Modern.az

Abel Məhərrəmova açıq məktub

Abel Məhərrəmova açıq məktub

Təhsil

11 Yanvar 2013, 10:58

Hörmətli Abel müəllim! Deyirdilər ki, dekabrın 21-də dünya dağılacaq, çoxu kimi mən də inanmırdım! Hərənin öz arqumenti var və o səbəbdən inanmırdı dünyanın dağılmasına, mən də ona görə birmənalı inanmırdım ki, həmin gün Siz dünyaya gəlmisiniz! Doğrudur, yaş kağızınızda 5 yanvar 1950-ci il yazılıb, bununla bağlı rəhmətlik atanız Məmmədəli müəllim deyərdi:
”Düşündüm ki, 5-10 günə görə bu uşaq 40-cı illərin övladı olacaq, qoy 50-ci illərə keçsin, gedib rayonda  belə yazdırdım...”.

O vaxt belə şeylərə çox fikir verməzdilər, bir də heç kəsin ağlına gəlməzdi ki, Ermənistandan qaçqın düşmüş Ağdamın Əhmədağalı kənd məktəbi müəlliminin ailəsində dünyaya gələn bu uşaq sonralar çox tanınmış bir insana çevrilə biləcək! Bəli, məhz çevrilə biləcək!!! Çünki, indi zaman ötdükcə çox aydın görünür ki, xalqımızın tarixinin ən ağır dövrləri məhz Sizin yaşıdlarinızın taleyinin həlledici dövrləri olan 50-70, bir də 88-95-ci illər olub. Bu illərdə qaçqınlıq da, sürgün də, aclıq da, müharibə də, dövlət çevrilişləri də, vətəndaş qarşıdurmaları da, böhranlar da... daha nələr, nələr olub... Həmin illərdə bir məqsəd, amal uğrunda mübarizəyə qalxıb sonadək çarpışmaq və qalib gəlmək qeyri-mümkün hal idi. Çünki bu günün alqışları sabah qarğışa, bu günün qəhrəmanlığı  sabah yamanlığa çevrilirdi. Qiymətlər, qiymətləndirmələr dəyişirdi, çünki meyarlar sabit deyildi. Geri qayıdan köçün qabağına qoyunun axsağı düşdüyü kimi  bəzən elə adamlar “liderə” çevrilirdi ki, adam məəttəl qalırdı...

O qarışıqlığın birinə də Siz düşdünüz. 60-cı illərdə SSRİ-nin rəhbəri olan Xruşovun “gələcək kimyanındır” çağırışı Sizi də “çaşdırdı” və kimyaçı olmaq qərarına gəldiniz. Xruşov gələcəyi kimyaya “verə bilməsə” də, özü də bilmədən kimyaçılara “verdi”. O dövrün bütün xüsusi  istedadlıları kimyaçı olmaq qərarında olduğundan bu elm sahəsi də sıçrayışla irəli getdi, cəmiyyətdə də kimyaçılar yüksək yerlər tutdular. Nə isə, sözüm onda deyil, əsas fikrim odur ki, Sizin 16 yaşında hay-küyə düşüb kimyaçı olmaq qərarınızı təbii hesab etmək lazımdır, çünki, praqmatik hesablamalar gəncliyə yaddır, cavanlıq təfəkküründə çətinə qalib gəlmək hünər sayılır və s. Ən böyük hünər  isə boynuna düşən məsuliyyətin ağırlığını dərk edib onun öhdəsindən məharətlə gəlməkdir ki, bunu da məharətlə bacara bildiniz. Şagird kimi də, övlad kimi də, tələbə olanda da, professor rütbəsində də, rektorluqda da...

Yadınızdamı, 80-ci illərin sonunda dünya dönəndə bir çoxları qazanc dalınca xaricə üz tutdu, bəziləri müəllimliyi atdı, elmlə vidalaşdı... Amma Sizin inamınız ölmədi, heç bir qüvvə Sizi elmdən, müəllimlikdən, doğma Universitetdən ayıra bilmədi. Onda kim inanardı ki, yenidən hər şey bərpa olacaq, universitet də, müəllimlik də əvvəlki nüfuzunu qaytaracaq, bəlkə o vaxtkından da yaxşı olacaq?! Deyirlər, insanın ümidi sonuncu öləndir. Ancaq mən Sizin ömür yolunuza baxanda düşünürəm ki, sona qalan sədaqət və etibardır. Başqalarını bilmirəm,ancaq Sizi sona qədər mübarizəyə aparan qüvvə ümid deyil, sədaqətdir. Bu böyük və tükənməz  enerji yaradan qüvvəni dostlara, valideynlərə, müəllimlərə, ən adi adamlara, sıravi seçicilərə münasibətdə görmüşəm. Bu sədaqətin hesabına Siz kimya elminə(boynunuza düşən ixtisas olmağına baxmayaraq) bir çox yeniliklər gətirən dünya şöhrətli alimə çevrilə bilmişsiniz. Məhz sadiqliyinizə görə Siz çətin vaxtlarda Vətəni, ölkəni tərk etməyib Universitetdə qalmaq, onu yaşatmaq qərarını qəbul etdiniz.

Mən qəti əminəm ki, əgər Sizin kimi fədakarlar olmasaydı, çox şey başqa cür olardı! Hərdən düşünürəm ki, bu gün hər arzusunun ən yüksək zirvəsinə çatan bir insana nə lazımdır görəsən? Alimliyin ən alisi akademiklikdir,  təhsildə ən yüksək rütbə birinci ali məktəbin rektorluğudur, vətəndaşlıqda deputatlıq,siyasətdə də aparıcı partiyanın İdarə heyətinin   üzvü olmaq. Bunların hamısı var, bəs niyə bu insan özünə rahatlıq tapmır? Gecə-gündüz işləyir, çalışır, nəsə qurmaq, yaratmaq, yeniliklər etmək üçün mübarizə aparır? Bu sualın cavabı da sədaqətdir! Vətənə sədaqət, xalqa sədaqət, elmə, təhsilə sədaqət! Mən bunu bilirdim,  ancaq bu yaxınlarda bir yerdə özünüz də etiraf etdiniz: ”Məni hərdən qınayırlar ki, bir az da özün üçün yaşa! Ancaq mən başqa cür yaşaya bilmərəm. Əgər mən bu gün öz təcrübəmi, biliyimi, qüvvəmi xalqıma sərf etməsəm, mən də yaxamı kənara çəkib gedib sakit həyat sürsəm, özümü bağışlaya bilmərəm. Bu bacarıqları mənə xalq verib, bunu mən ona qaytarmalıyam.”

Mənim üçün, mənim dostlarım, həmkarlarım üçün nə qədər çətin olsa da, biz də tale yazısı kimi, Sizinlə birlikdə bu yolu şərəflə gedirik. Universitetimizin müqəddəs tarixini Abel Məhərrəmovla birgə yaza-yaza...

Fikrət Şiriyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü