Modern.az

Milli Şurada və Milli Məclisdə gördüyümüz oxşar olaylar...

Milli Şurada və Milli Məclisdə gördüyümüz oxşar olaylar...

Aktual

22 İyun 2013, 14:24

Namidə BİNGÖL

(Həftənin subyektiv icmalı)                                                                                

Bu həftə arxa cəbhənin siyasət düşərgəsində qızğın mübahisə vəziyyəti yaşandı. Tərəflər arasında “yaralılar” olmasa da yarı bu tərəfdən yarı o tərəfdən bir-birinin hədəfinə tuş gələnlər oldu. O, öncə cəbhədə əsl şücaət göstərərək düşmənin açdığı gülləyə tuş gəldi. 72 il bundan öncə isə bəşəriyyət müharibə dalğasıyla üz-üzə qalmışdı. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.

Gültəkin Hacıbəyliyə münasibətdə  kişi həmrəyliyi

Hüquqların paralel kəsişdiyi nöqtədə çatışmayan nəsə var. Guya cəmiyyət bərabər hüquqlar üzərində qurulub. Bu səbəbdən də siyasətdə manevr edərək  vaxtilə iqtidaryönlü olan, sonradan müxalifətə üz tutan Gültəkin Hacıbəyli Milli Şuranın iclasında komissiyaların çoxluğuna etiraz edərək gender bərabərliyinin pozulduğuna diqqət çəkdi. “Gender bərabərliyinə diqqət yetirilməlidir. Digər xanımlar da bu siyahıda təmsil olunmalıdır. Çünki komissiyada tək xanım mənəm”.

Gültəkin xanım, siyasətdə manevr edən tək siz deyilsiniz. Zaman-zaman müxalifətdən iqtidara, iqtidardan müxalifətə pənah gətirən xanım həmkarlarınız olub. Maraqlıdır ki, ayrı-ayrılıqda hər iki düşərgədə gizlənpaç oynayanlar  siyasətdə mövqe tutana qədər bütün  güclərini bir amal uğrunda  xərcləyirlər. Gender bərabərliyinin pozulmasına  gəlincə, Azərbaycan reallığında bu normaldır. Normal qarşılanmayan bir şey də var. Dünənə qədər iqtidaryönlü idiniz. Bugün isə müxalifət düşərgəsində qərar tutmağa çalışırsınız. Maraqlıdır ki, 131 nəfərin içində çoxluğu əlinə alan kişi həmkarlarınız sizin gender bərabərliyinizin pozulmasına diqqət edəcəklərmi?!

Bir “gülləyə” tuş gələn iki siyasətçi

Hər igidin işi deyil meydanda hünər göstərsin. Vay o günə ki,  meydanda igidlər qoşa addımlaya. Kimin hünəri var həmin meydanın ərazisində fırlana.
Milli Şuranın bu həftə keçirilən iclasında isə İsgəndər Həmidov igidlərin, daha doğrusu, şirlərin, pələnglərin toplaşdığı meydanın ərazisində fırlanmadı. Amma Milli Şura meydanın ortasında dayandı və İsgəndər Həmidovun etiraz dolu çıxışı ətrafa yayıldı. “El” hərəkatının rəhbəri Eldar Namazov və Müsavat başqanı İsa bəy  hədəfə alındı. Öncə İsgəndər Həmidov Eldar Namazovu bir az səmimi olmağa səslədi. Sonra İsa bəyin  komissiyanın say tərkibinin yenidən səsə qoyulmasına cavab olaraq “özünüz özünüzü inkar edirsiniz”-dedi.                                                                                                                      

Bilirsiniz, İsgəndər bəy, əslində bu hadisə mənə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində müxtəlif düşüncəli qardaşların millətini, dinini inkar etmələrini xatırlatdı. Əğstəfürulla, nə Eldar bəy, nə də İsa bəy  millətinə, dininə qarşı sayğısızlıq edən insanlardır. Sadəcə siz onları qeyri-səmimilikdə ittiham etdiniz. Öz aramızdı, İsgəndər bəy, sizcə müxalifətin iki böyük siyasi fiqurunu nişan almaqla asanlıqla onların “gülləyə” tuş gələcəyinə əminsiniz?!

İqbal Ağazadənin jestinə atılan replika

Sözə sözlə cavab vermək şairlərə xasdı. Zaman-zaman aşıqların, meyxanaçıların deyişməsinin şahidi olmuşuq. İndi dövran tərsinə fırlandığından bir sözə görə baş kəsib qan tökənlərin sorağı gündəlik informasiya mənbəyimizdir.                                                                                                                      

Milli Məclisin bu həftə keçirilən iclasında  qan da  tökülmədi, baş da kəsilmədi. Spiker Oqtay Əsədovla millət vəkili İqbal Ağazadənin sözü çəp gəldi. Qısası, spikerin sözü millət vəkilinin boğazından keçmədi desək, yanılmarıq. Danışmaq üçün söz istəyən İqbal müəllimin sözünə sözlə münasibət bildirən Oqtay müəllim, “İntizam komissiyası var, get şikayət elə”-dedi. Təbii ki Milli Məclisin divarları arasında  əlbəyaxa döyüş olmasa da, sözbəyaxa döyüşü yarımçıq qoyan İqbal müəllim zalı tərk elədi. Bu cür jestə atılan replika  millət vəkili Siyavuş Novruzovdan gəldi. “Yazılı yaz, göndər”.                                                                                                               Siyavuş müəllim, siz də zarafatınızdan geri qalmırsınız ha. Gərginliyin tüğyan elədiyi məqamda qorxmursunuz ki bu zarafatınız sizə baha başa otura bilər?!

20-ci əsrin ikinci dünya savaşı

20-ci əsrin əvvəllərində dünyanı müharibə dalğası bürümüşdü. Bəşəriyyət bir növ çalxalanmışdı. 5-6 nəfər liderin  əlində çarəsiz qalan milyonlarla dünya əhalisi aclığın, səfalətin  içində boğulurdu. Müharibə heç vaxt  uğurlu nəsə vəd etmir. Nəticə etibarilə  günahsız insanlar müharibənin qurbanına çevrilir. 1941-ci ilin 22iyun tarixindən 72 il ötür. Bu tarix keçmiş SSRİ-yə qarşı Almaniyanın hücumu kimi tarixə düşdü.

Mübarizin mübarizliyi

Hə əziz oxucularım, əsl qəhrəmanlar heç vaxt ölmür. Həmçinin, 19 iyun tarixi milli qəhrəman Mübariz İbrahimovun düşmənə qarşı əsl qəhrəmanlıq göstərərək şəhid olduğu gündür. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər oğulların böyüdülməsinə böyük ehtiyac var. Azərbaycan da istisna deyil. Müasirliyin, ənənələrdən uzaq  dəbdəbənin hegemonluq etdiyi bir zəmanədə ailələrimizin üzərinə böyük yük düşür. Nə qədər ki, ailələrdə Mübariz İbrahimov kimi oğullar yetişəcəksə, millətimizin, dövlətimizin, ərazi bütövlüyümüzün təhlükəsizliyinə zəmanət var. Bu ona belə dedi, o da buna belə cavab verdi. Bu cür situasiyalar həftənin hədəfinə tuş gələn keçici olaylardı. Mənsə hər həftə olduğu kimi bu həftə də siyasi gündəmdə baş verənlərə subyektiv yanaşmağa çalışdım. Təbii ki istisnalarla. İstisnalar  isə qaydaların pozulmasına dəlalət eləmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü