Modern.az

Daxili İşlər Nazirliyi polisdəki vakant vəzifələri tutmağa çağırır - ELAN

Daxili İşlər Nazirliyi polisdəki vakant vəzifələri tutmağa çağırır - ELAN

9 Oktyabr 2012, 17:54

Daxili Işlər Nazirliyi ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirlikdən Modern.az saytına bildirilib ki, ümumilikdə 70 vakant vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqları na dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən  proqram və onu əhatə edən suallar üzrə keçirilir.  
Müsahibə test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.

Əməliyyat müvəkkili, təhqiqatçı və polis sahə inspektoru vəzifələrində xidmətə qəbul üçün müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifəsinə isə dövlət ali təhsil müəssisələrində müəllim (pedaqoq) ixtisası  almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları /Bakı, Sumqayıt  şəhərlərində və Abşeron rayonunda yaşayanlar və ya yaşayış yeri üzrə qeydiyyatda olanlar istisna olmaqla/ iştirak edə bilərlər.     

Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini,  ali təhsil haqqında diplomu,  hərbi bileti  (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
"Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib.           
Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il oktyabr ayının 10-dan noyabr ayının 10-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək şəhər, rayon /Bakı, Sumqayıt və Abşeron istisna olmaqla/ polis idarə və şöbələrində qəbul olunur. Əlavə məlumat almaq istəyənlər  (012) 590-92-21, 590-91-47 və 590-92-54 nömrəli şəhər telefonları vasirəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.

***

Daxili Işlər Nazirliyi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar da müsabiqə elan edib.

Post-patrul və yol-patrul xidmətlərində 332 vakant vəzifəni tutmaq məqsədilə keçirilən müsabiqə iki mərhələdən - test imtahanları və müsahibədən ibarətdir. Müsabiqədə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı    20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qadınlar üçün 170 santimetrdən) yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir.   

Müsabiqədə iştirak etmək arzusu olan, şərtlərə uyğun gələn, habelə  vakant vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ya ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini,  ali təhsil haqqında sənədin əslini,  hərbi bileti  (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər:

Müsabiqədə iştirak edən şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Fiziki hazırlıq üzrə ödəniləcək normativlər, test imtahanının keçirilməsi barədə məlumatlar, DİN-in www.mia.gov.az ünvanlı veb-saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il oktyabr ayının 10-dan noyabr ayının 10-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək vakant  vəzifələrə müsabiqə elan olunmuş polis orqanlarında qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər  (012) 590-92-21, 590-91-47 və 590-98-55 nömrəli şəhər telefonları vasirəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü