Modern.az

“Şeron”un üzvü Ülvi Cəfərov: “Hüseyn Abdullayevin siyasi düşüncələrini bölüşmürük” - MÜSAHİBƏ

“Şeron”un üzvü Ülvi Cəfərov: “Hüseyn Abdullayevin siyasi düşüncələrini bölüşmürük” - MÜSAHİBƏ

Mədəni̇yyət

25 İyun 2013, 01:59

““Susma” haqqında susmaq olmur”

"Qaya”, "Sevil”, "Karvan”, "Rast”... Bu musiqi qrupları öz adlarını Azərbaycan mədəniyyətinə qızıl hərflərlə yazıblar. Onların ifası ölkə sərhədlərini çoxdan aşıb. Bu gün uğurla fəaliyyət göstərib həmin ənənəni uğurla davam etdirən qruplardan söhbət gedəndə "Şeron”un adı öndə gəlir.
Peşəkar ifa, zövqlü repertuar seçimi bu qrupu digərlərindən fərqləndirir. Təsadüfi deyil ki, "Şeron” həm rəsmi tədbirlərdə, həm də el şənliklərində tez-tez görünür. Qrupun repertuarında vətənpərvərlik mahnıları da çoxdu. "Şeron”un yeni ifa etdiyi "Susma” mahnısı da vətənpərvərlik mövzusundadı. Lakin burda bir məqamı xüsusi vurğulamaq lazımdı.

Son günlər sosial şəbəkələrdə yayılan "Susma” mahnısının roliki mövzunu tamam başqa istiqamətə yönəldib. “Ədalət” qəzeti "Şeron” qrupunun üzvü Ülvi Cəfərovla müsahibədə yaradıcılıq planlarına toxunub, "Susma” mahnısı ətrafında yayılan söz-söhbətlərə də aydınlıq gətirib. Modern.az saytı onunla müsahibəni təqdi edir.

- Ülvi, "Şeron”un fəaliyyəti barədə daha çox sən müsahibə verirsən. Bu qrupun digər üzvlərini qıcıqlandırmır?

- Qətiyyən. "Şeron” 2001-ci ildən fəaliyyət göstərir. Ötən bu illər ərzində müxtəlif səbəblərdən qrupun tərkibi bir neçə dəfə dəyişib. Əgər belə demək mümkünsə, veteranlardan yeganə mən qalmışam. Ona görə də ən çətin işi- jurnalistlərin önünə çıxmağı dostlarım mənə həvalə edirlər.

- Ümumiyyətlə qrupda iş bölgüsü necə qurulub?

- Əsas işləri musiqi rəhbəri kimi Tərlan Ələkbərov həyata keçirir. İşimizi elə qurmuşuq ki, hər hansı bir prodüserdən asılı olmayaq. Son illərdəki işimizə nəzər salanda doğru yol tutduğumuzu görürük.

- Repertuar seçərkən səsvermə keçirmirsiniz?

- Yaradıcı işlə məşğul olduğumuzdan aramızda mübahisələr də, bəzən fikir ayrılığı da olur. Bir-birimizi ilk kəlmədən başa düşdüyümüzdən səsverməyə ehtiyac qalmır. Ağıllı bir söz, faydalı məsləhət bizim üçün həlledici olur. Bu sözün, məsləhətin Zaur, Məlik və yaxud Ülvi tərəfindən deyilməsi o qədər də önəmli deyil. Bizim üçün görəcəyimiz işin yekunda uğur qazanması əsasdı.
Bu gün elə ifaçılar və ya qruplar var ki, onları yalnız gənclər qəbul edir. Yalnız yaşlı insanlar arasında qəbul olunanlar da var. Sevindirici haldır ki, "Şeron”u gənclər də, yaşlılar da eyni maraqla dinləyir. Çünki biz repertuar quranda bütün dinləyicilərin, tamaşaçıların, el şənliklərinə yığışan insanların zövqünü nəzərə alırıq. Retro mahnılar üzərində çalışarkən bu məsələyə xüsusi önəm veririk. Həmin mahnıları elə aranjiman edirik ki, gənclərimiz də, yaşlı tamaşaçılar da qəbul edə bilsinlər.

- Şou-biznesin amansız qanunları var. "Bəlkə bir qalmaqal yaradaq”- deyə bir şeylər ürəyinizdən keçmir?

- Heç vaxt belə şeylər barədə düşünməmişik. "Şeron” həmişə cavab verən tərəf olub. Yəni kimsə bizim adımızı hallandırmaqla şou-biznesin gündəmində qalmağa cəhd edibsə, biz ona cavab verməyə məcbur olmuşuq. Özümüz heç vaxt birinci başlamamışıq. Biz yalançı hay-küyün, ucuz reklamın yox, peşəkar sənətin, yaradıcılığın yanındayıq.

- Son illər "Şeron”un həm Bakıda, həm də müxtəlif rayonlarda keçirilən rəsmi tədbirlərdə yaxından iştirak etməsi də yəqin bununla bağlıdı...

- Milli bayramlarda, ölkəmizin tarixi üçün əlamətdar günlərdə təşkil olunan rəsmi konsertlərdə tez-tez çıxış edirik. Şübhəsiz ki, bu bizim qrupa göstərilən böyük etimaddır. Həmin mərasimlərdə dövlətimizin başçısı İlham Əliyev, ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edirlər. Onların qarşısında çıxış etmək hər bir yaradıcı insan üçün böyük məsuliyyətdi. Biz ilk gündən bu işin məsuliyyətini yaxşı dərk etmişik. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk ki, bizə etimad göstərirlər. Həmişə olduğu kimi, bundan sonra da göstərilən etimada layiq olmağa çalışacağıq.
Rəsmi dövlət tədbirləri ilə yanaşı "Şeron” tez-tez cəbhə bölgələrində, hərbi hissələrdə çıxışlar edir. Belə görüşlərdə repertuarımızdakı vətənpərvərlik mahnılarından ifa edib ordumuzun əsgər və zabitlərini qələbəyə ruhlandırırıq. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi, qrupumuzun üzvləri də qələbənin yaxında olduğuna inanır. Dövlətimiz, güclü ordumuz və bütün xalqımız birlikdə tezliklə bu böyük zəfəri təmin edəcək. Azərbaycan ordusunda qulluq edən hər bir əsgər və zabiti həmin o qələbə gününə ruhlandırmaq bizim vətəndaşlıq borcumuzdur.

- Repertuarında vətənpərvərlik mövzusuna geniş yer verən "Şeron” ənənəsinə sadiq qalaraq "Susma” mahnısını oxudu. Lakin bu mahnıya çəkilən rolik tamam fərqli mənzərə yaratdı. İşin belə bir şəkil alacağını gözləyirdinizmi?

- Təbii ki, yox. Çünki rolikdən bizim heç bir xəbərimiz olmayıb. "Susma” mahnısının sözləri və musiqisi Hüseyn Abdullayevə məxsusdu. Biz müəllifin bir neçə mahnısını ifa etmişik. Həmişə də aramızda normal yaradıcılıq əlaqələri olub. "Susma” da bizə təklif olunanda mahnı üzərində həmişəki kimi məsuliyyətlə işlədik. Bu mahnı da vətənpərvərlik ruhunda yazılmışdı. Biz mahnı oxuyandan sonra müəllif bu ifaya hansısa bir rolikin əlavə etməsindən hamı kimi interneti izləyərkən xəbər tutmuşuq. Tutaq ki, xalq artisti, ustad sənətkarımız Mübariz Tağıyev "Qalx, qalx, sən ey mərd xalq” mahnısını ifa edib. Amma sonra kimsə ona heç mövzuya dəxli olmayan bir rolik hazırlayıb. "Susma” mahnısı da belə bir vəziyyətlə üzləşib. Biz dinləyicini, bütün dünyanı Qarabağ həqiqətləri, Xocalı qətliamı barədə susmamağa çağırmaq istəmişik. Amma rolikdə... Ona görə də, "Susma” haqqında susmaq olmur.

- Müəlliflə hər hansı bir söhbətiniz olubmu?

- Nə əvvəl, nə sonra söhbətimiz olub. Bayaq dediyim kimi, bizim müəllif Hüseyn Abdullayevlə yaradıcılıq əlaqələrimiz olub, onun siyasi düşüncələrini bölüşməmişik. Müəllif əgər öncədən bizə bu barədə desəydi, fikrimizi öyrənsəydi mövqeyimizi bildirərdik. "Şeron” qrupunun mövqeyi məlumdu. Biz bu dövlətin, onun rəhbərinin, dövlətçiliyin yanındayıq. Həmişə bu dövlətdən, onun rəhbərindən diqqət və qayğı görən, alqış qazan "Şeron” qrupunun üzvləri mövqeyini niyə dəyişməlidir ki? Bizi öz siyasi oyunlarına qatmaq istəyənlərə demək istəyirik ki, ünvanı doğru seçməyiblər.
"Şeron”un üzvləri heç vaxt kiminsə çirkin siyasi oyunlarına alət olmayacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir