Modern.az

“İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi”

“İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi”

Aktual

13 Avqust 2018, 12:30

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa çıxıb.  Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

 

Qərara əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub. 

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlaması zamanı deyib ki, bununla bağlı  bir azdan  detallar bəlli olacaq:

“Bundan sonra rəsmi açıqlamamız da olacaq. Uzun bir qərardır. Amma  əsas odur ki, İlqar Məmmədov artıq azad ediləcək, ailəsinin, dostlarının yanında olacaq. Biz bəraət alınana  kimi hüquqi prosedurları davam etdirəcəyik. Çünki İlqar Məmmədovun  heç bir  günahı yoxdur, bunu hamı bilir. O, bəraət almalıdır və tamamilə məhkumluqdan, cəzadan azad olmalıdır. Təbii ki, son illərin ən xoş xəbəri oldu. Ümid edirəm ki,  tezliklə İlqar Məmmədov  özü mətbuatla əlaqə saxlayıb açıqlamalar verəcək”.

 

N.Cəfərli qeyd edib ki,  İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi:

“Əslində İlqarın azadlığa çıxacağı ilə bağlı ümidlər var idi. Avropa İnsan Hüquqları üzrə  məhkəməsinin də  iki qərarının yerinə yetirilməsi istiqamətində Azərbaycan üçün  şərtlər qoyulmuşdu. Təbii ki,  İlqar Məmmədovun bu gün azadlığa çıxacağını gözləmirdik. Yaxın günlərdə olacağına ümidlər var idi”.

 

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü