Modern.az

AQTA jurnalistlər üçün media-tur təşkil etdi - FOTOLAR

AQTA jurnalistlər üçün media-tur təşkil etdi - FOTOLAR

Aktual

21 Dekabr 2018, 22:02

AQTA jurnalistlər üçün cənub bölgəsinə media-tur təşkil edib. Modern.az xəbər verir ki, bu gün kütləvi informasiya vasitələrinin nümayəndələrinin Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran şəhərində yerləşən Lənkəran Regional Sınaq Laboratoriyasına səfəri təşkil edilib. Media-turun keçirilməsində məqsəd  Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır.

 

Jurnalistlərə açıqlama verən Qida Təhlükəsizliyi Agentliyinin Keyfiyyəti Qiymətləndirilməsi Şöbəsinin müdiri İlahə Əliyeva bildirib ki,  Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamətdə qurulub:

“Bunlar heyvan mənşəli xəstəliklərin ekspertizası, bitki mənşəli xəstəliklərin ekspertizası və bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizasıdır.

 

Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür. Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüddur.

 

Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda aparılır. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.

 

Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın qəbulu, bitkiçilik məhsullarının qəbulu və bütün növ qida məhsullarının qəbuludur.

Toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılması məqsədilə dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə olunur.

Fiziki – kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır.

 

Molekulyar biologiya və GMO–nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir”.

 

Jurnalistlərin diqqətinə çatdırılıb ki, qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas götürülərək kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədi ilə müayinələrə cəlb edilir. Müayinələrdən sonra nəticələr həmin kod altında  Agentliyin vahid elektron sisteminə daxil edilir ki, bununla da prosesin şəffaf şəkildə izlənməsi təmin edilir.

 

Qeyd olunub ki, nümunələr laboratoriyaya vətəndaşlardan daxil olan şikayət əsasında, eləcə də, sahibkar və vətəndaşların fərdi istəyi ilə daxil olur.

 

2 gün davam edəcək media-tur çərçivəsində jurnalistlər bir neçə istehsal  müəssisəsində məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü