Modern.az

Hüseyn Arifin lətifələri - VI

Hüseyn Arifin lətifələri - VI

Mədəni̇yyət

11 Avqust 2012, 11:51

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

***

Hüseyn Arif çoxdan dost olduğu bir sürücü ilə uzaq səfərə çıxır. Bütün yol boyu aşıqlardan, şairlərdən danışır, əzbər şeir oxuyur. Sürücünün dinmədiyini görüb dayanır.

-Sən də şeir yazırsanmı?

-Xeyr, Hüseyn müəllim, mən şeir yazan deyiləm.

-Niyə yazmırsan, ay beyinsiz, indi hamı yazır, sən də yaz. Qorxma özüm çap etdirərəm.

***

Gənc şairlərin birinin toyunda Hüseyn Arif tamada olur. Bir az yeyib-içəndən sonra bəyin sağlığına badə qaldırır.

- Başınıza and olsun, belə oğul yoxdur dünyada. Mən onu çox yaxşı tanıyıram. Bakıda gəzmədiyi qız qalmayıb. Lap yaxşı eləyib başını bağlayırsınız. Bunun ipini açıq qoymaq olmaz.

***

Bir gün Hüseyn Arif Şəmşad Rza ilə görüşüb, hal-əhval tutur.

- Nə var, nə yox, necə dolanırsan?

- Bir təhər....

- Görürəm,  halın o qədər də yaxşı deyil, korluq çəkirsən?

- Elədi, qağa.

- Ə, beynin olsun, şeirdən-zaddan əl çək, ondan bir şey çıxan deyil. Gəl, göndərim səni Tovuza, get işlə orda.

- Nə işində, qağa?

- Orda Aşıqlar Birliyinin filialını yaradıram. Ol filialın direktoru.

Şəmşad Rza xeyli fikirləşir.

- Dolana bilərəmmi, qağa?

- Ay bivec, niyə dolana bilmirsən? Orda adamdan çox aşıq var, deyərəm dolandırarlar.

***

Bir dəfə Nazim Axundov Gəncədən Bakıya, Mirzə İbrahimova zəng vurur.  Akademiya ilə bağlı nəsə soruşur. Rəsmi söhbəti qurtarandan sonra Mirzə İbrahimov gülə-gülə deyir:

- Nazim, dostun Hüseyn  Arif deyir ki, Gəncədə ferma açıbsan. Hər gələnə bir erkək kəsirsən?

Nazim dinmir.

Bu söhbətdən bir neçə gün sonra Hüseyn Arif Nazim Axundovgilə qonaq gəlir. Nazim onu əvvvəlki kimi çox mehribanlıqla qarşılayır, orda-burdan söhbət edib zarafatlaşırlar. Günortaüstünə yaxın Nazim onu ucuz bir fəhlə yeməkxanasına aparır.  Boz-bulanıq əriştə şorbası, boyat çörək, bir az da göy-göyərti gətirirlər. Şairi bunlar açmır. Üzünü Nazimə tutub soruşur.

- Bə, kabab-zad olmayacaq?

- Yox.

- Niyə?

- Fermada daha qoyun qalmayıb, hamısını kəsib yemişik.

Hüseyn halını pozmur.

- Yaxşı eləyib kəsib-yemisiniz. Onsuz da hökümət hamısını əlimizdən alacaqdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır