Modern.az

“Şevardnadze atama demişdi ki, əsl aktyor, bax belə olar!” - Məşhur “Şakir Şəkəroviç”in oğlu atası haqda danışır - LAYİHƏ

“Şevardnadze atama demişdi ki, əsl aktyor, bax belə olar!” - Məşhur “Şakir Şəkəroviç”in oğlu atası haqda danışır - LAYİHƏ

Mədəni̇yyət

4 Fevral 2013, 11:06

“Telman Adıgözəlov deyirdi ki, məni çörəyə çatdıran Səməndər Rzayev olub”

Güləndə “Hidayət müəllim” kimi yüksək qəhqəhələrlə ürəkdən gülər, hirslənəndə, inciyəndə isə “Şakir Şəkəroviç” kimi qaşlarını çatardı. Vay o günə ki pianinoda çalıb-oxumaq istəsin. Pianinonun dilləri iri barmaqlarının altında sanki tərəkəmə rəqsi oynayırmış kimi oyana-bu yana qaçardı. Gözlərindəki oda baxıb onu alova, səsindəki həlimliyi, ağayanalığı eşidib sərin bir mehə, gülüşündəki şaqraqlığı isə ildırım çaxmasına bənzətmək olardı...

Modern.az saytının “Köhnə ev” layihəsi üçün görkəmli sənətkar Səməndər Rzayevin evinə daxil olanda nə alovu, nə də ildırımı görəcəyimi bilirdim. Sadəcə xatirələrinin könlümüzə, ruhumuza xoş gələcəyini yəqin edib aktyorun oğlu Rəşid Rzayevlə (Səməndər) atasının 41 illik ömür səhifələrini vərəqlədik.

Aktyor olmağa necə qərar verdi...

“Atam evin sonbeşiyi olub. Anası həmişə ona “səməni” deyərdi. Qəşəng şəkil çəkirdi, yazılar yazırdı. Balaca olanda kinoteatrdan gedib sifarişlər alırmış, yəni plakatlar yazırmış. Bununla da qəpik-quruş alıb anasına verirmiş. O özü aktyor olmağa necə qərar verdiyindən də danışıb. Deyirdi ki, uşaqlarla körpüdən sürüşəndə yıxılıb dizini sındırıb. Düz 4 il xəstəxanada yatıb. Və 4 il də hər gün radiotamaşalara qulaq asırmış. Qəzetlərdə teatr haqqında çıxan yazıları hətta əzbərləyirmiş. Bir gün Maksim Qorkinin əsəri olan “Arxip baba və Lyonka”nı verirmişlər. Arxip babanı Ələsgər Ələkbərov, Lyonkanı isə Barat Şəkinskaya səsləndirirmiş. Deyir, onda mən and içib ki, aktyor olacaq. Ələsgər Ələkbərovun səsi onu aktyor etdi. Bununla da o arzudan, istəkdən vaz keçə bilmədi”.

“Bir dəfə gəlib demişdilər ki, Rəşidin əlində siqaret görmüşük”

“Bu adam sözün əsl mənasında qayğıkeş idi. Deyirlər e, başa tac, qəlbə Süleyman atadır. Atalığa aid nə deyilibsə, nə yazılıbsa, hamısı bu adamda vardı. Böyük ürək, qayğı və zəhm var idi. Zəhm deyəndə, yəni bu insan pedaqoq idi. Dursun söysün, döysün – yox. Bir dəfə qaşını çatardı, ürək ağrısı ilə üzünü qırışdırardı, – bu adama bəs idi. Bunlar bizim üçün söyüşdən və vurmaqdan da betər idi. Heç vaxt bu adam evdə nə səsini qaldırardı, nə də ki kiməsə əlini. Özü də ürək ağrısı ilə küsürdü adamdan. Bir dəfə gəlib demişdilər ki, “Rəşidin əlində siqaret görmüşük”. Anam hirsləndi, özündən çıxdı. Atam isə taxtında uzanmışdı. Baxdı mənə, gördüm ürəyi ağrıyır. Dedi, “Rəşid sən mənim ölməyimi istəyirsən? Əgər mənim ölməyimi istəyirsənsə, get yenə siqaret çək. Vəssalam, gedə bilərsən”. Qurtardı, nə söymək, qışqırmaq oldu. Ondan sonra oğul olan kəs bir də siqaretə yaxın gedər!? Onun böyük əlləri vardı. Ona görə də yumruğu kimi də ürəyi böyük idi. Mən onun ürəyinə görə də onu çox istəyirdim. Ondan nə qorxurdum, nə də yaltaqlanırdım. Mən onu sevirdim. Bundan da hörmət yaranırdı. Və atam məndən incisə idi, mənim üçün bu faciə idi. Hiss edəndə ki, hansısa hərəkətim onun ürəyinə toxundu, mən özümə yer tapa bilmirdim.

Bacımla tutaq ki, sözləşəndə o bizdən inciyərdi. Atadı da, deyirdi, yəni övladsınız atanıza hörmət edin, qanacağınız olsun. Yəni belə şeylər ona toxunurdu. Anamla bir sözü-söhbəti olanda uzaqbaşı deyərdi ki, “sənin zatına lənət”. Qurtardı. Uzaqbaşı ürəyi ağrıyırdı, yığırdı içinə, gedib otağında yatardı”.

“Atam həmişə tək qalmaqdan qorxurdu”

“Məclis adamı idi. Ürəyi sıxıldıqca dostlarını yığıb başına bir məclis təşkil edərdi. Bu adam təklikdən qorxurdu. Tək olanda ürəyi sıxılırdı, canı ağrıyırdı. O dəqiqə deyirdi ki, harasa gedək. Tez məni də götürürdü bir dostugilə gedirdi ki, təki bir kampaniya olsun. Ölsə də, heç vaxt oturub tək yeyib-içməzdi. Kimsə mütləq olmalı idi. Bizim evə hər gün adam gəlirdi. Qonaq-qaralı ev idi. Adamın Allahı var, anam da həmişə deyərdi ki, “Səməndər, qoy dostların bizə gəlsin, təki bizim evdə yeyin-için, qonaqlıq olsun, bilim ki, gözümün qabağındadır”. Lap gecə saat 12-də də evimizə atam qonaqla gəlsəydi, anam heç nə deməzdi. Yəni dostbaz insan idi”.

“Anam atamın gözlərinə vurulub”

“Anamla atamın uzaq qohumluqları çatır. Onlar bir-birlərini bir məclisdə görüblər. Anam deyir ki, “mən onu görən kimi sevdim”. Deyirəm, nəyinə vuruldun? Deyir ki, “gözləri çox təmiz idi. Mən də onun parlaq, təmiz gözlərinə vuruldum”. Deyirəm, bəs atam sənin nəyinə vurulub? Deyir, “onu fikirləşirəm, hələ də tapa bilmirəm” (gülür). Çox mehriban cütlük idilər.  

Xarici görünüşünə görə bacım atama çox oxşayır. Mən isə anama çəkmişəm. Bacım həm də xasiyyətdə də ona oxşayıb. Onun kimi özgəsinin işinin dalınca qaçsın, amma özünə heç nə etməsin. Gənclikdə qalanda anam deyirdi, “ay Səməndər, özümüz birotaqlı evdə qalmışıq. Sən bir öz işinlə də məşğul ol da. Onun-bunun işi üçün gedirsən, evimizlə məşğul olmursan”. O zaman həmin birotaqlı evi Heydər Əliyev atama bağışlamışdı. Deyirdi, “nə olsun ki, evimiz birotaqlıdır, qəşəngdir, qonşular da bizi tanıyır” və s. Anam deyirdi, “bu uşaqlar böyüyəcək, bir otaqla olmaz axı”. Anam olmasaydı, yəqin ki, biz bir otaqda da qalacaqdıq. Özü üçün heç nə etməyə, kiminsə qapısını döyməyə meylli deyildi. Amma başqaları üçün düşsün qabağa, qapılar döysün, qapılar açsın. Evdarlığı yox idi. Qəşəng şəkil çəksin, pianinoda çalsın-oxusun, maqnitofonu qoşsun, səsini yazdırsın oxusun, amma divara bir mismar vurmaq onluq deyildi. Buradakı evimizi də o zaman artistlərə ev bağışlanılan zaman veriblər. Yaşar Nuri, Rafiq Əzimov və başaq sənətkarlar bizim qonşumuz idi”.

“Bilirsiniz ki, o qadın “KQB”-də işləyir”

“Bir məsələ də var ki, bu adam qətiyyən arvadbaz deyildi. Yaşar Nuri deyir, “bir dəfə qatarda gedirik. Mənəm, Səməndər və başqaları. 4 nəfər qadın gəldi. Söhbət-filan, gördük ki, bu qadınlardan biri Səməndərə yaman baxır. Başa düşdük ki, Səməndərdən xoşu gəlir. Durduq biz yavaş-yavaş aradan çıxdıq”. Bir də görüblər ki, iki dəqiqə keçəndən sonra atam qapını açıb ləhləyə-ləhləyə gəlir:
- Əə, yekə adamsız, məni tək qoyub getmisiniz” .
- Səməndər, səndən xoşu gəlirdi.
- Ə, nə xoşu gəlmək, qadın bilirsiniz harada işləyir, “KQB”də. 



Yalandan e, təki qadından canını qurtarsın. Belə şeylərlə arası yox idi. Onunku qadına hörmət etmək idi. Atamın arvadbazlığı yeyib-içmək, bir də sənəti idi. Bir də görürdün ki, məclis qurub dostlarla yığışdılar, güldülər, şeir dedilər, stolun üstündə nağara da çaldılar. Toya gedərdi, məclis aparardı, qəzəllər, şeirlər deyərdi. Bir xeyirdən, şərdən qalmaz idi.

Qazandığı pulu anama gətirib verərdi  Deməzdi haradan gəldin, haradan getdi. Birdə görürdün ki, məni çağırdı ki, gəl güləşək. Mən də onda zəif uşaq idim. Elə şərait yaradardı ki, guya mən onu yıxdım. Deyərdi, “köpək oğlu sən atanı yıxdın. Sənlə bacarmaq olmur. Sən güclüsən””.

“Gürcüstanın prezidenti Şvarnadze onu şəxsən tanıyırdı”

“MTN-də dostları çox idi. Hətta daxili işlər naziri Ramil Usubovla da dostluq edirdi. Bir də gördün Hacı İsmayılov, Telman Adıgözəlov, atam otururdular bir maşına getdilər rayona. Katiblər atamı görəndə sevinirdilər ki, “Səməndər təki sən gəl, sənin qulluğundayıq”.

Eşidib ki, Telman Adıgözəlov nişanlanıb, amma toy etməyə pulu yoxdur. Hansısa rayona atam Telmanı da aparıb, katibə deyib, bəs yaxşı aktyordur, toy etməlidir, görün neyniyirsiniz. Deyir, həmin adam çıxardıb Telmana xeyli pul, brilyant üzük verib. Telman bir sevinib ki! Ömrünün axırına qədər deyirmiş ki, “mənə çörəyi Səməndər verib”. Bir sözlə, yaxşılıq eləməkdən ləzzət alırdı. Rasim Balayev deyir ki, onu və Mikayıl Mirzəni də səhnəyə gətirən atam olub. Onun Rasim Balayevə məktubları var. Orada yazır ki, “Rasim, sən elə ki, instituta gəldin olursan mənim xalam oğlu”. İnstitutda da demişdi ki, “Rasim mənim xalam oğludur”. Rasim Balayev “Nəsimi“ filminə çəkildikdən sonra ən yaxşı kişi aktyoru mükafatına layiq görülmüşdü. Onda atam sevindiyindən uşaq kimi ağlayıb.

Mikayıl Mirzə isə cığal idi. Atamla bəhsə girirdi. Ona üstün gəlməyə çalışırdı. Deyirdi, “nə var e, mən də onun kimi oxuyaram, oynayaram”. Onda həmişə atama qarşı qəribə bir qısqanclıq vardı.

Ələsgər Məmmədoğlu danışır ki, Gürcüstanın prezidenti Şevardnadze şəxsən onu tanıyırdı. Bir dəfə Gürcüstanda bir məclisdə qoluna girib deyib ki, “vot nastayaşiy aktyor” (“budur əsl aktyor”).

“Ona Xalq artisti adı da verilmədi”

“Atam rəhmətə gedəndə Əməkdar artist idi. Aprelin 28-də Xalq artisti adını almalıydı, amma qismət olmadı, martın 27-də vəfat etdi. Ona ölümündən sonra da bu ad verilmədi.

Axır-axırda idi, ağır xəstə yatırdı, son tamaşasını oynamağa getmişdi. Əlibala Mirəliyev deyir ki, “gördüm Səməndər qapqara qaralıb. Heç halı yox idi”. Tamaşada tərəf müqabili Səidə Quliyeva onu vurmalıydı. Deyib ki, “Səidə vurma ağrıyıram”. “Bağ mövsümü” axırıncı filmi idi. Orada hiss olunur ki, xəstədir”.


 


 

 

 

 

Şahanə RƏHİMLİ
Elçin AĞAYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır