Modern.az

Abel Məhərrəmov Murtuz Ələsgərovdan YAZDI

Abel Məhərrəmov Murtuz Ələsgərovdan YAZDI

Ədəbi̇yyat

2 Oktyabr 2018, 08:35
Bu gün Bakı Dövlət Universitetində görkəmli dövlət xadimi, xalqına sədaqətlə xidmət etmiş dəyərli insan, böyük ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı, professor Murtuz Nəcəf oğlu Ələsgərovun 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans işinə başlayır. Universitetimizdə artıq ənənə formalaşmışdır: böyük xidmətlər göstərmiş görkəmli ziyalıların əziz xatirəsi hər zaman yüksək tutulur. Bu baxımdan görkəmli şəxsiyyət, beynəlxalq səviyyədə tanınmış ictimai-siyasi xadim Murtuz Nəcəf oğlu Ələsgərovun unudulmaz xidmətlərini yaddaşlarda əbədiləşdirmək üçün bir sıra işlər görülmüşdür. Professor Murtuz Ələsgərov adına adlı təqaüd təsis edilmiş, yaratdığı və uzun illər rəhbərlik etdiyi kafedranın qarşısında barelyefi vurulmuşdur. Bugünkü tədbir onun xatirəsinə böyük ehtiramımızın daha bir təsdiqidir. Bu yubiley tədbiri müxtəlif yerlərdə keçirilə bilərdi, onun universitetdə keçirilməsi isə çox qanunauyğun bir haldır. Hər sahədə öncül olmağı bacaran Murtuz Ələsgərov 1945-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, ən yaxşı tələbə kimi seçilmiş, 1950-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmiş və tələbəlikdən rektorluğa kimi şərəfli bir yol keçərək 67 il bu universitetlə bilavasitə bağlı olmuşdur. Murtuz müəllim 1957-ci ildə 29 yaşında Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir, 8 il həmin kafedraya rəhbərlik edir, 1965-ci ildə isə Dövlət hüququ kafedrasını yaradır və ömrünün sonuna qədər - 47 il bu şərəfli işini uğurla davam etdirir. Yeri gəlmişkən qeyd edim ki, Murtuz müəllim beynəlxalq hüquq sahəsində həm ilk elmlər namizədi (1953-cü il), həm də ilk elmlər doktoru (1968-ci il), professor olmuş azərbaycanlıdır.
Artıq 1960-ci illərdə Murtuz Ələsgərov həm respublikamızda, həm də onun hüdudlarından kənarda görkəmli hüquqşünas-alim, fəal ictimai-siyasi xadim kimi tanınırdı. Onu Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi, "Qitələr və hadisələr”, "Planetimizin mənzərəsi” proqramlarının yaradıcısı və aparıcısı kimi tanıyırdıq. Murtuz müəllimin dünya hadisələrinə dair maraqlı, elmi təhlillə zəngin verilişlərini yaxşı xatırlayırıq.

Murtuz Ələsgərov 1968-ci ildə "Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyası işini uğurla müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 1969-cu ildə isə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilmişdir. Murtuz müəllim o dövrlər gənc milli alimlərin kafedraya cəlb edilməsi istiqamətində dayanmadan çalışır, onların elmi nəşrlərinin nəinki ittifaq, həmçinin xarici dövlətlər çərçivəsində çap edilməsinə ciddi yardım göstərirdi. 1970-ci illərin əvvəllərində onun rəhbərliyi ilə kafedrada "Dövlət, idarəçilik və hüququn inkişaf qanunauyğunluqları”, "Müasir beynəlxalq hüququn ümumi problemləri” və s. istiqamətində ciddi elmi araşdırmalar aparılırdı.

Murtuz müəllim 1970-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin elmi məsləhət şuralarının üzvü olmuşdur. 1960-cı ildən Beynəlxalq Hüquq Assosiasiyasının üzvü olan Murtuz Ələsgərov nəinki SSRİ-də, həmçinin xaricdə də ciddi hüquqşünas-alim kimi qəbul edilirdi. Hətta o dövrdə SSRİ ilə heç də yaxşı münasibətləri olmayan xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda aktual mövzularla çıxış edirdi. Belə ki, 1961-ci ildə Fransada keçirilən beynəlxalq konfransda "Azərbaycanda hüquq elminin nailiyyətləri”, 1976-cı ildə ABŞ-da keçirilən beynəlxalq konfransda "Azərbaycan Respublikasında ətraf mühitin qorunması qanunları”, 1978-ci ildə Böyük Britaniyada "İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınması”, 1984-cü ildə Yaponiyada keçirilən beynəlxalq konfransda "Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya hüquqları” mövzularında məruzələrlə çıxış etmişdir. Göründüyü kimi, Murtuz müəllimin o dövrlərdə hətta çətin olsa belə, məruzələri bilavasitə Azərbaycanla bağlı idi. Bu, Murtuz müəllimin Azərbaycanın gələcək müstəqilliyi ilə bağlı əsas hədəflərindən idi. 1982-ci ildə Moskvada çap olunmuş "SSRİ-nin milli dövlət quruluşu” monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi olmuşdur. Murtuz Ələsgərov 1980-ci ildə respublikanın əməkdar hüquqşünası adına layiq görülmüşdür. O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, vətəndaşlıq və mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən biri olmuşdur. Murtuz müəllim həm də bilavasitə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olmuş və çox dəyərli təkliflərlə çıxış etmişdir.
Beynəlxalq hüquq sahəsində görkəmli alim kimi tanınan professor Murtuz Ələsgərovun onlarla dərslik və monoqrafiyası ilə yanaşı, 200-dən çox elmi əsəri çap olunmuş, rəhbərliyi ilə 50-dən çox namizədlik dissertasiyası, 3 doktorluq dissertasiya işi müdafiə edilmişdir. Onların arasında 20-yə yaxını Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika-Asiya ölkələrindən olan xarici ölkə vətəndaşları idi.

* * *

1970-ci illərin əvvəllərindən Murtuz Ələsgərovun fəaliyyətində xüsusi dönüş nöqtəsi başladı. Belə ki, dahi şəxsiyyət olan Heydər Əliyevin 1969-cu il iyul ayından Azərbaycana rəhbər seçilməsi respublikamızın ictimai və mədəni həyatının bütün sahələri kimi, Azərbaycan Dövlət Universitetinin də həyatında köklü və müsbət dəyişikliklər yaratmışdı. Ulu öndər Heydər Əliyevin böyük gücü hesabına Azərbaycanın bütün elm, təhsil və mədəniyyət ocaqlarında vəziyyət sürətlə müsbət istiqamətdə dəyişməyə, Azərbaycan alimlərinin və elm-təhsil müəssisələrinin beynəlxalq əlaqələri genişlənməyə başlamışdı. Azərbaycan Dövlət Universitetinin əsas istiqamətlərindən biri də hüquq təhsili idi və o dövrdə Azərbaycanda hüquq təhsili ancaq Azərbaycan Dövlət Universitetində həyata keçirilirdi. Bu istiqamətdə isə milli kadrlara ciddi ehtiyac duyulurdu ki, bu zaman da böyük savada və vətənpərvərliyə malik professor Murtuz Ələsgərova daha böyük istinadlar edilirdi. Belə ki, respublika çərçivəsində məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1970-ci il dekabr ayının 4-də qəbul edilmiş "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarla ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə yönəldilən tədbirlərin işlənib hazırlanması və s. kimi məsələlər nəzərdə tutulmuşdu. O dövrdə hüquq fakültəsinin kollektivi məhz ulu öndər Heydər Əliyevin birbaşa göstərişi ilə bu proseslərə fəal cəlb edilməyə başlanmış, hüquq fakültəsi ilə hüquq mühafizə orqanlarının əməkdaşlıq əlaqələri daha sıx qurulmuşdu. 1971-ci ildə universitetdə məhz hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açılmışdı. Bu dövrdən etibarən professor Murtuz Ələsgərov da başda olmaqla, hüquq fakültəsinin müəllim heyəti respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam olunmağa başlandı. 1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində Hüquqi Biliklər Universiteti fəaliyyətə başladı ki, bu işdə də əsas məqsəd hüquqi biliklərin geniş yayılması olmuşdu. O dövrdə televiziya və mətbuatda hüquqi verilişlərin və bu sahədə informasiyaların artırılması da Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Bütün qeyd edilənlərin önündə və belə demək olar ki, əsas elmi icraçısı məhz professor Murtuz Ələsgərov idi. Bundan başqa, bilavasitə hüququn əsasları fənni də professor Murtuz Ələsgərovun rəhbərlik etdiyi kafedranın əsas istiqamətlərindən biri idi. Əsas hüquqi televiziya verilişləri, o cümlədən beynəlxalq-hüquqi məsələlər də məhz professor Murtuz Ələsgərov tərəfindən peşəkarcasına şərh edilirdi.

Respublikada hüquqşünas kadrlara böyük ehtiyac olduğunu görən ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi ilə hüquq fakültəsi nəzdində "Sovet quruculuğu” ixtisası üzrə qiyabi şöbə yaradılmışdı. Əsas məqsədi dövlət quruculuğu sahəsində kadrlar hazırlamaq olan bu ixtisası qurtaran şəxslər dövlət və hökumət qurumlarında mühüm vəzifələrə göndərilirdilər. Qeyd edilən müddətdə dövlət və hökumət qurumları üçün 1000-ə yaxın hüquqşünas kadr hazırlanmışdır. "Sovet quruculuğu” ixtisasının əsas bazası da professor Murtuz Ələsgərovun rəhbərlik etdiyi Dövlət hüququ kafedrası idi.

* * *

Ulu öndər Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas nöqtələrindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olmuşdur. Azərbaycanın gələcəkdə müstəqil bir dövlət kimi dayaqlarını quran Heydər Əliyev o dövrdə artıq Azərbaycanı tanıtdırmış, dünyaya sevdirməyə başlamışdı. SSRİ miqyasında Moskva və Kiyevlə bərabər, Bakının da xarici ölkələrə diplomatlar və beynəlxalq hüquq sahəsində mütəxəssislər hazırlayan bir mərkəzə çevrilməsi Heydər Əliyev siyasətinin nəticəsi idi. Hüquq fakültəsində beynəlxalq hüquq ixtisası üzrə kadrların yetişdirilməsinə iki əsas istiqamətdə başlanıldı. Birincisi, bu sahədə tədrisi aparan azərbaycanlı alimlərin yetişdirilməsi və daha da çoxaldılması həyata keçirildi. İkincisi isə, dünyanın 60-dan çox ölkəsi üçün (Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və d. ölkələr) milli kadrların hazırlanmasında Azərbaycanın rolu artırdı. Azərbaycan o dövrdə məhz indiki dövr üçün tanınmağa başlandı. Hazırda həmin məzunlar öz ölkələrində mühüm dövlət vəzifələrində çalışırlar. Professor Murtuz Ələsgərov burada da Heydər Əliyev siyasətinin önündə gedirdi. Belə ki, o, nəinki Azərbaycanda bu sahədə mütəxəssislərin yetişdirilməsində yaxından iştirak etmiş, o dövrlər Moskva, Kiyevlə bərabər, Bakıda da əcnəbilər üçün beynəlxalq hüquq sahəsində kadrların hazırlanmasına bilavasitə rəhbərlik etmişdir. Öz ölkələrində bu gün yüksək vəzifələr tutan və universitetimizin məzunu olan çoxlu sayda insan bu gün də tez-tez Azərbaycana gələrkən hüquq fakültəsini ziyarət edir, Murtuz müəllimi dönə-dönə böyük ehtiram hissi ilə xatırlayırlar. İndi təsəvvür edin ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində Murtuz müəllimin elmi fəaliyyəti - biliyi nəinki Azərbaycana, həm də beynəlxalq cəmiyyətə xidmət etmişdir.

Tədris prosesi Murtuz müəllimin elmi-pedaqoji fəaliyyətinin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu illərdə onun bilavasitə rəhbərliyi və iştirakı ilə kafedranın profilinə uyğun fənlər üzrə "Bərabərhüquqlu əməkdaşlıq”, "Təbiət və qanun”, "Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq hüquq subyektliyi”, "Konstitusiyanı gözləmək bütün vətəndaşların borcudur”, "Milli dövlət quruluşu”, "Dövlət orqanları”, "Burjua ölkələrinin dövlət hüququ” adlı dərs vəsaiti, dərslik, monoqrafiya və metodik göstərişlər hazırlanmışdır.
Murtuz müəllim 1966-cı ildən Azərbaycan Ensiklopediyasının Tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü olmuş, ensiklopediyanın ayrı-ayrı cildlərində onun 60-dan çox elmi məqaləsi çap olunmuşdur.

Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1965 və 1971-ci illərdə Moskvada çap olunan "Siyasi nəzəriyyələr tarixi” dərsliklərinin müəlliflərindən biri olmaqla "Azərbaycanda siyasi nəzəriyyələr” bölməsini yazmış, 1982-ci ildə Moskvada çap olunmuş "SSRİ-nin milli dövlət quruluşu” monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi olmuşdur.
O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, vətəndaşlıq və mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən biri olmuşdur.

* * *

Murtuz müəllimin vətənpərvərliyi, millət təəssübkeşliyi bioqrafiyasında da açıq-aydın görünür. 1988-ci ildə erməni təcavüzkarları torpaqlarımıza qəsd etməyə başlayanda professor Murtuz Ələsgərov susmamış, öz qəti ziyalı mövqeyini bildirmiş, keçmiş ittifaqın mərkəzi və respublika mətbuatında obyektiv və hüquqi cəhətdən əsaslandırılmış məqalələrlə çıxış etmişdir. 1988-ci il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına müraciətində Dağlıq Qarabağ Muxtar Vilayətinin və Ermənistan Ali Sovetinin DQMV-yə dair qərarlarının konstitusiyaya zidd olduğunu göstərmiş və bunu Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd kimi qiymətləndirmişdir. Həmin ildə o, Dağlıq Qarabağ konsepsiyasının tezislərini hazırlamış, Moskvada Dövlət Hüquq İnstitutunda keçirilmiş "Hüquq, qanunçuluq və milli siyasət” problemlərinə həsr olunmuş beynəlxalq konfransda çıxış etmiş və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu əsaslandırmışdı. 1990-cı ilin Yanvar qırğını ilə əlaqədar BMT-nin İnsan hüquqları komissiyasına Azərbaycan hüquqşünasları adından müraciəti də Murtuz Ələsgərov tərtib etmişdi. Onun Qarabağ savaşının başlanmasına xeyir-dua vermiş Qorbaçovun yaxın adamı sayılan Aqanbekyana kəskin cavabları hamımızın yaxşı yadındadır.

1990-cı illərin əvvəllərində ümummilli liderin Naxçıvanda yaşamağa məcbur olduğu və Azərbaycanın taleyinin həll edildiyi bir zamanda Murtuz müəllim dəfələrlə Naxçıvana gedib Heydər Əliyevlə görüşmüş, onun rəhbərliyi ilə yeni bir partiyanın yaradılmasının təşəbbüskarlarından biri olmuşdu. O, Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etmiş, 1992-ci ildə prezident seçkilərində yaş həddinin ləğv edilməsi ilə əlaqədar Milli Məclis qarşısında keçirilən mitinqə rəhbərlik etmişdi.

Ümumiyyətlə, vətəni üçün həlledici məqamlarda Murtuz müəllim heç vaxt kənarda qalmayıb, sinəsini qabağa verib, ağlı, erudisiyası, qələmi, iti məntiqi ilə ölkəsinin müdafiəsində durub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdi. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan, məşhur "91-lər” hərəkatının fəallarından biri olan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

* * *

1993-cü il dekabrın 7-də Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edildi. Universitet kollektivi bu təyinatı razılıqla qarşıladı. Həmin dövrdə mən BDU-nun Kimya fakültəsinin dekanı idim və üç ilə yaxın müddətdə sıx ünsiyyətdə olduğum Murtuz müəllimin tanınmış alim, səriştəli siyasətçi olmaqla yanaşı, böyük elm və təhsil təşkilatçılığı məharətinə, rəhbər keyfiyyətlərinə malik kamil mütəxəssis, səmimi insan olduğunun şahidinə çevrildim.

Həmin dövr Azərbaycanın müstəqillik tarixinin ən ağır illəri idi. Xalqın tələbi ilə hakimiyyətə yenicə gəlmiş ulu öndər ölkədə siyasi sabitlik yaratmaq, torpaqlarımızı işğal edən erməni silahlı qüvvələrinin qarşısını almaq üçün səfərbərlik elan etmişdi. Bütövlükdə ölkədə olduğu kimi, Bakı Dövlət Universitetində də vəziyyət gərgin olaraq qalırdı. Qısa müddət ərzində ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurması dayandırıldı, erməni hərbi hissələrinin davamlı hücumlarının qarşısı alındı, siyasi sabitlik bərpa edildi, iqtisadi inkişafın təməli qoyuldu.

Bütün sahələrdə həyata keçirilən ciddi tədbirlər vəziyyətin kökündən dəyişdirilməsinə səbəb oldu. Azərbaycanın mötəbər ali məktəbinin əvvəlki nüfuzu özünə qayıtdı. Tədris intizamı möhkəmləndirildi, yaradıcılıq mühiti bərpa edildi. Mən tam məsuliyyət hissi ilə demək istəyirəm ki, bütün bunların hamısı Murtuz müəllimin şəxsi nüfuzunun və təşkilatçılıq səriştəsinin sayəsində mümkün olmuşdu. Murtuz Ələsgərov Azərbaycanın dövlət müstəqilliyinin ideoloqlarından biri olmaqla yanaşı, onun qorunub saxlanılması yolunda da xüsusi xidmətləri olan şəxsiyyətdir. Bununla əlaqədar mən iki fakt üzərində dayanmaq istərdim. 1994-cü ilin oktyabrında Azərbaycan dövlətçiliyi üçün təhlükə yarananda Murtuz Ələsgərov rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin çoxminlik kollektivi ilə birlikdə dövlətçiliyin müdafiəsinə ilk qalxanlardan oldu. Eynilə də 1995-ci ilin qorxulu mart günlərində Murtuz müəllim rəhbərlik etdiyi kollektivlə birlikdə böyük qətiyyət göstərərək gərginliyin zəiflədilməsi, böhranın aradan qaldırılması istiqamətində cəsarətli addımlar atan Heydər Əliyevin ətrafında sıx birləşməklə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması işinə dəyərli töhfə verdi.
1994-cü il sentyabrın 3-də Prezident Heydər Əliyev Bakı Dövlət Universitetinin 75 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı. Maraqlıdır ki, həmin fərmana əsasən yaradılmış yubiley komissiyasına ulu öndərin özü rəhbərlik edirdi, Murtuz müəllim isə yubiley komitəsinin sədr müavini idi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, universitetin 50 və 60 illik yubileyləri də məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qeyd olunmuş, 70 illik yubileyi isə həmin dövrdə Azərbaycana rəhbərlik etmiş şəxslərin diqqətindən kənarda qalmışdı. Onu da yaxşı xatırlayıram, 75 illik yubileyin həmin çətin illərdə (1994-cü il, 26 noyabr), indiki Heydər Əliyev Sarayında yüksək səviyyədə keçirilməsi üçün Murtuz Ələsgərov bütün qüvvələri səfərbər etmişdi, qısa bir zamanda onun rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində "Bakı Dövlət Universiteti - 75” adlı kitab da hazırlanıb çap olunmuşdu. Onun rəhbərliyi dövründə (1993-1996) Bakı Dövlət Universitetinin beynəlxalq aləmdə nüfuzu artmış, elmi-pedaqoji kadrların konfrans və simpoziumlarda iştirakı keyfiyyət və kəmiyyət baxımından çoxalmış, xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə münasibətlər yeni mərhələyə daxil olmuş, bu sahədə dövlət əhəmiyyətli mühüm işlər görülmüşdü.

* * *

1996-cı il oktyabrın 16-da Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi. Ölkə ictimaiyyəti bu hadisəni ötən dövrdə Azərbaycanda həyata keçirilən peşəkar parlament quruculuğu proseslərinin məntiqi davamı kimi qarşıladı. İlk dəfə idi ki, qanunvericilik hakimiyyətinə peşəkar hüquqşünas, konstitusiya hüququ sahəsində görkəmli mütəxəssis və alim, eyni zamanda bacarıqlı təşkilatçı və istedadlı siyasətçi başçılıq edirdi. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin silahdaşı kimi çətin sınaqlardan keçmiş Murtuz Ələsgərov parlamentin sədri vəzifəsində etimadı layiqincə doğruldaraq özünün işgüzar və insani keyfiyyətləri ilə qısa müddətdə böyük nüfuz qazandı. O, yüksək vəzifəyə seçildiyi ilk gündən parlamentin fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istiqamətində lazımi tədbirlər gördü və qanunyaradıcılığı sahəsində böyük dəyişikliklərə nail oldu. Milli Məclis onun rəhbərliyi dövründə (1996-2005) Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, dönməzliyinin təmin edilməsində fəal rol oynadı, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların hüquqi bazasının yaradılması kimi çətin və mürəkkəb işin öhdəsindən ləyaqətlə gəldi.

Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin Sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkədə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında böyük xidmətləri olmuşdur. O, Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak etmişdir.

Murtuz Ələsgərovun geniş ictimai-siyasi fəaliyyəti, əlbəttə, təkcə Milli Məclisin sədrliyi ilə məhdudlaşmır. Onun şəxsi insani keyfiyyətləri haqqında bəzi təəssürat və düşüncələrimi də deməyi özümə borc bilirəm. Mən birgə işlədiyimiz dövrün təcrübəsi əsasında deyə bilərəm ki, o, insanpərvərlik, səmimilik və xeyirxahlıqla yanaşı, böyük prinsipiallıq, obyektivlik, əqidəsindən dönməzlik, millətsevərlik kimi müsbət keyfiyyətləri ilə də fərqlənən böyük bir şəxsiyyət idi. Murtuz müəllimin xalqımız, dövlətimiz və dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətləri layiqincə qiymətləndirilmişdir. Professor M.N.Ələsgərov səmərəli ictimai-siyasi fəaliyyətinə görə "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin "Sodrujestvo” ordeni, Rusiya Federasiyasının "Dostluq” ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Murtuz Ələsgərov Kiyev Milli Universitetinin fəxri doktoru idi.

Murtuz müəllimin xalqımız, dövlətimiz və dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətləri olmuşdur. Biz bu yubileyə hazırlaşarkən onu ölkəmizin üç nüfuzlu qurumu - Milli Məclis, Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universiteti tərəfindən birgə qeyd etmək haqqında qərara gəldik. Bu üç qurumun üçündə də Murtuz müəllimin müqayisəolunmaz xidmətləri olmuşdur. Murtuz müəllimin parlaq izi çalışdığı, rəhbərlik etdiyi, tövsiyələr verdiyi bütün təşkilatlarda silinməz olaraq qalmışdır. Dərs dediyi tələbələr, rəhbərlik etdiyi kadrlar, yol göstərdiyi alimlər, xeyirxahlıq etdiyi insanlar isə yüz minlərlədir. Ona görə də hesab edirik ki, Murtuz müəllimin yubileyi yalnız bu elmi konfransla, yaxud bu tədbirin təşkilatçısı olan üç qurumla məhdudlaşmır, onun yubileyi bütün Azərbaycan üçün mühüm hadisədir.
Həyatını xalqına sədaqətlə xidmətə həsr etmiş dəyərli ictimai-siyasi xadim, Azərbaycanın ali təhsilinə və dövlətçiliyinə böyük töhfələr vermiş görkəmli dövlət xadimi və elm-təhsil təşkilatçısı, professor Murtuz Nəcəf oğlu Ələsgərovun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, akademik
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı