Modern.az

General Rövşən Əkbərov ölən əsgərlə bağlı danışdı: “Əsgəri döyməyiblər, dağdan yıxılıb...”

General Rövşən Əkbərov ölən əsgərlə bağlı danışdı: “Əsgəri döyməyiblər, dağdan yıxılıb...”

11 Yanvar 2013, 20:30

"Bu, iynə deyil ki, samanlıqda itsin və tapılmasın"

Şəmkir ordu birləşməsinin komandanı, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov “Media forum” saytının suallarını cavablandırıb.

 - Şəmkir hərbi birləşməsinə daxil olan və Daşkəsəndə yerləşən hərbi hissənin əsgəri Ceyhun Qubadovun ölümü hadisəsi necə baş verib?

- Araşdırma gedir. Ceyhun Qubadovun bölük komandiri və bölüyün baş çavuşu həbs olunub. Onlar nəzarətsizlik ediblər. Təqsiri olan zabitlərin hamısı birbaşa cəzalandırılacaq. Kimin təqsiri var, buna görə cavab verəcək. Mətbuat Ceyhunun döyüldüyünü yazır. Bu, düzgün deyil. Məhkəmə-tibbi ekspertizasının rəyi var, ekspertizada prokuror da, mənim müavinlərim də, digər zabitlər də iştirak edib, meyitə baxış keçiriblər. Morqda kamera ilə çəkiliş aparılıb ki, sonra bir söz-söhbət olmasın. Ölüm hadisəsi faktdır, onsuz da açılacaq. Bu, iynə deyil ki, samanlıqda itsin və tapılmasın.

Məsələ ondadır ki, ictimaiyyəti düzgün istiqamətləndirmirlər, yanlış informasiya verirlər. Əsgəri döyməyiblər. Döyülmə olsa, hansısa daxili orqanı partlamalıdır, başa vurulma olsa, beyin dağılmalıdır. Ölüm halı bunun nəticəsində ola bilər. Əsgərdə ürək çatışmazlığı olub. Dağa qalxıb. Ora dəniz səviyyəsindən 3000 metrdən də çox yüksəkdədir. Təzə əsgərdir, hündürlüyə qalxıb, gücü az olub. Bölük komandirinin günahı ondadır ki, əsgərlərə tapşırıq verib ki, oranı bir günə qalxsınlar. Amma briqada komandirinə, qərargah rəisinə, tabor komandirinə tapşırıq verilib ki, təzə əsgərləri hündürlüyə mərhələ-mərhələ qaldırsınlar. Bununla bağlı mənim də əmrim var. Gərək onlar bir qədər hündürlüyə qaldırılaydılar, bir neçə gün orada qalaydılar, sonra daha yüksəkliyə qalxaydılar.

Müdafiə Nazirliyi çox adamı cəzalandırıb. Briqada komandiri vəzifəsindən çıxarılıb, rütbəsi alınıb. Mənim özümə də, müavinlərimə də cəza verilib. Çünki yəqin belə lazımdır, Müdafiə Nazirliyi belə hesab edir.

- Amma yayılan foto və videolarda Ceyhunun bədəninin müxtəlif yerlərində xəsarət izləri var. Həmin xəsarətlər daha çox döymə nəticəsində alınan xəsarətlərə oxşayır. Siz özünüz Ceyhunun meyitinə baxış keçirmişdinizmi?

 - Bəli, gedib baxmışdım. Onun gözünün altında olan yara dağa qalxanda bir neçə dəfə yıxılması nəticəsində yaranıb. Orada yıxılıb, üzü dəyib. Lap tutaq ki, onun üzünə, burnuna vurublar. Bundan insan ölmür, keçinmir ki. Düz deyil? Axı məntiq olmalıdır da. Gərək nəyləsə başından vurasan ki, beyni dağılsın, ya sinəsindən vurasan ki, qaraçiyəri dağılsın və bu da ölümə səbəb olsun.

 

- Yəni əsgərin üz-gözündəki xəsarətlər yıxılma xəsarətidir? Bununla bağlı ekspertiza rəyi varmı?

- Ekspertiza rəyi var. Orada qeyd olunub ki, o, yıxılıb, burnu dəyib. Onun burnu sınıq deyil, burnunun üstü cırılıb. Gözünün altı da partlayıb. Əvvəlcə biz də elə bildik ki, döyülüb. Sonra hərbi-tibbi ekspertizası keçirilib. Hərbi-tibbi ekspertlər meyitə baxıblar və onlar deyiblər ki, onun gözünün altındakı yaralarda daşın qırıntıları və qum qalıb. Bir daha deyirəm ki, məsələyə məntiqlə yanaşmaq lazımdır. İnsanı üzündən, burnundan vursan, ölə bilər?

- Ola bilərmi ki, zabitlər əsgəri döyüblər, sonra isə izi azdırmaq üçün onu hündürlükdən aşağı atıblar? Bunu real hesab edirsinizmi?

- Orada 20 nəfər olub, hamısı dağa birlikdə qalxıb. Hadisə onların gözü qarşısında olub.

- Siz ordunun ən gənc və perspektivli generallarından hesab olunursunuz. Yanvarın 10-da isə sizə töhmət verilib. Bunu necə qiymətləndirirsiniz? Bu cəza ilə razısınızmı?

- Bilirsiniz, mənə şiddətli töhmət deyil, min dənə şiddətli töhmət verilsə belə, ən ağırı odur ki, mən əsgər itirmişəm, Azərbaycanın övladını itirmişəm. Məni yandıran budur, buna görə mənəvi əzab çəkirəm. Mən gənc bir oğul itirmişəm. Onu anası böyüdüb orduya göndərib. Mənim də oğlum hərbi xidmətdədir. Mən onlara bir oğul kimi baxıram. Valideynlərə çox sağ ol deyirik ki, balalarını gizlətmirlər, onları böyüdüb boya-başa çatdırıb, orduya göndərirlər. Mən bir zabit kimi onlara çox sağ olun deyirəm ki, övladlarını vətəni qorumağa göndərirlər. Hadisədir, baş verib və mənim üçün ən böyük əzab odur ki, biz cavan oğlanı itirmişik. Başqa heç nəyi fikirləşmirəm.

- Hazırda istintaq qrupu hadisə yerindədirmi? Zabitlər, əsgərlər dindirilibmi?

- Bəli, istintaq qrupu buradadır, iş gedir. İşə aidiyyəti olan vəzifəli şəxslərin hamısından izahat alınır, bu iş davam edəcək. Təqsiri olan hər kəs qanuni cəzasını alacaq.

- Deputat Qüdrət Həsənquliyev hadisə ilə bağlı açıqlama yayıb. O deyib ki, Rövşən Əkbərov Şəmkir korpusuna məhz nizam-intizamı gücləndirmək üçün göndərilmişdi: “Onun adı hər zaman ordu rəhbərliyinə gətirilə biləcək namizədlər sırasında hallandırılırdı. Düşünürəm ki, bəzi iqtidaryönlü kütləvi informasiya vasitələrinin də bu kampaniyaya qoşulması, Rövşən Əkbərovun dərhal cəzalandırılması bizi daha ciddi düşünməyə və nəticələr çıxarmağa sövq edir. Ola bilsin ki, müəyyən qüvvələr baş vermiş hadisədən yararlanaraq Azərbaycanın perspektivli kadrlarından birini ləkələmək istəyirlər. Yaxud hadisə məhz bu məqsədlə təşkil olunub. Hesab edirəm ki, hər iki ehtimal ciddi şəkildə araşdırılmalıdır”. Bunu necə qiymətləndirirsiniz?

- Mən 1991-ci ilin sonundan ordu sıralarındayam. Bu günədək vətənimə, xalqıma, prezidentimə xidmət edirəm. Hər bir azərbaycanlı kimi mənim də ən böyük problemim odur ki, düşmən, namərd qonşularımız ermənilər bizim torpaqlarımızı işğal ediblər, orada gəzirlər. Düşmən o torpaqları boşaltmalıdır, biz onları buna məcbur etməliyik.

Bir məsələni də qeyd edim ki, rütbəsindən asılı olmayaraq əsil vətənpərvər zabit, o cümlədən general heç vaxt fikirləşməz ki, mən kiminsə yerinə keçməliyəm, yuxarı vəzifəyə getməliyəm. Ali baş komandanın mənə verdiyi bu vəzifə böyük məsuliyyət və şərəfdir. Mən indi çox məsuliyyətli və şərəfli bir vəzifə daşıyıram. Mənim ən əsas vəzifəm, maraq və istəyim burada nizam-intizamın yaranmasıdır, əsgərlərin, zabitlərin şəraitinin yaxşı olmasıdır və döyüş tapşırıqlarımızı yerinə yetirməkdir. Eyni zamanda, əsgərlər, zabitlər vəzifə borclarını sağ-salamat yerinə yetirsinlər, sağ-salamat evlərinə qayıtsınlar. Bunlar mənim vəzifə borcumdur. Sabah ali baş komandanımız bizə döyüş tapşırığı verərsə, biz hər bir tapşırığı yerinə yetirməyə hazırıq. Bunu edəcəyik, canımız çıxsa da, ölsək də gedib o torpaqları işğaldan azad edəcəyik, öz torpağımıza sahib duracağıq. Mənim bir zabit kimi əsas vəzifəm budur. Ona görə də kim nə yazır, özü bilər. Mən intriqalara heç vaxt qarışmamışam. Heç vaxt da heç kimdən xahiş etməmişəm ki, mənim haqda nəsə söyləsin, etsin. Gedib kiminsə yerində oturmağı da heç vaxt fikirləşməmişəm. O böyük məsuliyyəti öz üzərimə götürməyə hələ hazır deyiləm.

- Əvvəlki illərdə Şəmkir birləşməsi ordunun problemli, əsgər itkisi çox olan hərbi birləşməsi sayılırdı. Siz məhz bu problemləri həll etmək üçün ora göndərildiniz. Şəmkir birləşməsində hazırkı vəziyyəti, xüsusən də hərbi nizam-intizamla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Mən öz işimə qiymət verə bilmərəm. Əgər vəziyyəti bilmək istəyirsinizsə, bura gələ, ordu birləşməsinin daxilində olan istənilən hərbi hissəyə baş çəkə, əsgərlərlə, zabitlərlə söhbət edə bilərsiniz. Onlar sualınıza cavab verərlər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü