Modern.az

Hədəflər

Hədəflər

31 May 2013, 08:50

Məxmər örtüklü masanın ortasında üçbucaq çərçivəsində düzülmüş şarlar sərrast baxışların və güclü əllərin nişan aldığı ani bir zərbə ilə hərəkətə gələrək, müstəvinin müxtəlif qütblərinə doğru səpələnir, hərəsi müxtəlif səmtdə yerini tutur...

Sonrakı bir zərbə isə o qədər dəqiq və simvolik alındı ki, ilk baxışdan bunun sadəcə bir bilyard oyunu olduğuna inana bilmirsən...

Elə təkrarsız kadrlar idi ki!...

O sərrast baxışlar, çubuqla o dəqiq zərbə, məxmər örtüklü masanın müxtəlif səmtlərindəki koğuşlara doğru səpələnən bilyard daşlarının o nizamı bu gün dünya müstəvisində Azərbaycanın durumuna o qədər uyğun gəlirdi ki...

Prezident İlham Əliyevin şarları hədəfə vurduğu o kadrları ilk dəfə televiziyada izləyəndə, bir anlıq özümü dünya boyda bilyard masasında gedən gərgin bir oyunun tamaşaçısı kimi hiss etmişdim.

...Və elə o anlarda düşünmüşdüm ki, əgər günlərin birində Azərbaycanın çağdaş dünyamızdakı mövqeyi barədə yazacaq olsam, ilk cümlələrim nə vaxtsa izlədiyim o qənimət kadrlardan, HƏDƏFİ dəqiq müəyyənləşdirən o iti və sərrast baxışlardan, yaşıl məxmər üzərində nizamla koğuşlara doğru diyirlənən o bilyard şarlarından başlanmalıdır...

v v v

...Aradan bir zaman ötəndən sonra indi həmin anlarla yenidən baş-başayam, yelkənsiz qayıqla sahilə doğru üzən dənizçi misalı tək mən də içimdəki təəssüratlar ümmanından o anların işığında - öz sahilimə, qarşımdakı kağızların bəyazlığına doğru can atıram.

İllərlə qəlbimdə kükrəyən düşüncələri nizama salıb Sözün hüzuruna gətirməkdən ötrü qələm və kağız ən qüdrətli həmdəmimdir, amma içində dolaşdığım təəssüratların elə uzaq bir yerindəyəm ki, oradan üfüqlərə nəzər salınca hələlik kağız və qələm də məndən çox-çox kənar görünür.

Yazmaq istədiyim yüz minlərlə söz arasından nədənsə hələlik tək bir söz var ağlımda...

"SAĞLAM" sözü...

Onu müxtəlif kəlmələrin epitetinə çevirirəm.

SAĞLAM İNSAN...

SAĞLAM RUH...

SAĞLAM MƏNƏVİYYAT...

...Və Müstəqil Azərbaycan!...

Bəlkə bayaqdan axtardığım da elə budur?!.

Əslində, bütün həyatımız, yaşantılarımız bu kəlmənin gücündən asılı deyilmi?!

- SAĞLAMLIQ həyatın və onunla birgə insanın bütün arzularının, ümidlərinin başlandığı yerdir, sağlam insan - həyatın ümididir, sağlam ruh, sağlam mənəviyyat - dünyanın, insanlığın xoşbəxtliyinə doğru aparan yol...

Onun öz həyat və fəaliyyəti ilə yaratdığı nümunə də başqalarına ilk növbədə bunu öyrədir: dünyaya fayda vermək üçün sağlam cismə, sağlam ruha və sağlam mənəviyyata sahib olacaqsan...

Belə bir örnəyi hər bir fərdin, hətta cəmiyyətdə böyük səlahiyyət yiyəsi olmayan ən sıravi adamın da ömürlüyündə izləmək, əlbəttə, böyük məmnuniyyətdir, amma əgər söhbət dövlətə rəhbərlik edən, toplumun sabahına görə məsuliyyət daşıyan Liderdən gedirsə, yəqin ki, onun aid olduğu cəmiyyətin xoşbəxtliyi barədə daha əlahiddə formullar axtarmağa lüzum qalmır.

Çünki Azərbaycan Prezidentinin aşıladığı dəyərlərdə cəmiyyət xoşbəxtliyə doğru gedən yolunu tapıb artıq...

v v v

İlham Əliyevin içində olduğu böyük siyasətdə təsadüfi heç nə yoxdur!..

Burada ilk baxışda sadədən-sadə görünən hər kiçik jest də onun arxasında gizlənmiş incə mətləblərin bələdçisidir.

Xaraktercə sadə bir insan olan Azərbaycan Prezidenti idman-sağlamlıq ocaqlarının açılış törənlərini, el bayramlarını bəzən gözlənilməz və böyük rəğbət doğuran hərəkətləri ilə yaddaqalan edir...

Məsələn, hansısa idman kompleksinin açılışında dövlət rəhbərimizin ətrafdakıların və belə qiymətli anları əsla qaçırmayan telekameraların kadrlarından onu izləyən milyonların sevgi dolu baxışları altında pencəyini qəfil çıxarıb, çevikliklə turnikə yönəlməsini və illərin davamlı məşqlərindən xəbər verən mahir idmançı vərdişləri ilə çoxları üçün mümkünsüz olan çətin idman təmrinlərini yerinə yetirməsini necə unudasan?!

...Yaxud, Milli Parkda Novruz bayramı gəzintisində onun pəhləvanlarla biləyinin gücünü sınamasını...

Və yaxud, atıcılıq mərkəzində güllələri dəqiq və düzgün hədəfə vurması...

Çoxları üçün bəlkə də bu, sağlam həyat tərzi keçirən və bunu öz vətəndaşlarına da təlqin edən gənc ruhlu, enerjili, zəkası qədər fiziki cəhətdən də qüvvətli Liderin idmana olan qeyri-iradi həvəsidir.

Amma bütün bunlar daha çox dünyaya ünvanlanmış bir ismarış kimi də gəlir mənə...

Prezidentimiz bununla sanki Onun şəxsində ümumən MÜSTƏQİL AZƏRBAYCAN dövlətinin sağlamlığını, gücünü, heç bir maneəyə, təhdidə baxmadan öz qolunun qüvvəsi ilə HƏDƏFLƏRİNƏ yetişmək əzmini, heç bir kimsənin bizi öz yolumuzdan sapdıra, başımıza hakim kəsilə bilməyəcəyini göstərir...

v v v

...Vaxtın dövlət adamlarından cəngavərlik tələb elədiyi illər çoxdan geridə qalıb. Amma indi dünya siyasətində tətbiq edilən hiyləgər fəndlərin döyüş meydanlarındakı mərdanə təhdidlərdən daha az təhlükəli olduğunu kim iddia edə bilər ki?!

Bu təhlükələrdən yayınmaq üçün indiki dövrün dövlət rəhbəri mükəmməl təhsillə, fundamental biliklərlə silahlanmalıdır. İlham Əliyevin böyük siyasət ustasının ailəsində dünyaya gəlməsi, elmi-siyasi elitar mühitdə böyüməsi, dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil alması, apardığı elmi tədqiqatlarla dünyada cərəyan edən yeni meyilləri incəliklərinə qədər öyrənməsi ona zamanında bu imkanları qazandırıb.

Azərbaycan Prezidenti müasir dünya siyasətinin gözlənilməz fəndlərlə dolu mübarizə meydanlarında həmişə güclü tərəfdir!

Çünki o, milli maraqlarımıza qarşı yönələn gedişləri əvvəlcədən duyub vaxtında güclü müdafiə taktikası qurmağı və həmişə də ölkəmizin mənafelərinin qalibiyyətini təmin etməyi bacarır.

Geosiyasi məkanda ona qarşı hansısa təzyiq metodlarından istifadə etmək mümkündür, siyasət tarixində əsrlər boyu sınaqdan çıxarılmış uğurlu-uğursuz üsulları da bir-birinə calamaq olar. Amma bütün bu təzyiqlər, təsirlər, müdaxilələr nəticəsiz qalacaq - Azərbaycan Prezidentinin qərarlarına hansısa formada təsir göstərmək, onu dövlət maraqlarına zidd nələrəsə vadar etmək, sadəcə, mümkün deyil...

Hər bir məsələ haqqında onun öz fikri var, məqamında bu fikirlərini cəsarətlə bütün dünyaya bəyan edər, doğru bildiyi addımı atmaqda heç kimdən çəkinməz...

Çünki söykəndiyi dayaq sağlamdır - əbədi olmayan dostlarını həmişə əbədi maraqlarına satmağa hazır beynəlxalq oyunçular deyil söykəndiyi, yeddidən yetmiş yeddiyə öz Prezidentinə dəstək verən, bütün qərarlarında onun yanında olan qosqocaman Azərbaycan xalqıdır.

Bu gücü, bu vəhdəti kim sarsıda bilər?!.

"...Əgər tarixi perspektiv nöqteyi-nəzərindən baxsaq, prinsipcə ötən yüz il ərzində dünya siyasətində milli və qlobal maraqları təmin etmək formalarından başqa heç nə dəyişməyib. Sadəcə, indi başqa formalar mövcuddur. Praktiki olaraq elə həmin üsullardan istifadə edilir: əmin etmək, əgər bu, alınmasa təzyiq, bu da baş tutmasa, onda daha sərt üsullar tətbiq olunur. Ona görə də prinsipcə dünyada heç nə dəyişməyib. Sadəcə örtük dəyişib və hansısa müddətdə 1990-cı illərdə müstəqilliklərini bərpa edən bəzi dövlətlər nə baş verdiyini anlamırdılar. Düşünürəm ki, indi xoş günlər xülyası quran və hansısa strukturlara daxil olanların bir çoxu dərin təəssüf hissi keçirirlər. Nüfuz dairəsinə dair müəyyən qarşıdurma indi də var, keçmişdə də olub.

Düşünürəm ki, bu, bəzi dairələr tərəfindən sadəlövhcəsinə qəbul olunur. Nüfuz dairəsi guya sənə hesabat verilən yerdir. Əslində isə nüfuz dairəsi sənə rahat olan, hörmət edilən, dəstək göstərilən yerdir"...

Bu sözlər möhtərəm Prezidentimizin dedikləridir...

20 ildən çoxdur ki, taleyinə sahib çıxıb, kiminsə himayəsinə sığınmadan müstəqillik yollarında böyük nailiyyətlər əldə etmiş dövlətin milli maraqlarına bütün dünyanın hörmətlə yanaşmalı olduğunu göstərməkdən ötrü Azərbaycan Prezidentinin səsləndirdiyi bu həqiqətlər müasir dünya siyasətinin iç üzünü açmaq üçün mümkün fikirlərin nə birincisi, nə də sonuncusudur.

Amma razılaşaq ki, yenicə müstəqillik qazanmış ölkələrin müasir dünyadakı yeri barədə bundan mükəmməl fikirlərlə hələ heç bir siyasət, elm adamının çıxışlarında rastlaşmamışıq.

v v v

...Tarix ömrünü at belində keçirərək ucsuz-bucaqsıq ərazilərdə imperiyalar quranlarla bu ərazinin hansısa kiçik məkanında taleyini özünə yurd bildiyi bir parça torpağın səxavətinə bağlamış insanlar arasındakı sadə və güclü qarşıdurmalarda öz əksini tapır.

Min illər boyu insanlar öz dünyalarında bu cür ömür sürüblər.

Bəs onlardan hansının seçdiyi yol daha çox rəğbətə layiqdir?

Zənnimizcə, bu hökmün ən ədalətli münsifi ZAMANIN özü olar, onun reallığında da nə vaxtsa at belində qurulmuş ucsuz-bucaqsız imperiyalardan daha heç nə yoxdur, onlar səhradakı qum təpəcikləri kimi çoxdan göyə sovrulmuşlar.

Taleyini torpağa bağlayıb torpağın bərəkətindən barınanların yaratdıqları mənzərələrdən, tikib-yaratdıqlarından isə dünyanın bugünkü qüdrətli dövlətləri, onun daşlarda naxışlanmış tarixi və indiki dünyamızda öz dövlətinin qüdrətinə güvənən, onun tarixi ilə öyünən xoşbəxt vətəndaşları qalıb.

...Xəyalım bir anlıq doğma məkanlardan ötür, fikrimdə şəhərlərimizin, rayonlarımızın küçələrində, parklarında, keçmişlə bugün arasında dolaşıram, bugünə doğru addımladıqca, öz görkəmini dəyişir hər şey. Nə zamansa gəncliyimin bir parçası ilə vidalaşdığım məkanlarda bahar fərəhini yaşayan ağaclardan və xoş xatirələrdən başqa indi heç nə qalmır.

Keçmişdən daha az şey var bu məkanlarda, sanki ağaclar kimi, binaların, daşın, dəmirin də baharı başlanıb, onlar da libasını dəyişib. Allahın quruca daşı da elə bil adamla dil açıb söhbətləşmək, üstündə qərar tutduğu divarın üzərindəki yöndəmsiz sovet izlərini itirdiyini, zamanında mesenatlarımızın inkişaf etmiş Avropa ölkələrində görüb bəyənib oxşarını şəhərlərimizdə qurub-yaratdıqları tikililərin möhtəşəm ahənginə qarışdığını və beləliklə, bundan sonra min illərə iddialı yeni bir tarixin başlanğıcına çevrildiyini anlatmaq istəyir...

Dövlətçilik memarı Heydər Əliyevin irsindən güc alan Azərbaycan Prezidentinin tikinti-quruculuq işlərinə ayırdığı bu qədər böyük diqqətin sirrini bir də bu həqiqətin işığında açmağa çalışıram...

...İndiyə qədər, sadəcə, vətəndaşların həyatını rahatlaşdıran, uzaq yolumuzu yaxın edən, gün-güzəranımızı yaxşılaşdıran layihələr, tikinti-abadlıq tədbirləri kimi yanaşdığım bütün bu işlərə artıq bir də vaxtın hündürlüyündən baxıram...

Ölkəmizin qiyafəsini dəyişən bu tikililər mənim baxdığım yerdən sadəcə bina, körpü, yol deyil, Azərbaycan xalqının dünyanın bəlli bir məkanında özünüifadəsidir, Yer üzündə bu dövlətin özü qədər əbədiləşən DAŞ İMZALARDIR...

XX əsrin əvvəllərində müsəlman Şərqində yox yerdən ilk demokratik cümhuriyyət bina etmiş, indi nur içində uyuyan zəkası işıqlı kişilərin ümidlərində qırılmış tarixin o zaman qaldığı yerdən davam etməsidir...

Xalqların həyatına gətirdiyi yaxşılı-pisli bütün dəyişikliklərə rəğmən sovet quruluşu tarixin böyük yanlışı idi və əgər zamanı felin şərt şəklində danışdırıb bu yanlışın təkcə elə Azərbaycana vurduğu ziyanları onun faydaları ilə bir çəki-tərəziyə qoya bilsəydik, ziyan tərəfinin xeyli ağır gəldiyini görəcəkdik...

Amma başa gələn çəkilər, demişlər... Və yaşananları geri çevirib yenidən yaşamağa nə lüzum... Keçmişi dəyişib inkar etmək də mümkünsüz...

Bu halda ən düzgün yol - keçmişə tarix kimi sayğı bəsləməklə onun müsbət ənənələri üzərində bugünün - dünyaya açılmış demokratik, sivil Azərbaycanını formalaşdırmaqdır.

O keçmişdən uzaqlaşdıran hər addım bizi xəyallarımızda təsəvvür etdiyimiz Azərbaycana, Heydər Əliyevin arzularında şəkillənmiş və bu gün Prezident İlham Əliyevin xalqla çiyin-çiyinə, dünyada işimizə dəstək olanların iş avandlığı diləyi ilə daş-daş, kərpic-kərpic torpağın köksünə köçürdüyü gələcəyin Azərbaycanına doğru yaxınlaşdırır...

v v v

...Dahi avstriyalı yazar Stefan Sveyqin XX əsrin birinci yarısında Avropanın mədəni və siyasi həyatında baş verənləri öz xatirələri fonunda təsvir etməkdən ötrü qələmə aldığı "Dünənin dünyası" kitabını az qala yüzüncü dəfə vərəqləyirəm...

Diqqətli oxucu üçün bu kitab Avropanın ən qibtə ediləsi ölkələrini indiki uğurlarına qədər aparmış izləri tapmaqdan ötrü etibarlı yol bələdçisidir.

Birinci dəfə oxuyanda əsərin ilk cümlələri məni çox heyrətləndirmişdi...

"...O dövr üçün uyğun bir formul tapmağı təcrübədən keçirsəm, düşünürəm ki, ən dəqiq ifadə bu olardı: əmin-amanlıq içində yaşamağın qızıl dövrü. Burada hər şey möhkəm zəmin üzərində qurulmuş kimiydi və dövlət bu davamlılığın ən böyük qarantıydı. Dövlətin vətəndaşlarına verdiyi haqlar xalqın sərbəst şəkildə seçdiyi nümayəndələrindən təşkil olunan parlamentdə təsdiqlənirdi. Pul vahidimiz dəyişməz və dəyərini itirməzdi. Hamı nəyə sahib olduğunu, payına nə düşdüyünü, nəyə icazə verildiyini, ya da nəyin qadağan edildiyini bilirdi. Hər şeyin bir qaydası, ölçüsü, tarazlığı vardı. ...Heç kim müharibəni, inqilabı, ya da hərbi çevrilişi ağlına belə gətirməzdi. Hər cür köklü dəyişiklik, hər cür zorakılıq ağlın müstəqil olduğu bu dövrdə imkansız görünürdü.

Bu əmin-amanlıq hissi milyonlara insanın əldə etmək istədiyi bir sərvət, ortaq həyat idealı idi. Həyat sadəcə bu əmin-amanlıq duyğusuyla yaşanmağa dəyər olurdu. Hər keçən gün daha geniş dairələr bu dəyərli sərvətdən öz payına düşəni almaq istəyirdi. ...İnsanlar talelərinin mümkün zərbələrinə qarşı həyatlarının bütün zəif nöqtələrini möhkəmləndirə biləcəklərinə inanır və etibar edirdilər. Onlar XIX əsr liberal idealizmi sayəsində "mövcud dünyaların ən yaxşısına" doğru səhvsiz yolla dümdüz getdiklərindən çox əmindilər".

Şərhə ehtiyac yoxdur əslində, amma bayaqdan zülməti yaran işıq kimi gözlərimə hopan sətirləri bugünün Azərbaycanından keçirməkdən də özümü saxlaya bilmirəm.

Axı bunlar indi bizim ölkəmizdə yaşananlardır...

Burada hər sətrin ifadə etdiyi həqiqət - bugünün Azərbaycanına aid bir reallığın güzgüsüdür və bu güzgüdə Azərbaycanı gördükcə Birinci Dünya savaşının acılarından sonrakı xiffətli xatirələrinin bir küncündən boylanan "Dünənin dünyası"nı bacardıqca daha yaxşı təsvir etməkdən ötrü irəli sürdüyü formulun sərrastlığına görə böyük söz ustadına həsəd aparmaya bilmirəm.

...Doğrudan da, əmin-amanlıq içində yaşamağın qızıl dövrü...

Və bu düşüncə ürəyimin yanından sözlə ifadəsi mümkün olmayan qəribə bir rahatlıq mehi kimi əsir...

Sveyq qələminin təsvir etdiyi bu dövr Azərbaycan üçün "Dünənin dünyası" deyil, içində yaşadığımız bugünün və hər gün bir yeni başlanğıc kimi ümidlə, ruhla gözlədiyimiz növbəti sabahların dan yerinin söküldüyü yepyeni bir dünyadır...

v v v

Dövlət adamlarının qəribə taleləri var, onların hətta adları da tarixin parçasına çevrilir, bu adlarda onların rəhbərliyi ilə yaşanmış, yaşanan vaxtın ruhu, ab-havası əks olunur.

Böyük ŞƏXSİYYƏT Heydər Əliyevin adı gələndə qeyri-ixtiyari Azərbaycanın keçdiyi əzablı yolları xatırlayırsan, zamanın ağır tapdağı ilə əzib keçmək istədiyi köməksiz insanları öz ardınca qorxusuz, hamar, sabit bir yola çıxarmış liderin mübarizə dolu ömrü keçir gözlərinin önündən.

Eyni zamanı paylaşmış dövlət xadimlərinin taleyi arasında da oxşarlıqlar olur və görünür, bu, vaxtın irəli sürdüyü şərtlərdən irəli gələn ortaq əlamətdir.

Əgər zamanı qabaqlayıb Azərbaycan Prezidenti İlham Əliyevin adında öz ifadəsini tapan tarixi təsəvvür etməyə çalışsaq, bu, heç şübhəsiz ki, Azərbaycanın bütün mənalarda rifahının tarixi olacaq!..

Azərbaycan tarixinin İlham Əliyev dövrü elə bir vaxta təsadüf edir ki, adına qloballaşma deyilən zaman seli özünün sənətkarlıq, manufaktura, mexanikləşmə və avtomatlaşdırma mərhələlərindən keçərək indi bütün dünyanı daha sürətlə ağuşuna almaqdadır. Bu, yaxşıdır, ya pisdir, - demək bizə düşməz, çünki hər şey iradəmizdən çox-çox kənarda baş verir, onu yönəltmək, qloballaşma meyillərinə hansısa formada təsir göstərmək imkanında da deyilik.

Dövlətləri, xalqları, milli mədəniyyətləri sürətlə öz subyektinə çevirib ölkələr arasındakı sərhədləri bir anda ortadan götürən, ibtidai insanlardan üzü bəri yaşadığımız real dünyanın virtual alternativini yaradan qloballaşmanın insanlara rəhbərlik edən liderlər qarşısında irəli sürdüyü tələblər də bambaşqadır. Bu tələblərə cavab verən dövlət adamları xalqlarını irəli aparır, vaxtın sürətində özünü itirib yanlış qərarlar verənlərsə öz dövlətlərini, xalqlarının milli kimliyini qloballaşma nəhrində itib-batmağa məhkum edir.

Belə bir zamanda Azərbaycana qlobal çağırışları hamıdan daha düzgün dəyərləndirən, onun müsbət meyillərindən faydalanmaq, mənfi təsirlərini isə mümkün qədər dəf etmək üçün mükəmməl bilik və bacarıqlara, insanları yeni məqsədlər ətrafında səfərbər etməyə qabil Liderin - İlham Əliyevin rəhbərlik etməsi, yəqin ki, zamanın belə bir əhəmiyyətli anında taleyin bizimlə xoş davranmasıdır...

Qloballaşma bu gün ölkəyə rəhbərlik missiyasını üzərinə götürmüş hər bir şəxs qarşısında yaxşı menecerlik tələbini aktuallaşdırır, önündəki məqsədlərin, bu məqsədlərə doğru aparan yolların, qazanılmış nəticələrin düzgün ayırd edilməsi şərtlərini irəli sürür.

Azərbaycan Prezidenti üçün menecerlik məcburən yiyələnməli olduğu bacarıq deyil, anadangəlmə istedaddır!

Təfəkkür tərzidir!

Və bunu dövlət rəhbərimizin istənilən məsələlərə yanaşmalarında izləyə bilərik.

O, müxtəlif tədbirlərdəki çıxışlarında bir adamın malik olduğu bu qədər geniş bilgi dairəsi, informasiyalarla işləmək bacarığı, analitik qabiliyyətləri ilə öz izləyicilərini, sözün əsl mənasında, heyrətləndirir.

Azərbaycan Prezidenti çıxışlarında müxtəlif məsələlər haqqında söhbət açır, bu sahələrin hər biri üzrə müqayisəli məlumatları, rəqəmləri, göstəriciləri təqdim edir, proqnozlar irəli sürür, nəticələrə uyğun qərarlar verir və bütün bunların heç birində hər hansı konspektdən, əvvəlcədən hazırlanmış məruzə mətnlərindən istifadə etmir, toxunduğu bütün məlumatlar, səsləndirdiyi bütün faktlar məhz öz düşüncələrinə istinaddır.

İlham Əliyevin bir neçə xarici dildə sərbəst və sərrast danışması, informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişləri dövrün siyasi liderlər qarşısında müəyyənləşdirdiyi tələblərə uyğun olmaqla yanaşı, Müasir Şəxsiyyət Obrazının əyaniliyi baxımından da özündə bu obrazı formalaşdırmağa can atan hər bir Azərbaycan vətəndaşı üçün parlaq örnəkdir.

v v v

Azərbaycan Prezidentinin irəli sürdüyü vəzifələrə diqqət yetirək, imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının məqsədlərinə nəzər salaq - bunların hər biri müasir dünyamızda istənilən toplumun xoşbəxtliyini təmin edəcək yeni meyillərdir, sivil dünyanı gələcəyə doğru aparan aydın istiqamətlərdir, cənab İlham Əliyevin gələcəyin Azərbaycanını bu yolun öncüllərindən biri kimi görmək arzusudur...

Dövlət rəhbərimiz zamanında çoxlarına əfsanə kimi görünən bu arzuların mühüm qismini reallığa çevirdi. O, ulu öndər Heydər Əliyevin parçalanma təhlükəsindən xilas edib, min bir zəhmət bahasına ayaq üstə qaldırdığı kiçik ölkədən bütün dünyanın hesablaşmaq, hörmətlə yanaşmaq məcburiyyətində qaldığı qüdrətli bir dövlət formalaşdırdı.

Azərbaycan Prezidenti on illərlə dünyanın siyasi çevrələrində kabus kimi dolaşan erməni mifini darmadağın etdi, Azərbaycanın günbəgün yüksələn sosial-iqtisadi üstünlüyü ilə, tutduğu qətiyyətli mövqe ilə, apardığı məqsədyönlü işlə təcavüzkar qonşularımızı da, onların beynəlxalq aləmdəki havadarlarını da yerdən-yerə vurdu, cəsarətlə üzərlərinə yeriyərkən onların necə aciz, rəzil bir duruma düşdüklərini bütün dünyaya sərgilədi.

O, dövləti öz vətəndaşlarına daha da doğmalaşdırdı, Azərbaycanı hər bir soydaşımızın özünə isti ocaq bildiyi, qayğısından barınıb, qeyrətini çəkdiyi böyük bir ailəyə çevirdi.

Ən yaxın silahdaşlarının - ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın, doğma övladlarının aləmə nur saçan xeyirxah əməlləri misalında bu gün məhz Azərbaycanın bəşəriyyətə təlqin etməli olduğu dəyərləri önə çəkdi, ölkəmizi Yer üzündə sülhün, mədəniyyətlər arasında dialoqun, tolerantlığın qibləsi kimi tanıtdı.

İlham Əliyev öz şəxsiyyəti ilə Azərbaycan insanının kamillik haqqında təsəvvürlərini bütünləşdirdi, sadəliyi, təvazökarlığı, lazımsız dəbdəbədən uzaqlığı, kimliyindən asılı olmayaraq hər bir insana sevgi ilə yanaşmağı, comərdliyi, kimsəsizlərə, möhtaclara mərhəmətli, yolunu azmışlara, harınlamışlara sərt olmağı, doğrunu yanlışdan, yaxşını pisdən ədalətlə ayırmağı bu təsəvvürlərin əsas cizgilərinə çevirdi.

...Azərbaycanın körpə vətəndaşları indi bu təsəvvürlərin işığında boy atır.

Onlar böyüdükcə biz daha güclü oluruq!..

Və əmin-amanlıq, sabitlik, stabillik duyğusu ilə yaşanmağa dəyər olan həyatın əsl xoşbəxtliyi də elə budur!..

 

Sübhçağı - dünya şişmani və yuxulu gözlərini ovxalayıb oyanmaq istəyəndə, mən də bu son sətirləri yazıram və... yazıma ağaclardan süzülən kövrək bir şeh damlası kimi nöqtə qoymaq istəyirəm...

Orda, uzaqda - Xəzərin gömgöy sularının dünya ilə qovuşduğu yerdəcə - topalanmış buludları, dumanı, çəni, çiskini Xəzər və Günəş şəfəqləri qovalayıb aparır, əridib yoxa çıxarır...

Günəş zərrin şəfəqlərini yaydıqca, gözlərim önündə böyük sevgi ilə işlənmiş MÜSTƏQİL AZƏRBAYCANIMIN tablosu açılır...

Bu Xoşbəxtlik Əsərinin Müəllifinin - Azərbaycan Prezidentinin işıqlı çöhrəsi gülümsünür...

Seyr etdikcə, qeyri-ixtiyari pıçıldayıram:

Həmişə xoşbəxt ol, mənim günəşli, nurlu AZƏRBAYCANIM!..

 

İmamverdi İSMAYILOV, Milli Məclisin deputatı

“Azərbaycan” qəzeti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü