Modern.az

Azərbaycanda müəllim imici yaxşıya doğru dəyişib, yoxsa pisliyə?

Azərbaycanda müəllim imici yaxşıya doğru dəyişib, yoxsa pisliyə?

6 Noyabr 2011, 14:20


Bir çoxları düşünür ki, Azərbaycan cəmiyyətində müəllimə olan münasibət dəyişib. Bu dəyişiklikliyin isə daha çox mənfi yöndə olduğu deyilir.
Təhsil üzrə ekspert Etibar Əliyev və sabiq deputat, Bakı Dövlət Universitetinin müəllimi Şahlar Əsgərov Modern.az-a Azərbaycan cəmiyyətində müəllimə olan münasibətdən danışıblar.

Etibar Əliyevin sözlərinə görə, bu gün məktəb və cəmiyyət arasında müəyyən qarşıdurma var və onu inkar etmək olmaz. Ekspert  bu qarşıdurmanın səbəblərini belə izah edir:
“Sovet vaxtı müəllim və həkim aldığı əmək haqqına və iş şəraitinə görə cəmiyyətin yüksək statuslu nümayəndələri hesab olunurdu. Sovetlər dağıldıqdan sonra müəllimlərə olan münasibət də kəskin şəkildə dəyişdi. İlk olaraq gender bərabərliyi pozuldu. Kişi müəllimlər az əmək haqqına görə məktəbi tərk etməyə başladılar. Hazırda orta məktəblərin kontingentin 85%-ni qadın müəllimlər təşkil edir. Digər tərəfdən isə məktəbdə toplanılan qanunsuz ödənişlər, dərsin aşağı səviyyədə keçirilməsi məktəb-cəmiyyət arsında qarşıdurma yaradıb”.

E.Əliyevin sözlərinə görə, müəllimin əmək haqqının az olması onu cəmiyyətdə nüfuzsuz subyektə çevirib. Müsahibimiz deyir ki, Azərbaycanda müəllimlərə qarşı münasibət dəyişilsə də,  dünyada müəllim peşəsi öz klassik mahiyyətini saxlayıb.
“Yaponiya, Almaniya kimi ölkələrdə müəllimlər cəmiyyətin sevilən, hörmətli nümayəndəsi sayılır”.

Etibar Əliyevin sözlərinə görə, bu gün tək orta məktəb yox, ali məktəb müəllimlərinə olan münasibət də eynidir. Ekspert bunun əsas səbəbini müəlimlərin bir qisminin rüşvət alması, bir qisminin cəmiyyətə yönəlik davranışındakı əlamətlər, müəllimin heç bir söz sahibi olmaması ilə bağlayır.
“Müəllim özü öz tələbələrinə qiymət yaza bilmir, bunu mərkəzləşdirilimiş şəkildə həyata keçirirlər, müəllim imtahan götürmür. Bütün bu faktorların müəllimin bizim cəmiyyətə nüfuzdan düşməsinə amansız təsiri olub”-deyə ekspert qeyd edib.
E.Əliyevin sözlərinə görə, müəllim sənətinə olan münasibət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda özünü göstərir. Beləki, oğlanların əksəriyyəti müəllim ixtisasını seçmir, qızlar isə ən sonda bu ixtisası göstərirlər.

Son zamanlar şagirdlərin, tələbələrin də müəllimlərə qarşı münasibəti dəyişib. Etibar Əliyev də bu halı müşahidə etdiyini deyir. Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasına müəllimlərin davranışları səbəb olur.
”Müəllimlərin üzərinə düşən funksiyalardan bir neçəsi artıq yox olub. Sovet dövründə müəllim həm tədrislə məşğul olurdu, həm də tərbiyəçi funksiyasını yerinə yetirirdi. İndi isə tərbiyə etmək komponentini öz üzərindən atıb”-deyən ekspert vurğulayıb ki, müəllim-şagird münasibətində bütün dəyərləri daşıyan baryerlər aradan qalxıb.
“Müəllim şagirdini siqaret almağa göndərirsə, şagird müəllimə pul aparırsa, burada heç bir ülvi münasibətdən danışmaq olmaz”.

Digər həmsöhbətimiz sabiq deputat Şahlar Əsgərov isə deyir ki, onun bu sahədə müşahidələri tam fərqlidir.
“Mən əksini müşahidə edirəm, müsbət istiqamətdə meyllər görürəm. İndi müəllimin hətta statusunun dəyişib, ona dövlət qulluqçusu statusu da vermək istəyirlər. Digər tərəfdən onların maaşında müsbət istiqamətdə xeyli dəyişiklik olub”.

Müəllim-tələbə münasibətinə toxunan Şahlar Əsgərov qeyd edib ki, Azərbaycanda  bu münasibətlər Avropa ölkələrində olan münasibətlərə yaxındır.
“Amerikada müəllim-tələbə münasibəti Avropadakı müəllim-tələbə münasibəti ilə uyğun gəlmir. Amerikada müəllim-tələbə münasibəti iki dost münasibəti, Avropada isə valideyn-övlad münasibətidir. Təqribən bizdə də valideyn-övlad münasibətidir. Güman edirəm zaman keçdikcə,  bizdə də müəllim-tələbə münasibəti iki dost münasibətinə çevrilər”-deyə Şahlar Əsgərov vurğulayıb.

Sədaqət SÜIEYMANOVA        

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü