Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun oğulları Viktor və Dmitri Lukaşenkoya qarşı 10 il müddətinə sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc edilib.
Sanksiyalar siyahısına Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko da daxildir. Ümumilikdə məhdudiyyətlər ölkənin 16 vətəndaşına şamil edilib.
Sanksiyalara aktivlərin dondurulması, kommersiya əməliyyatlarının, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi və Ukrayna dövlət mükafatlarından məhrum edilmə daxil olmaqla standart tədbirlər daxildir.
Bundan əlavə, Ukrayna 11 hüquqi şəxsə qarşı da sanksiyalar tətbiq edilib. Bunlara Minsk Termoplast Zavodu, Minsk Mülki Aviasiya Zavodu, Vitebsk Elektrik Ölçmə Cihazları Zavodu və Borisov Plastik Məmulatlar Zavodu daxildir. Şirkətlərə qoyulan məhdudiyyətlər də 10 il müddətinə müəyyən edilib və eyni tədbirlər siyahısını əhatə edir.