Modern.az

Güclü ordunun təməli üçün bir sıra addımlar atılmalıdır - Ekspertlərin rəyləri

Güclü ordunun təməli üçün bir sıra addımlar atılmalıdır - Ekspertlərin rəyləri

Təhsil

19 Dekabr 2012, 10:24


Müharibə şəraitində yaşayan ölkədə yüksək ixtisaslı hərbiçilərin olması vacib şərtdir. 20 ildən çoxdur ki, müharibə şəraitində olan Azərbaycanda da hərbi kadrlar hazırlanır, bununla bağlı müxtəlif akademiyalar, ali hərbi məktəblər açılır. Amma bu gün həmin ali hərbi məktəblərdə oxuyanlar qəbul imtahanlarından o qədər də yüksək nəticə göstərməyənlərdir.

Hərbidə fiziki güc lazım olduğu kimi, müəyyən taktikaları işləmək, beyin müharibəsi aparmaq üçün yüksək savad da lazımdır. Amma ali hərbi məktəblərə qabiliyyət imtahanları verən şəxslər daha aşağı bal toplamaqla bura qəbul olur və müəyyən müddətdən sonra zabit olur.

“Bu istənilən ölkənin həyatını, təhlükəsizliyini bilavasitə müəyyənləşdirən bir problemdir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. O, qeyd edib ki, ölkədə məhz hərbi ali təhsilin kifayət qədər peşəkarlardan, ən yüksək təhsilli və bilik sahiblərindən formalaşması üçün dövlət ötən dövr ərzində müəyyən bir taktiki plan seçmiş oldu.
“İlk dövr yüksək bal toplamayanların bu prosesə cəlb olunması başa düşülən idi. Hesab edirəm ki, həmin vaxt hərbi məktəbin yetirmələri sonrakı dövrdə hərbi sferada oturuşdular, müəyyən bir yer tapdılar və ölkənin quruculuğunda iştirak etməyə çalışdılar. Lakin ondan sonrakı dönəmdə bu prosesi daha da fərqli standartlarla aparmaq gərək idi”.

Z. Orucun fikrincə, bura beynəlxalq təcrübəni qatmaq və bir sıra başqa xarakterli sosial proqramları həyata keçirmək lazım idi ki, gerçəklikdə sadəcə bir keçmişə çevrilsin, reallıqda isə ən yüksək bilik daşıyıcılarının hərbi sferada olduğunun görək.
“Belə proqram sırasına nələri aid etmək olardı? Bir sıra imtiyazlar, xüsusi sosial üstünlüklər, gələcək karyera quruculuğu, mənzil təminatı və s. məsələləri elə ifadə etmək lazımdır ki, həmin stimul pilləkənini qurmaq mümkün olsun. Bununla ölkənin təhlükəsizliyi, müdafiə qabiliyyətinin möhkəmlənməsində iştirak edən bu insanlar həkim, hüquqşünas və digər peşə sahiblərindən nəinki geri qalmadığını, əksinə daha üstün tutulduğunu və dövlətin ümumi siyasi, ideoloji hərbi xəttində ön yerdə dayandıqlarının şahidi olsunlar”.

Ona görə millət vəkili hesab edir ki, hökumətin kifayət qədər resurs və imkanları var ki, bunu qarşıdakı dövrdə daha sistemli və intensiv şəkildə aparsın.
“İndiki dövrdə gerçəklik odur ki, bu problemlər mövcuddur. Çox aşağı balla hərbi məktəblərə daxil olanın ən yüksək peşəkar zabitlərə çevrilməsi qeyri-mümkündür. Biz bilməyik ki, bütün zabit heyətinin ölkənin həyatında iştirakı məhz onun beynindən, biliklərindən başlayır. Fiziki göstəricilər təbii ki, burada önəmlidir, amma ən başlıca məsələ düşmənlə savaşda mənəvi, psixoloji, elmi cəhətdən hazırlıqdır. Təkcə çiyinlər, qollar savaşmır, birinci növbədə beyin savaşı gedir. Biz bunu o zabitlərin üzərində qura bilərik ki, onlar orta məktəbləri yaxşı qiymətlərlə başa vura bilsinlər. Qardaş Türkiyənin təcrübəsi bir model kimi qəbul oluna bilər. Düşünürəm ki, qarşıdakı dövr üçün birinci növbədə hərbi ali təhsil sferasında məhz çox ciddi addımlar atmalıyıq. Buraya vətəndaşların cəlb olunması üçün dövlət mühüm stimullaşdırıcı layihələrlə çıxış etməlidir”.

Hərbi ekspert Cəsur Sümərənli bildirib ki, əgər zabit savadsız olarsa, onun tabeçiliyində olan əsgərlər daha tez ölüm təhlükəsi ilə üzləşə bilər, bu da orduda ölüm sayının artmasına gətirib çıxara bilər.
“Ona görə yüksək balla ali hərbi məktəbə qəbul olan zabitlərin çox olması ordunun ümumilikdə daha üstün səviyyədə olmasının göstəricisidir. Təəssüf ki, Azərbaycanda son illər bu sahədə ciddi problemlər ortaya çıxıb. İldən-ilə ali hərbi məktəblərə qəbul balı aşağı düşür. Son məlumatlara görə, ali hərbi məktəblər üçün keçid balı 150 bala qədər endirilib. Bu doğurdan da ciddi problemdir. Ümumilikdə ordunun gücünə təsir edən məqamdır”.

C. Sümərənli qeyd edib ki, aşağı nəticə göstərib ali hərbi məktəblərə qəbul olanların sonradan orduya töhfə vermək imkanları məhdud olur. “Bu da ordunun gücünün aşağı olmasına gətirib çıxarır. Problemin kökü ilk növbədə sosial təminatda, karyera məsələlərində araşdırmaq lazımdır. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlər 400 manatdan başlayaraq məvacib alırlar və onların əlavə işlə məşğul olmaları qanunla yasaq edilib. Yüksək savadlı insanlar isə daha çox qazanmaq, sosial təminatlarını yaxşılaşdırmağa nail olmağı qarşılarına hədəf qoyublar. Bu əmək haqqı isə onları hərbçi olmaqdan uzaqlaşdırır”.

Hərbi ekspert vəziyyətdən çıxış yolunu ilk növbədə ali hərbi məktəblərdə təhsil almanın nüfuzunu gücləndirməklə əlaqələndirib.
“Bir sıra addımlar atılmalıdır, kursantların sosial təminatının gücləndirilməsi, ayrı-ayrı hərbi məktəblərdə təhsilin keyfiyyəti də diqqət mərkəzində olmalıdır. Onların yaşayış təminatı, qaldıqları yerin vəziyyəti bu işlər kompleks şəkildə həyata keçirilməlidir. Eyni zamanda imtahanların şəffaf keçirilməməsi kimi məlumatlar var, bunlar həll edilməlidir. Kompleks şəkildə bu problemlər həllini tapmalı, maddi təminat gücləndirilməlidir ki, ali savadlı insanlar daha çox ali məktəbə qəbul olmaq istəsinlər”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü