Modern.az

Rus mətbuatının “Taksim qiyamı” haqqında RƏYLƏRİ: “Kremldə böyük sual yaranıb”

Rus mətbuatının “Taksim qiyamı” haqqında RƏYLƏRİ: “Kremldə böyük sual yaranıb”

Aktual

3 İyun 2013, 14:55

“Türkiyədəki istənilən hakimiyyət dəyişikliyi Rusiyanın maliyyə yatırdığı layihələri böyük sual altına qoyur”


Mayın 28-i İstanbulun mərkəzindəki Taksim meydanında başlanan etiraz aksiyası dünyanın gündəmindədir. Polisin ifrat güc tətbiqi dünyanın bir çox yerində etirazlara səbəb olub.

Avropa Birliyinin Xarici İşlər komissarı Ketrin Eşton Türkiyə polisinin etirazçılara qarşı qeyri-adekvat güc tətbiq etdiyini bildirib. Amerika Dövlət Departamenti öz növbəsində hadisələrdən narahatlıqlarını ifadə edib.

Rusiya hələ ki, Türkiyədə baş verənlərə rəsmi münasibət bildirməyib

 Lakin Rusiya mətbuatı bu hadisəni aktiv müzakirə edir. Bunun bir neçə səbəbi var. ”Komsomolskaya Pravda” qəzeti Rusiya-Türkiyə münasibətlərindəki iqtisadi amilli önə çəkib. Ekoloji tələblərin Ərdoğan hakimiyyətinə qarşı şüarlarla əvəzlənməsinin arzuolunmaz olduğunu yazır. Qəzet qeyd edir ki, Rusiya Türkiyənin əsas ticarət partnyorudur. Ölkələr arasında ticarət dövriyyəsi keçən il 40 milyard dollara yaxınlaşıb. 2015-ci il üçün bu rəqəmin 100 milyard dollara yaxınlaşacağı planlaşdırılıb. İkincisi “RosAtom” şirkəti Türkiyədə ilk müasir atom elekrtik stansiyası olacaq. Akkuyunu tikmək hüququ qazanıb. Məsələnin maliyyə tərəfini Rusiya öz üzərinə götürüb. Qəzetin fikrincə Türkiyədəki istənilən hakimiyyət dəyişikliyi Rusiyanın maliyyə yatırdığı layihələrə böyük sual altına qoyur. Buna görə Ərdoğan hökümətinin devrilməsi Rusiyaya yaxşı heç nə vəd etmir.

“Novoye İzvestiya” qəzeti isə Ərdoğan hakimiyyətini tənqid edir. “Durduğu yredə dinc aksiyanın vəhşiliklə dağıdılması Türkiyənin son illərdə görmədiyi izdihamlı mitinqə çevrildi. Şəhərin azsaylı yaşıllıqlarından olan parkın yerində növbəti ticarət kompleksinin tikilmə planları “yaşılları” hərəkətə gətirdi. Etirazçıların sonradan Ərdoğanın istefasını tələb etməsi yəqin ki, Ədalət və İnkişaf partiyası üçün hakimiyyətlərinin sonuna az qaldığını xəbər verir. Lakin, Ərdoğanın soyuqqanlıqla iğtişaşlarda müxalifəti günahlandırması onun güzəştə getməyəcəyini xəbər verir”.

“Nezavisimaya qazeta” geniş məqalədə Rəcəb Tayyip Ərdoğanın islamçı siyasətindən söz açır. Qəzetin fikrincə, Atatürkün dünyəvilik prinsiplərinə qarşı son illərdə həyata keçirilən dini təbliğat, ordunun bir çox yüksək rütbəli zabitlərinin həbsi və “Ergenekon” prosesi ölkədəki qərbyönlü qrupların narazılığına səbəb olmuşdu. “Taksimdə baş verən etiraz aksiyaları məhz bu narazı qrupların üzə çıxmasına səbəb oldu. Əslində baş verənləri islamçılarla dünyəvi quruluş tərəfdarlarının dueli olaraq nəzərə almaq lazımdır”-deyə qeyd olunur.

 “Kommersant” qəzeti isə Taksimdəki toqquşmalarla bağlı Ərdoğanın “türk baharına” hazırlaşmalı olduğunu bildirir. 10 illik hakimiyyəti ərzində ən böyük etirazlarla qarşılaşmış Ərdoğan bu illər ərzində ölkəni tədricən islam diktaturasına aparır. Suriyadakı toqquşmalarda Bəşər Əsədi amansızlıqla hərəkət etməkdə günahlandıran  Ərdoğan ondan geri qalmayan şiddət göstərdi. Belə davam edərsə, İstanbuldakı Taksim meydanının Misirdəki Təhrir meydanına çevriləcəyini bildirən müəllif Türkiyədəki hər hansı siyasi dəyişikliyin Suriya vətəndaş müharibəsindən tutmuş İranın nüvə proqramına qədər Yaxın-Orta Şərqdə bütün proseslərə təsir edəcəyini bildirir.

Ümumilikdə, Rusiya çap mətbuatı Ərdoğan hakimiyyətinin etirazlara reaksiyasını tənqid edir.

 Vüqar İsmayılov           

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü