Modern.az

Tarixin əbədi yarası – Xocalı soyqırımı – FOTOLAR

Tarixin əbədi yarası – Xocalı soyqırımı – FOTOLAR

Aktual

25 Fevral 2012, 23:48


Bu gün XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri - Xocalı soyqırımının 20 ili tamam olur.
Bu soyqırımı 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşarıdır.

Xocalı Yuxarı Qarabağın mərkəzi Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş bir qrup ahıska türkləri də Xocalıda məskunlaşmışdılar.

Xocalıda əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olurdu. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gedib. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan silahsız və köməksiz Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etdi.
Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur oldu. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi və onlar gülləbarana tutuldular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.

Bu hadisəyədək Xocalını tərk edə bilməyən və erməni əhatəsində qalan təqribən 2500 nəfər əhali azərbaycanlılar yaşayan Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Şaxtalı və qarlı fevral gecəsində dinc xocalı sakinləri, şəhərin müdafiəsində dayanmış hərbçilərimiz qətlə yetirildi, əsir və girov götürüldü. Qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldı. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi. 487 nəfər (76-sı uşaq) şikəst oldu.

Erməni vəhşilərindən yayınıb meşələrə, dağlara qaçan onlarla Xocalı sakini soyuqdan, şaxtadan məhv oldular…
Xocalıda 8 ailə bütövlükdə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onlar diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Ermənilər hətta meyitləri də təhqir etdilər…
Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi.
Azərbaycan dövlətinin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.

Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Onların gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olundu. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi.

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

Azərbaycan Respublikası Prezidenti 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman verilib.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü