Əlbəttə, mən sərbəst olsaydım, bəlkə də gic-gic şeylər edərdim.


- Cavan müəllim, yəqin izləmisiniz Zeynəb Xanlarova və Flora Kərimova arasındakı mübahisələri. Sosial şəbəkələrdə mütəmadi olaraq müzakirə edilir. Biri Zeynəb xanımın səsinin yaxşı olduğunu deyir, digəri Flora Kərimovanın. Siz necə düşünürsünüz? Səs olaraq hansı daha yaxşıdır?

- Hər oxuyanın öz səsi olur. Bəzi oxuyanlar hamının onun kimi oxumasını istəyirlər. Bu, düzgün deyil. Hər oxuyanın öz manerası, mahnıları, söhbətləri var. Biz onların arasındakı mübahisəni haradan bilək ki... Rəhmətlik İlhamə Quliyeva adamları çox söyürdü.  Hər dəfə baxanda  “Adə, bu nöş belə eliyir” deyirdim.  Baxırsan ki, İlhamə Quliyevada hər şey var idi. Yaxşı mahnılar oxuyurdu, məşhur idi, hamı onu tanıyırdı. Amma həmişə söyürdü.



- İlhamə Quliyevanın toruna siz də düşmüşdünüz?

- Olmuşdu. Bir dəfə o mənə zəng edib “İndi sizə ANS-dən zəng edəcəklər, soruşacaqlar ki, bir nömrəli oxuyan kimdir. Sən bilirsən də, kimi deyəcəksən?” -, söylədi. Bu hadisə təxminən 1992-ci ildə olmuşdu. Biz əvvəllər bir yerdə oturub yeyib-içmişdik, ünsiyyətimiz çox olmuşdu. Amma İlhamə xanımda bu xasiyyət var idi. Sanki bu olanları unutmuşdu, mənə əmr edirdi. Ondan bir saat qabaq ANS-dən zəng edib mövqeyimi öyrənmişdilər. Bir nömrəli oxuyanın kim olduğunu soruşub israrla bir nəfərin adını çəkməyimi istədilər. Mən də Zeynəb Xanlarovanın adını çəkdim. Sən demə, İlhamə də öz adını deməyim üçün zəng etmişdi. Amma “sən artıq gecikmisən, Zeynəb Xanlarovanın adını  demişəm” söylədim. İlhamə əsəbiləşib “Sən beləsən, eybi yox, mən sənə göstərərəm. Mənim yanıma gəlmə, mənimlə danışma” dedi. Mən də yola verənəm. Bir müddət keçdi. Tədbirlərin birində həyat yoldaşımla getmişdim. İlhamə də orda idi. Röya “İlhamə xanıma başa sal. Bəs sən gecikmişdin, səndən bir saat qabaq zəng etmişdilər” deyib  məndən xahiş etdi ki, ona yaxınlaşım, danışım. Mən İlhaməyə tərəf gedib salamlaşdım. Amma o qarşılığında  “Nə var gəldin? Get, Zeynəb Xanlarova ilə duet oxu” dedi. Özü də bütün adamların içində. Röyaya dedim ki, mən  salamlaşmaq istəmirdim, sənə görə getdim, yedim öz payımı.


- İlhamə xanım sizdən küsülü getdi bu dünyadan?

- Bəli.


- Yasına getmişdinizmi?

- Yox. O hadisədən sonra İlhaməylə  heç danışmamışam da. Bir dəfə məni “Avropa” otelində gördü, dedi ki, sənin həyat yoldaşın “padval”dadı. Yəni demək istəyirdi ki, Röyanı həbs ediblər. Məkanda musiqi çalınırdı deyə  nə dediyini tam başa düşmürdüm.  Bununla belə onun dediyi məni düşündürdü. Bilirsiniz, Röya maşın sürürdü.  Dedim birdən nəsə olar, polisə düşər. Qorxdum, ağlıma cürbəcür fikirlər gəldi.


- Niyə elə dedi?

- Anormal idi də. Mən cəld həyat yoldaşıma zəng edib evdə olub-olmadığını soruşdum. Röya evdəydi. İlhamə belə adamıydı da... Psixoloji problemləri var idi. O  çox qəzəbli idi, hamını öldürmək istəyirdi. Axırda özü də öldü. İlhamənin oğlu yaxşı, yazıq idi. Ancaq sən demə, narkotik istifadəçisi imiş. Polis onu tutanda İlhamə yanına gedib orda həyasızlıq etməyə başladı.  Polis İlhamə Quliyevadan qorxurdu.



- Cavan müəllim, siz sənətin içindəsiniz. Maraqlıdır, polis niyə İlhamə xanımdan qorxurdu? Kim onu himayə edirdi ki?

- Vallah, onu heç bilmirəm.


- Əzizə Mustafazadədən hələ də inciksiniz?

- Onlar çox soyuq adamdılar. Vaqif rəhmətə gedəndə mən onlara  diqqət göstərirdim. Çünki atasız, yoldaşsız qalmışdılar.  Bazara gedib onlar üçün  ət, toyuq, başqa məhsullar alıb  gətirirdim. Mənə “ən sevimli insanımızsan” deyirdilər. Elə ki, Almaniyaya getdilər, nə zəng etdilər, nə də axtardılar. 3 il keçəndən sonra Əzizənin anası Elza zəng etdi ki, Bakıya gəlib. Sən demə, “Qaya” ansamblından təqaüd ala bilib-bilməyəcəyini  öyrənmək istəyirdi. Onun da adı ansamblda idi.   Həmin vaxt görüşüb söhbətləşdik, ondan sonra heç əlaqəmiz olmadı. 25 ildir ki, bir zəng yoxdu.  Bilirsiniz, Vaqifin həyat yoldaşı gürcü idi. Vaqif həmişə onu söyürdü. Gürcülər ayrı adamlardı axı.


- Bəs niyə evlənmişdi?

- Bilmirdi də. Vaqif caz çalırdı, Elza da orda oxuyurdu. Evləndilər, uşaq oldu. Elza 20 yaşında gözəl, ağappaq qız idi.  Belə olur da...Vaqif sevirdi. Amma onlar soyuqqanlıdırlar. Elçibəy onlara ev vermişdi.  Bir dəfə onların evinə getdim, gördüm Əzizə Mustafazadə royalda ifa edir. Özü də royalın dillərinə bərk vururdu. Mən “Əzizə, sən niyə ona elə bərk vurursan”- dedim. O isə “Mənim atam ölüb, ona görə də royalın dilini belə bərk vururam”- dedi. Mən “atan ölsə belə, royalın dillərinə acıqlı vurmaq lazım deyil. Vaqifin ruhu səni bağışlamaz” - dedim.  Əzizə indi də elə ifa edir. Atası baxmayaraq ki, kişi idi, elə yumşaq, şirin çalırdı ki.. Vaqifin istedadı  Əzizəyə keçməyib. Arada belə olur da...  Əzizə bəzən konsert verir, hamı əl çalır, qışqırır. Mən eşidirəm hamısını.  Bunu görəndə  “Alə, siz kimə əl çalırsınız? Bu çalmaqdı?” - deyirəm. Vaqifin də  Əzizənin çalmağından xoşu gəlmirdi. Sağ olanda ona dəfələrlə deyib ki, royalın dillərinə vurma. Amma sabah Əzizə bura konsert verməyə gələndə, elə hay-küy olacaq ki... İnsanlar onun nə çaldığını, necə çaldığını eşitmirlər.




Aqşin KƏRİMOV

Günay RƏSULQIZI


VIDEO
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hüquq müdafiəçisi olan qadının başını kəsdilər
21.08.2018, 21:36

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ
21.08.2018, 21:22

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ

Ölkədəki qoyunların sayı açıqlandı
21.08.2018, 21:13

Ölkədəki qoyunların sayı açıqlandı

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım
21.08.2018, 21:00

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib
21.08.2018, 20:57

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycana 191 ölkədən gələnlər var
21.08.2018, 20:43

Azərbaycana 191 ölkədən gələnlər var

Sumqayıtda oğul 82 yaşlı atasını döydü
21.08.2018, 20:28

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ
21.08.2018, 20:14

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21.08.2018, 17:56

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb
21.08.2018, 17:50

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

Lavrov sanksiyalardan danışdı
21.08.2018, 17:40

Lavrov sanksiyalardan danışdı

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ
21.08.2018, 17:35

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ

Nazir rektorla görüşdü
21.08.2018, 17:24

Nazir rektorla görüşdü

Azercell beynəlxalq qurumların diqqətində   
21.08.2018, 17:21

Azercell beynəlxalq qurumların diqqətində  

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
21.08.2018, 17:17

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR
21.08.2018, 17:12

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR

Döyüş təyyarəsi quşla toqquşdu
21.08.2018, 17:09

Döyüş təyyarəsi quşla toqquşdu

Hindistanda 1 milyon insan təxliyə olundu
21.08.2018, 17:07

Hindistanda 1 milyon insan təxliyə olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.08.2018, 17:02

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır
21.08.2018, 16:38

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ
21.08.2018, 16:33

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ

Yarmarkalar bu gündən fəaliyyətə başlayır
21.08.2018, 16:24

Yarmarkalar bu gündən fəaliyyətə başlayır

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək   
21.08.2018, 16:23

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək  

ARXİV