Modern.az

Müharibə başlasa….

Müharibə başlasa….

19 İyun 2012, 15:11

Eltən Qədimbəyli

Azərbaycanın  müharibəyə başlamasını  əslində, heç birimiz istəmirik. Çünki müharibə  itki, göz yaşı, dərd, şəhid...deməkdir. Amma və lakin, atəşkəs elan olunsa da, yenə şəhid veririk. Məncə, torpaqları işğal olunmuş bir dövlətin vətəndaşı kimi yaşamaq, bu hissi dərk eləmək bizi yavaş-yavaş öldürür. Müharibə başlasa, sonuna qədər nəinki son Qarabağ savaşında itirdiyimiz torpaqları, hətta öncəki dövrlərdə də əlimizdən alınan bütün tarixi ərazilərimizi qaytarmaq lazımdır.

Əslində, bütün beynəlxalq aləm bilir ki, Azərbaycan Ermənistanla yox,  Rusiya ilə müharibə edəcək. Bəs bu müharibəyə hazırıqmı? 

Məncə “hazırıqmı?” sualı insanların psixoloji cəhətdən hazırlığını ehtiva edən sualdır. Sizi bilmirəm... mən özümü yavaş-yavaş psixoloji baxımdan müharibəyə hazırlayıram...

Gəlin, məsələyə bir az daha pozitiv prizmadan baxaq.

Əgər TORPAQLARI çox istəyərək, geri qaytarsaq, nə olacaq? 

Milli QÜRÜRÜMUZ artacaq, itirdiyimiz torpaqlardakı yerüstü və yeraltı sərvətlərimiz qayıdacaq. Biznesimizi gücləndirmək üçün yeni imkanlar açılaçaq; yeni tikililər, yeni kurort yerləri, yeni pul qazanma imkanları. Yəni torpaqlarımızın qayıtması təkcə namus-qeyrət məsələsi deyil, bu həm də iqtisadi maraqdır. Pul qazanmaqdan ötrü hər yola gedənlər!.. - daha böyük düşünmək məqamıdır. Sadəcə Kəlbəçərdəki qızıl yataqlarını xatırlayın.

Müqayisə üçün xatırladım ki, Corc Vaşinqton da vaxtilə Cənub torpaqlarının qaytarılması üçün bəzi insanların "pul qazanma" ehtirasına toxunmuş, hətta Cənub torpaqlarını geri alınmamışdan əvvəl sahibkarlar arasında bölüşdürmüşdü... 

***

Müharibə başlasa, televizyalardan şit, şitdəndən şit  proqramlar yüz faiz yığışılacaq, milli mentalititemizə hörmət, qeyrət-namus anlayışları geri qayıdacaq. Bu utopiya deyil. Ona görə bu proqramlar sıradan çıxacaq ki, insanların marağına cavab verməyəcək... İnsanlar müharibə xəbərləri, müharibə təhlillərilə maraqlanacaq. Çünki müharibə gerçəkdir, müharibə hamının həyatına təsir etmək məqamındadır. Belə bir vaxtda insanların kiminsə dodağının selekonuna, kiminsə paltarının dəbinə fikir verməyə belə vaxtları qalmayacaq; belə bir vaxtda insan hüquqları, Avropa mədəniyyəti heç kimin heç mədə niyyəti də olmayacaq.  Qulaqlardan sırgalar, əyinlərdən dar şalvarlar çıxacaq, yerinə millitary (hərbi) geyimlər dəbə minəcək. Gənclər maşın, telefon, geyim, klublardakı əyləncələri ilə deyil, azad etdikləri torpaqlarımız, silahlarının mükəmməlliyi və gücü ilə fəxr edəcəklər. Qızlar üçün son dəbə uygun "avrostil", qadınabənzər oglanlar deyil, döyüşçü  kimi geyinən, vüqarlı, vurub-tutan kişilər maraqlı olacaq. Qadınlar açıq-saçıq geyinməyi yığışdırıb, özlərini avropalılara və digər əcnəbilərə oxşatmaqdan vaz keçib, məhz Azərbaycanlı, Şərq qadını olduqları ilə qürur duyacaq. Biri sevgilisinə görə, biri qohumuna-qardaşına görə vuruşmaq istəyəcək. Vuruşmasa da, özündə bu gücü, bu ruhu aşılayacaq. Və belə qadın, avropasayağı geyinməkdən də, avropalı olmaqdan da, əlbəttə ki, əl götürəcək. Təhtəlşürundakı qadına çeviriləcək. Dj-lər də, repçilər də, lap elə meyxanaçılar da yalnız vətənpərvərlik mövzusuna müraciət edəcəklər. Bütün sənət adamları vətən və qələbə mövzusunda əsərlər yaratmağa girişəcəklər. Avtoşlar artıq öz tryuklarını cəhbədə tank və digər zirehli texnikalarla göstərəcək və videoları çəkib internetdə yerləşdirəcəklər. Kübarı, intellektualı, cahili və əyalət insanı bir-birinə xor baxmayacaq, qürurla öz dilində doya-doya danışaçaq.

Hər kəs Qalib və Əyilməz  Bir Xalqın Övladı olduğunu nəhayət ki, anlayacaq.

Vətən, Millət deyənlərin hansının əslində, həqiqi vətənpərvər, hansının isə şərəfsiz oldugu üzə çıxaçaq... Amma biz şərəfsizi də atmayacağıq, ona bu milləti sevməyi öyrədəcəyik!

 Çox şey yaza bilərdim... Əslində, bunları siz də bilirsiz, yeni nə yazacaqdım ki...

Son olaraq, bir də qeyd edim ki, inanın, hamınız kimi mən də bilirəm ki, müharibə çox dəhşətli bir hadisədir, heç mən də müharibə istəmirəm. Amma həyatda bəzi itirdiklərini necə itirmisənsə, eləcə də geri almalısan! Biz o torpaqları qanla itirmişik - qanla da almalıyıq. Şəhidlər Xiyabanında necə qürurla gəziriksə, gün gələcək, itirdiyimiz torpaqlarda da eləcə gəzəcəyik...  

Hər birinizin Xalqımız, Millətimiz və Dövlətimiz üçün düzgün qərar verəcəyinə inanan  soydaşınız Eltən Qədimbəyli...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir