Modern.az

Maşın bazarında qiymətlər dəyişəcək - SƏBƏB  

Maşın bazarında qiymətlər dəyişəcək - SƏBƏB   

Ölkə

21 Noyabr 2018, 13:15

2019-cu ildən Azərbaycana xaricdən gətirilən avtomobillərə gömrük rüsumu artırılır. Bu qərarın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, təsirlər əvvəlcədən məlumdur:

“Çünki xərclər artırsa, son nəticədə avtomobil bazarında qiymətlər də dəyişəcək. Bu, bir neçə istiqamətdə nəticələrlə ortaya çıxacaq. Birincisi, bundan sonrakı dövrdə ölkədə avtoparkın strukturunda dəyişiklik olacaq. Belə ki, böyük mühərrikli avtomobillərə rüsumların kəskin artırılması nəticəsində növbəti illərdə ölkəyə gətirilən bu növ maşınlar azalacaq. Nəticədə daha aşağı mühərrik gücünə malik olun avtomobillərin xüsusi çəkisi artacaq. Bundan başqa, digər bir tərəfdən idxalın həcminin azalmasını qeyd edə bilərik. 2013-2014-cü illərlə müqayisə etsək, avtomobil idxalı bir neçə dəfə azalıb. 2017-ci ildən sonra nisbətən artımlar başlayırdı, amma rüsumların qaldırılması ölkəyə avtomobil idxalının həcminin yenidən azalmasına gətirib çıxaracaq”.
 

Ekspert bildirib ki, bundan sonra yerli istehsala maraq arta bilər:

“Ötən il Azərbaycanda yeni avtomobil zavodu istismara verilib. Tam gücü ilə işləməsə də, zavodun il ərzində 10000 avtomobil istehsal etməsi nəzərdə tutulur. Əgər növbəti dövrlərdə hər hansı bir dəyişiklik baş verməsə və zavodun istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı ciddi narazılıqlar ortaya çıxmasa, müəyyən dərəcədə daxili istehsala tələbat arta bilər”.


İqtisadçının sözlərinə görə, rüsumların artmasından sonra təkrar bazarda da dəyişikliklər olacaq:

“Təkrar bazarda avtomobillərin qiyməti ciddi şəkildə artacaq. Beləliklə götürəndə növbəti illərdə proses belə davam edərsə, Azərbaycanda avtomobilə çıxış imkanları azalacaq və avtomobil idxalı da azalacaq. Bu özü sonda ölkədə hər min nəfərə düşən avtomobil sayını ilbəil azalmasına və yaşayış indikatorunun zəifləməsinə gətirib çıxaracaq”.

Avtomobil bazarındakı  hazırkı vəziyyətə toxunan R.Həsənov ciddi aktivliyin olmadığını deyib:


“Bazar nisbətən sakitçilikdir və alıcılıq aşağıdır. Ümumiyyətlə götürəndə alıcılıq son illərdə aşağıdır. Amma buna baxmayaraq, yenə də baş verən hadisələr qiymətləri artıran faktor kimi çıxış edir. Qiymətlər yüksələn dinamika ilə davam edir və daha çox da qiymət artımları  təkrar bazarda müşayiət olunur. Yeni avtomobillərin qiyməti məzənnəyə görə baha başa gəlir . Bütün bunlar bazarda alıcılıq qabiliyyətinin azalmasına təsir edir”.

Ekspert bildirib ki, çox təəssüf ki, Azərbaycanda yerli istehsal hələ də istənilən səviyyədə deyil.

“Azərbaycanın yerli avtomobil istehsalı ilə bağlı 3 təcrübəsi var. İlk olaraq İranla müştərək formada Şamaxı avtomobil zavodunda “AzSəmənd” markalı avtomobillər istehsal olundu. Daha sonra Naxçıvan Avtomobil Zavodunda “Lifan” avtomobillərinin  istehsalı ilə bağlı Çinlə əməkdaşlığa başlanıldı. Yenə də İranla əməkdaşlıq nəticəsində Mingəçevirdə Khodra və s. avtomobillər istehsal olundu. Görünən odur ki, qlobal avtomobil şirkətləri Azərbaycana maraq göstərmir və yaxud da hökumət onların ölkədə fəaliyyəti üçün mühit formalaşdırmır. Sadəcə müəyyən dostluq, yoldaşlıq, dindaşlıq fonunda əldə olunmuş sazişlərdir və hər iki tərəf bilir ki, bu təşəbbüslər uğurlu, gəlirli ola bilməz. Xüsusilə azərbaycanlı istehsalçı İranda  və Çində istehsal olunan avtomobillərə daha ehtiyatlı yanaşır, istehlakında o qədər də maraqlı deyil. Amma hələlik yeni zavodun - Xəzər Avtomobil Zavodunun istehsalının bazara çox çıxmaması səbəbindən önyarğı ilə yaxınlaşmaq lazım deyil. Ümid edirəm ki, bu zavodun istehsal etdiyi avtomobillər böyük maraqla qarşılanacaq və yerli bazarda önəmli yerə sahib olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir