Bizim Avropa Birliyi ilə münasibətlərimiz çox yüksək səviyyədə təşkil olunur və burada hər hansı sual yoxdur.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib.
“Bir tərəfdən Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycana gəlişinin silsiləsini görürük və biz may ayında da Avropanın ən yüksək məmurlarının Azərbaycana gələcəyini görəcəyik”.
Səməd Seyidov Avropa Parlamenti ilə münasibətlərin gərginləşmə səbəblərinə də toxunub.
“Çox təəssüflər olsun ki, Avropa Parlamentində bəzi qüvvələr indiyənədək köhnə ab-havayla yaşayırlar. Misal üçün, siz Avropa Parlamentinin saytına daxil olsanız, görərsiniz ki, orada səsverməyə hazırlanan bir sənəd var. O sənədin içərisində Azərbaycanla bağlı yox, Ermənistanla bağlı məsələlər müzakirə olunur. Ancaq Ermənistanla bağlı müzakirə olunan məsələlərdə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və dövlətlərin sərhədlərin toxunulmaması haqqında bəndlər daxil olunur” – o vurğulayıb.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda artıq hökm oxunmuş və öz cəzasını çəkən, Azərbaycan xalqına cinayətlər, faciələr gətirən insanlar haqqında məsələlər gündəmə gətirilir.
“Bax, bu ziddiyyətli və başa düşülməyən münasibət Avropa Parlamentinin özünə daha çox təsir göstərir, nəinki bizə. Biz əlaqələrimizi Avropa ölkələri ilə çox yüksək səviyyədə təşkil edirik və bundan sonra da təşkil edəcəyik”.
Səməd Seyidov Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin dayana biləcəyi barədə ehtimallara da münasibət bildirib.
“Biz Avropa Şurasından, birbaşa Parlament Assambleyası ilə heç bir əlaqəni kəsməmişik. Ancaq çox təəssüflər olsun, onların qəbul etdiyi qətnamələr qəbulolunmazdır. Biz dəfələrlə parlamentdə də bununla bağlı bəyanatlar qəbul etmişik və mövqeyimizi bildirmişik ki, bunlar bu bəyanatlardan çəkilsinlər. Çox təəssüflər olsun, bunlar bunu edə bilmirlər” – o qeyd edib.