Modern.az

Gülər Əhmədova Dərviş Əroğluna Azərbaycanın dəstəyindən danışıb

Gülər Əhmədova Dərviş Əroğluna Azərbaycanın dəstəyindən danışıb

Təhsil

5 Noyabr 2011, 10:03

1-5 noyabr Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) işgüzar səfərdə olan Milli Məclisin deputatı Gülər Əhmədova dünən həmin ölkənin prezidenti Dərviş Əroğlu ilə görüşüb.

Dərviş Əroğlu ötən gün Nyu-Yorkda olduğunu və orada Kiprin birləşməsi məqsədi ilə keçirdiyi görüşlər barəsində millət vəkilinə məlumat verib.

Görüş zamanı prezident iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, dostluğun gücləndirilməsi üçün çalışdıqlarını ifadə edərək millət vəkilinə bu istiqamətdəki gördüyü işlərə görə təşəkkür edib.

Prezident görüş zamanı Azərbaycan xalqının Qurban bayramını da təbrik edib.

G.Əhmədova Əroğlunun apardığı müzakirələri yaxından izlədiklərini və bütün bunların müsbət nəticələnməsini səbirsizliklə gözlədiklərini ifadə edib.

Bundan başqa, Türkiyə-Azərbaycan dostluğunun əbədi və əzəli olduğuna işarə edən Gülər Əhmədova Türk insanının dünyada layiq olduğu yerə gəlməsini arzuladığını və bunun üçün əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib. O, Azərbaycanın Qarabağ probleminin olmasını, ölkəmizdə 1 milyondan artıq qaçqının mövcudluğunu prezidentin diqqətinə çatdırıb. Daha sonra Gülər Əhmədova Respublika Uşaq Təşkilatının sədri olduğunu bildirib və Kiprdə Türk dövlətləri uşaqlarının birgə kampusunun inşa edilməsinin zəruriliyini Dərviş Əroğlunun diqqətinə çatdırıb. Bu təklifi məmnuniyyətlə qəbul edən Şimali Kipr prezidenti ölkəsinin bu layihəyə tam dəstəkçi olacağını bildirib. Azərbaycan xalqının milli-mədəni sərvəti olan muğam haqqında məlumat verən millət vəkili Gülər Əhmədova onun inkişafında Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərindən danışıb.
Daha sonra Azərbaycan muğamının simvollarını özündə əks etdirən hədiyyə prezidentə təqdim olunub. Hədiyyəyə görə təşəkkür edən Dərviş Əroğlu öz növbəsində Azərbaycan muğamını dinlədiyini və bundan xüsusi zövq aldığını diqqətə çatdırıb.

Azərbaycan-Türkiyə Dostluq Komissiyasının üzvü olan Gülər Əhmədova Azərbaycanın rəsmi şəkildə Şimali Kipri tanımadığını bildirsə də, toplum olaraq və beynəlxalq təşkilatlarda onu  dəstəklədiyini vurğulayıb.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini bildirən millət vəkili gələcəkdə nəinki milli maraqlarımız uğrunda, habelə Türkiyə və Şimali Kiprin maraqlarının müdafiə olunmasında da Azərbaycanın əlindən gələni edəcəyini bildirib.

Gülər Əhmədova Şimali Kiprdə 1000-dən artıq azərbaycanlı tələbənin təhsil alığını və Azərbaycandan gələn tələbələrin ŞKTC rəhbərliyi tərəfindən xüsusi qayğı ilə əhatə olunduğunu və buna görə, ŞKTC prezidentinə təşəkkürünü bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü