Modern.az

Sabiq deputat: “İş üçün müraciət etmişəm, gözləyirəm” - MÜSAHİBƏ

Sabiq deputat: “İş üçün müraciət etmişəm, gözləyirəm” - MÜSAHİBƏ

18 Dekabr 2012, 14:54


Modern.az
saytı “Sabiqlər” rubrikasını davam etdirir. Müsahibimiz Milli Məclisin sabiq deputatı (2005-2010-cu illər, Xaçmaz şəhəri 55 saylı seçki dairəsi) Lalə Abbasovadır.

– 2000-ci ildən bəri çap olunan “Mir jenşin” qəzetini artıq nəşr etdirmirsiniz. Bunun səbəbi nədir?

– 2011-ci ildən qəzetin fəaliyyətini dayandırmışam. Həm maddi imkan yox idi, həm də “Qasid” yayım şirkəti çox zəif işləyirdi. Qəzetlər satılmırdı, satışa hansı sayda gedirdisə, elə də geri qayıdırdı. Köşklərə müraciət edəndə qəzetimi orada tapa bilmirdim.

– Bəs indi nə ilə məşğulsunuz?

– “Qadın və Tərəqqi” İctimai Birliyinin sədriyəm.

– Deputatlıq fəaliyyətinizdən danışaq. Bu proses haqqında nə deyə bilərsiniz? Necə oldu ki, deputat olmaq qərarına gəldiniz?

– Mən “Mir jenşin” qəzetini açdıqdan sonra, onun nəzdində xeyriyyə fondu da yaratdım. İctimai işlərlə daha çox məşğul oldum. Bəzi jurnalist dostlarım dedi ki, səndən yaxşı millət vəkili olar. Çünki hər zaman insanların hüquqlarını qoruyur, onlara kömək edirsən. Mən də düşündüm ki, niyə də olmasın?! Belə bir riskə getdim, sənədlərimi verdim və qismət idi, seçildim.

- Seçkilərdə qələbə qazanmağınıza jurnalistlik fəaliyyətiniz kömək edə bildimi?

– Əlbəttə.

– 2010-cu ildə yenidən namizədliyinizi irəli sürmüşdünüz?

– Bəli, lakin bu dəfə seçilmədim.

– Bəs “Seçki-2015”-də iştirak edəcəksiniz?

– İnşallah, zaman göstərər.

– Parlamentdəki fəaliyyətiniz sizə nə verdi? Əlbəttə, maddi qazancı nəzərdə tutmuram.


– Çox şey. Həyata, insanlara münasibətim dəyişdi. Siyasətdə sıravi insanın, hətta jurnalistərin görmədiyi məqamlar var ki, onları görə bildim. Elə məqamlar var ki, onların üstündən keçmək olmur. Bununla yanaşı, yeni dostlar qazandım. Mən deyim ki, 5 il ərzində daha çox insanlara kömək edə bildim. Əgər deputat olmayanda az sayda insanlara dəstək ola bilirdimsə, yəni yoxsullara, kimsəsizlərə, hüquqları pozulanlara, deputat dönəmində isə onlara daha çox kömək etmək imkanım oldu. İnsanların hüquqlarını qorumağa çalışdığım zaman bəzən məmurlarla münasibətimiz korlanırdı.

– Bu münasibətin korlanması Xaçmaz rayonun icra başçısı ilə də yaşanmışdı?

– İcra başçısı ilə münasibətimiz pis deyildi. Sadəcə olaraq, onun mənə qarşı münasibəti sonradan yaxşı olmadı. Çünki kimsə kiminləsə əl-ələ verib işləyirsə, yaxşı münasibətdədirsə, mütləq kimlərsə araya girib münasibətləri korlayırdılar. O zamanlar belə xırda problemlər yaşanırdı.

– Milli Məclisdə hansı qanun layihələrinin hazırlanmasında iştirak etmisiniz?

– Mən Elm və təhsil komissiyasının üzvi idim və “Təhsil haqqında” qanuna öz təkliflərimi vermişdim. Bir təklifim də vardı: övladlarını məktəbə getməyə icazə verməyən valideynlərin məsuliyyətə cəlb olunması məsələsi. Düşünürəm ki, hər bir ölkənin gələcəyi onun cəmiyyətinin savadlı olmasından asılıdır. Əgər cəmiyyət savadsızdırsa, onun arxasında cinayət, əxlaqsızlıq və digər neqativ hallar duracaq. Savadsızlıq nəticəsində mənəviyyatını itirmiş insanlar yaranır. Mən düzdür bunu hamıya şamil edə bilmərəm. Burada genetik faktor da var. Adam var ki, bir parça çörəklə dolanır, lakin insanlıq simasını itirmir. Ancaq bəzi məmurlar, iş adamları düşünürlər ki, savadsız insanları daha yaxşı manipulyasiya etmək olar.

– Parlamentdə indi kimlərlə əlaqəniz qalıb? Dostluq etdiyiniz deputatlar varmı?

– Elmira Axundova ilə yaxın rəfiqəyik.                                                       

– Milli Məclisin fəaliyyətini yəqin ki, izləyirsiniz. Parlamentin hansı dövrünü bir jurnalist kimi məhsuldar hesab edirsiniz?

–Milli Məclisin II və III çağırışı daha məhsuldar idi.

– 5 illik deputatlıq dövründə özünüzü aktiv deputat hesab edirsiniz?


– Deyə bilmərəm ki, aktiv ya passiv olmuşam, bunu yalnız seçicilərimdən soruşa bilərsiniz. Çıxış etməyə çox meylim olmayıb, təkliflərimi əsasən yazılı sürətdə komissiyalara təqdim edirdim.

– Susmaqdan söz düşmüşkən, jurnalistlər öz aralarında ümumiyyətlə danışmayan deputatları “lal deputat” adlandırırlar.

– Elə deputatlar var ki, çox danışır. Lakin ancaq danışırlar. Amma danışmaqla problemlər bitmir. Həmkarlarımdan biri millət vəkili yalnız qanunvericiliklə məşğul olmalıdır demişdi. Düzdür, millət vəkili qanunvericiliklə məşğul olmalıdır və cəmiyyətə lazım olan qanunlar qəbul edilməlidir, lakin məmurların qəbul olunmuş qanunlara riayət etməsini də tələb etməlidir. Bu zaman cəmiyyətimizdə problemlər azalar.

– Şəxsi həyatınızdan danışaq. Jurnalist olmağınız ailə həyatınızda problemlərin yaranmasına səbəb olubmu?

– Xeyr.

– Övladlarınızdan yolunuzu davam etdirən var?

–Oğlum iqtisadiyyatı qurtarıb, işləyir, aspiranturada oxuyur. Böyük qızım beynəlxalq münasibətlər, kiçik qızım isə beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. Hamısı işləyir. Ümumiyyətlə övladlarımdan çox razıyam.

– Modern.az-a açıqlamanızda bildirmişdiniz ki, iş təklifi gözləyirsiniz. İş təklifi oldumu? Yoxsa maneələr yaraddıldı?

– Müraciət etmişəm, gözləyirəm. Düşünürəm ki, potensialım var və bir çox sahələrdə işləyə bilərəm.


Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü