Modern.az

Hansı qəzetlər bölgə müxbiri saxlayır?

Hansı qəzetlər bölgə müxbiri saxlayır?

Aktual

3 Oktyabr 2012, 12:05

Bu gün Azərbaycanda fəaliyyət göstərən qəzetlərin əksəriyyətinin demək olar ki, bölgə müxbiri yoxdur. Qəzet redaktorları isə bunun daha çox maliyyə problemləri ilə bağlı olduğunu qeyd edirlər. Eyni zamanda bölgələrdə olan müxbirlərin əksər hallarda “reketliklə” məşğul olduğu da iddia olunur.  

Azərbaycanda məşhur olan qəzetlərin hansının bölgələrdə müxbirləri var? Onlar bölgə müxbirlərinin fəaliyyətindən razıdır?

Modern.az baş redaktorlardan məsələyə münasibət öyrənməyə çalışıb.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyir ki, onlarda heç vaxt bölgə müxbiri olmayıb. “Azərbaycan balaca məkandır və hər nə baş verirsə, Bakıda olur. Bölgələrdə elə bir ciddi hadisələr olmur və olanda da başqa xətlərlə öyrənirik”.

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da bölgə müxbirlərinin olmadığını qeyd edib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bir-iki rayonda bölgə müxbirinin olduğunu qeyd edib. “Amma deyim ki, bölgə müxbirləri öz funksiyalarını gərəkli şəkildə yerinə yetirmir. Azərbaycanda bir-agentlik istisna olmaqla mətbuat orqanlarının belə imkanı yoxdur ki, bölgə müxbiri saxlasın və operativ informasiyalar əldə etsin”.
E.Mirzəbəyli bölgə müxbirlərindən narazılığı olmadığını bildirib. “Yaratdığımız imkanlar çərçivəsində fəaliyyət göstərməyə çalışırlar”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da bölgə müxbirlərinin olmadığını deyir. “Heç əvvəllər də bölgə müxbirlərimiz olmayıb. Birincisi buna imkanlarımız yoxdur. Digər tərəfdən kifayət qədər peşəkar jurnalist tapmaq çətindir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bir neçə rayonda bölgə müxbiri olduğunu söyləyib.
“Aran bölgəsində, Gəncədə,  Qarabağ zonasında müxbirlərimiz var. Amma deyim ki, onlar daim ştatda işləyən jurnalistlər deyil, sadəcə bizimlə əməkdaşlıq edirlər. Qəzetlərin elə iqtisadi gücü yoxdur ki, bölgə müxbirləri saxlasın. Son günlər mətbuatda müzakirələrimizdən biri də bu olub ki, qəzetlər regionları yaxşı işıqlandıra bilmir”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov beş bölgədə müxbir postunun olduğunu bildirib. Bunlar Naxçıvan, Qarabağ, Gəncə, Zaqatala, Xaçmaz zonalarını əhatə edir.
“Əvvəl bölgə müxbirləri 11-12 nəfər idi, sonradan isə onların sayını azaltmışıq. Bölgə müxbirlərindən razıyam. Sadəcə deyim ki, orada fakt toplamaqda çətinlik çəkirlər”.
Bölgə müxbirlərinin “reketliklə” məşğul olmalarına gəlincə, B.Sadıqov qeyd edib ki, onlarda belə şey yaşanmayıb.
“Bizim qəzetdə bu hal mümkün deyil. Biz dövlət orqanları ilə işləyirik, onlardan rəsmi məlumat alırıq. Bizdə rəsmən doğrulanmış məlumatlar gedir”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü