Modern.az

Heydər Əliyev iqtidarının sabiq naziri - 72 yaşlı “kərpic Həsən”

Heydər Əliyev iqtidarının sabiq naziri - 72 yaşlı “kərpic Həsən”

20 Oktyabr 2012, 11:23

1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində iqtidara Yeni Azərbaycan Partiyası gəldi. Həmin il ölkə prezidenti seçilən mərhum Heydər Əliyev tədricən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən nazir və komitə sədrlərini dəyişib onları öz kadrları ilə əvəz etdi. Heydər Əliyevin dövründə yüksək post tutan məmurların bir qismi sonradan müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırıldı.
Sabiqlərdən bəziləri sonradan müxtəlif vəzifələrə təyinat ala bilsələr də, “vurulanların” bir qismi məmur kreslosundan birdəfəlik məhrum edildi. Yəqin ki, ictimai-siyasi prosesləri izləyən şəxslər mərhum prezident Heydər Əliyev dövründə yüksən vəzifələr tutan sabiq məmurları xatırlamamış olmazlar. Onlardan biri də sabiq xarici işlər naziri Həsən Həsənovdur.

Modern.az-
ın məlumatına görə, bu gün Həsən Həsənovun ad günüdür, onun 72 yaşı tamam olur.

Həsən Həsənov da mərhum prezident Heydər Əliyevin komandasında təmsil olunan sabiq nazirlər sırasına daxildir. Həsən Həsənov hələ Kommunist Partiyasının zamanından yüksək vəzifələr tutub.

Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olub. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırıb. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirib. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olub. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilib. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olub.

1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962-1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışıb (1965-1966).1966-1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olub.1967-1969-cu iliərdə AKP MK-da təlimatçı vəzifəsində çalışıb.

1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləyib. 1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971-1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışəb.

O, Səbail Rayon Partiya Komitəsinin 1-ci katibi (1975-1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi (1978-1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi (1979-1981) vəzifələrində çalışıb.

1981-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə, tikinti məsələləri üzrə, iqtisadiyyat məsələləri üzrə katib olub.

Eks-prezident Ayaz Mütəllibov zamanında, 1991-1992-ci illərdə H.Həsənov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışıb. AXC hakimiyyətə gələndən sonra o, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi təyin edilib və 1992-1993-cü illərdə bu vəzifədə çalışıb.

Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Həsənov Bakıya çağırılaraq nazir postuna təyin olunub. Bu,1993-cü ilin sentyabrında baş verib. H.Həsənov düz 5 il Heydər Əliyev iqtidarının xarici işlər naziri olub. 1998-ci ilin fevralında H.Həsənov elə mərhum prezident tərəfindən nazir vəzifəsindən azad olunub. Amma həmin vaxt Milli Məclisin də üzvü olan H.Həsənov 2000-ci ilədək deputat mandatı gəzdirib.

İlham Əliyev prezident seçiləndən sonra, 2004-cü ildə H.Həsənova yeni vəzifə verilib. Həmin il o, Azərbaycanın Macarıstandakı səfiri təyin edilib. 2010-cu ilin martında isə H.Həsənovun diplomatik xidmət yeri dəyişdilib. İndi o, Azərbaycanın Polşadakı səfiridir.

Həsən Həsənov hələ 1979-1981-ci illərdə Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışarkən “kərpic Həsən” ləqəbi qazanlb. Bu ləqəb ona Gəncəyə rəhbərlik etdiyi dövrlərdə gördüyü quruculuq işlərinə görə verilib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü