Modern.az

Azərbaycanın “Eurovision-2013” təmsilçisi seçildi - Fərid Məmmədov

Azərbaycanın “Eurovision-2013” təmsilçisi seçildi - Fərid Məmmədov

Mədəni̇yyət

14 Mart 2013, 23:50

Martın 14-də “Buta” sarayında ölkəmizi “Eurovision-2013” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşməsi üçün milli seçim turunun final konserti keçirilib.
Milli seçim turunun final konsertində 10 iddiaçı - Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Aysel Babayeva və Valeriya Hüseynzadə ölkəmizi bu mötəbər yarışmada təmsil etmək uğrunda mübarizə aparıblar.
 
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar Artist Tünzalə Ağayeva, Xalq Artisti, bəstəkar Faiq Sücəddinov, “Rast qrupu”nun bədii rəhbəri Rəşad Həşimov, “Eurovision Azərbaycan”ın musiqi koordinatoru Zəhra Bədəlbəyli, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunub. Münsiflərin qərarını final konsertinin aparıcısı Leyla Quliyeva açıqlayıb. Qərara əsasən Fərid Məmmədov birincilik qazanıb.

Xatırladaq ki, layihə çərçivəsində keçirilən 8 seçim turunda 70 nəfərdən artıq gənc musiqiçinin ifası dinlənilib, onlardan 10-u milli seçim turunun final mərhələsinə vəsiqə qazanmışdı. Onlar beş gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək məşhur “Eurovision” hitlərini, dünya və Azərbaycan estradasından nümunələri səsləndiriblər.

Final konserti Avropa Yayım Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə canlı yayımlanıb.

“Eurovision-2013” mahnı müsabiqəsinin yarımfinalı mayın 14-ü və 16-da, final mərhələsi isə 18-də baş tutacaq. Azərbaycan da daxil olmaqla, 39 ölkənin iştirak etdiyi müsabiqədə təmsilçimiz mayın 16-da çıxış edəcək.

“Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan, Albaniya, Avstriya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Monteneqro, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya və Ermənistan iştirak edəcək.
“Eurovision-2013” şousunun iştirakçıları “We are one”, yəni “Biz birik” şüarı ilə bir araya gələcəklər. Müsabiqə İsveçin “Malmö Arena” konsert salonunda keçiriləcək.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır