Modern.az

Bakı 2015-ci ildə beynəlxalq toplantıya ev sahibliyi edəcək

Bakı 2015-ci ildə beynəlxalq toplantıya ev sahibliyi edəcək

Aktual

6 May 2013, 14:24

2-5 May 2013-cü il tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı İllik Toplantısı keçirilib. Azərbaycanı toplantıda maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

“İnkişafa təkan verək” devizi altında keçirilən illik toplantının əsas mövzusu inkişaf etməkdə olan Asiya regionunun hərtərəfli və yüksək tərəqqisinə nail olmaqdır. Mayın 4-də İllik Toplantının rəsmi açılış mərasimində Hindistan Respublikasının Baş naziri Manmohan Sinqh və AİB-nin yeni prezidenti Takehiko Nakao çıxış edib.

Modern.az-ın məlumatına görə, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlərə toxunan natiqlər, davamlı iqtisadi inkişaf, sosial məsələlərin həlli, yoxsulluğun aradan qaldırlması istiqamətində atılan addımlardan bəhs ediblər. Qeyd olunub ki, son bir neçə onilliklər ərzində nəzərəçarpan tərəqqiyə nail olunsa da, bütövlükdə Asiya ölkələrində  hələ də həlli vacib olan bir sıra məsələlər var. Region ölkələrində ümumilikdə mütləq yoxsulluq içində 800 milyodan cox insan yaşayır. 

Həmçinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, inkişaf etməkdə ölkələrə dəstək, gender bərabərliyi, regional inteqrasiya kimi mövzulara da toxunan Takehiko Nakao region ölkələrində hərtərəfli tərəqqi və artımın təmini üçün vacib olan özəl sektorun inkişafı, ekologiya, əməkdaşlıq və inteqrasiyanın AİB-in 2020-ci il Strategiyasının əsas çağırışı olduğunu vurğulamışdır. AİB prezidenti kimi hədəflərini də açıqlayan T.Nakao bildirib ki, fəaliyyəti boyunca xüsusilə qlobal iqtisadi məsələlərə diqqət artırılacaq və inkişaf yönümlü region ölkələrin tərəqqisinə Bankın verdiyi töhfələr davam edəcək. 

Bankın Rəhbərlər Şurası AİB-in 2012-ci il üzrə illik hesabatının müzakirəsi zamanı maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2013-ci il üçün büdcənin təsdiqi, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırlması və digər məsələlərə baxaraq müvafiq qəraralar qəbul edib. Bankın 67 üzv ölkəsini təmsil edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bank tərəfindən 2012-ci ildə görülən işləri yüksək qiymətləndirərək, inkişaf etməkdə olan ölkələrə bundan sonra da inkişaf yönümlü kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulayıblar.

İllik Toplantı çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. AİB-nin prezidenti Takehiko Nakao, bankın vitse-prezideni Siaoyu Jao, Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauser ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırki icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, mövcud kredit portfelinin qiymətləndirilməsi, ölkəmizin Bank ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələri barədə müzakirə aparıblar.

Eyni zamanda görüşdə AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək 48-ci illik iclası ilə bağlı təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb. AİB rəsmiləri Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə ediblər. S.Şərifov Azərbaycan hökumətinin AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkili üçün müvafiq işlər gördüyünü diqqətə çatdırıb. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirən nazir demişdir ki, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Bundan başqa,  nazir S.Şərifov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə strategiya və əməliyyatlar direktoru Laura Tak, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran, Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə işgüzar görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlığın hazırki vəziyyətinə və inkişaf perspektivlərinə, birgə layihələrin həyata keçirilməsi imkanlarına, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü