Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir.
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.
***
Hər bir insan məktəbi bitirib universitetə daxil olub istər ailədə, istər cəmiyyətdə öz yerini tutmaq arzusu ilə yaşayır. Bəziləri həyatın bütün çətinliklərinə baxmayaraq bu arzuları həyata keçirə bilir, bəziləri isə arzularını reallaşdıra bilmir və ya reallaşdırmağa imkan belə vermirlər.
Universitetə daxil olub və gələcəkdə ayaqları üstə dik durmaq üçün çalışan tələbələrin qabağına çoxlu sayda problemlər çıxır. Biz tələbələr ölkəmizin inkişafında, tərəqqisində rolumuzun olmağını və hər kəsə özümüzü bir fərd kimi sübut etməyi istəyirik. Ancaq gəlin görək aldığımız təhsil bu arzuları reallaşdırmağa imkan verirmi?!
Universitetlərdə dərslər həm nəzəriyyəyə həm də təcrübəyə əsaslanaraq keçirilməlidir . Nəzəriyyəni öyrənmək üçün kitablar kifayət qədərdir. Təcrübə isə qalır kənarda. O demək deyil ki, müəllimlər öyrətmir, xeyr, müəllimlər istəyir, ancaq bunun üçün xüsusi imkanlar lazımdır. Məsələn jurnalistika fakültəsindən götürək. Biz bir jurnalist kimi yeni texnologiyalardan az da olsa istifadə etməyi bacarmalıyıq. Jurnalist həm yaxşı jurnalist, həm də yaxşı kameraman, fotoqraf, montajçı olmalıdır. Ancaq bunları universitet daxilində öyrənmək olmur. Bunun üçün gərək tələbə kurslara getsin və orada öyrənsin. Belə olmadıqda sabah biz hansısa kanalda işləməyə başlasaq, bu bizim üçün problemlər yarada bilər. Bu kimi problemlər tək jurnalistika fakültəsinə yox, eyni zamanda digər fakültələrə də şamil edilir .
Ölkəmizi sərhədlərimizdən kənarda təmsil etmək üçün bizə ən əsas başqa dilləri bilmək lazımdır. Başda ingilis, rus və s. dilləri öyrənsək, bu bizə xeyli kömək edər. Məktəblərdə, universitetlərdə, hətta uşaq bağçalarında belə bu dillər tədris olunur. Bəs nəyə görə gənclərimiz bu dilləri xüsusi dil kurslarına getməklə öyrənə bilirlər?!
Bu gedişlə biz hansı inkişafdan söhbət aça bilərik ?! Ölkəmizin gələcək həyatında qərarların qəbul edilməsində xaricdə təhsil alan tələbələrin şansı daha çox olacaq, nəinki Azərbaycanda təhsil alan tələbələrin. Çünki xarici ölkədə təhsil alan tələbəyə hər yerdə ehtiyac duyulur. Nə də olsa adı var “universiteti xaricdə bitirib”. Mən inanıram ki, sərhəddən kənara çıxa bilməyən tələbələr də Azərbaycanın gələcək inkişafında öz sözünü deyə biləcək, amma ağır əziyyətlərdən sonra .
Jalə Bədirova
BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi