Modern.az

Bahar Muradova koreyalıların Füzulidəki tədbirində iştirak edib - FOTOLAR

Bahar Muradova koreyalıların Füzulidəki tədbirində iştirak edib - FOTOLAR

Aktual

27 May 2013, 14:54

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 1991-ci ilin aprelində inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək məqsədilə dövlət agentliyi kimi yaradılıb. KOICA-nın Azərbaycan proqramı 1994-cü ildə fəaliyyətə başlayıb və KOICA layihə, təxirəsalınmaz yardım, təlim proqramları kimi müxtəlif tip layihələr həyata keçirir. Hazırda KOICA Azərsu Açıq Tipli Səhmdar Cəmiyyəti ilə dəyəri 26 milyon ABŞ dolları olan “Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi də daxil olmaqla, Azərbaycan hökumətinin sıx əməkdaşlığı ilə 6 qrant layihəsi həyata keçirir.

  KOICA-nın təlim proqramı Azərbaycanda İnsan Qaynaqlarının İnkişafını dəstəkləyir. Agentlik 400-ə yaxın azərbaycanlını təhsil almaq və müxtəlif təlim proqramlarında iştirak etmək üçün Koreyaya göndərib. KOAZ (KOICA-nın Azərbaycan Məzunları Assosiyasiyası) bu məzunların bir-biri ilə ünsiyyətinə şərait yaradan, Cənubi Koreya ilə Azərbaycan arasında dostluq münasibətlərinə töhfə verən, həmçinin könüllü fəaliyyət həyata keçirən təşkilatdır.  

1 İyun - Beynəlxalq Uşaqları Müdafiə günü ərəfəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin və Koreya Məzunları Assosiyasiyasının (KOAZ) birgə təşkilatçılığı ilə bir qrup könüllü 25 may 2013-cü ildə Füzuli rayonunda yerləşən uşaq bağçasını ziyarət edib. Qrupa KOICA-nın Azərbaycan Nümayəndəliyinin əməkdaşları, KOAZ üzvləri və “Samsunq Elektroniks” şirkətinin Azərbaycan filialının işçiləri daxil idi. Ötən həftə bağçaya ilkin səfəri zamanı uşaqların ehtiyacları ilə maraqlanmış könüllülər bu dəfə azyaşlıları ərzaq, yataq dəstləri, mebel dəstləri, yazı ləvazimatları da daxil olmaqla xeyli hədiyyə ilə sevindiriblər. Koreyanın ən böyük şirkəti olan və biznes mühitı ilə uşaq hüquqlarının və onların maraq dairəsinin vəhdətini öz fəaliyyətində prinsip kimi önə çəkən “SamsunqElektroniks” də bu könüllü tədbirə qoşularaq bağçaya müasir televizorlar, soyuducular, paltaryuyan maşınlar və digər elektrik avadanlıqları bağışlayıb.  

Milli Məclisin vitse-spikeri Bahar Muradova da tədbirdə iştirak edib, bu xeyriyyə aksiyası üçün öz təşəkkürünü bildirib və KOAZ üzvlərini cəmiyyətə bu cür töhfə verdiklərinə görə alqışlayıb. O, həmçinin KOICA-nın Azərbaycana verdiyi töhfəni qeyd edib və KOICA-nın Azərbaycanla Koreya arasındakı dost münasibətlərin inkişafında bundan sonra da mühüm rol oynayacağına ümidvar olduğunu bildirib.  

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirə qatılaraq göstərilən diqqət və qayğıya görə ictimaiyyət adından qonaqlara minnətdarlığını bildirib. Öz növbəsində, KOICA-nın Azərbaycan Nümayəndəliyinin rezident nümayəndəsi xanım Kim EunSuk Bahar Muradovaya və rayonun rəhbərliyinə yüksək qonaqpərvərliyə və təşkilatı işlərdə göstərdikləri köməyə görə təşəkkür edib, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və KOICA-nın Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu söyləyib.








Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü