Modern.az

“Facebook-un gənclərə bu cür qeyri-etik təsirləri var... ”

“Facebook-un gənclərə bu cür qeyri-etik təsirləri var... ”

Aktual

25 Avqust 2016, 16:43

Facebook illərin ayıra bilmədiyi cütlükləri ayırmaq gücündədir


Müasir dövrdə sosial şəbəkələrin rolu danılmazdır. Məhz bu yenilik sayəsində insanlar ən son məlumatları əldə edirlər, illərin həsrətləri qovuşur, nələrsə təbliğ olunur və s. Amma sosial şəbəkələrin həyatımızdakı rolu təkcə bundan ibarət deyil. Yəni qovuşdurduğu kimi, ayırmağı da bacarır virtual aləm. Məsələn, son 6 ayda Azərbaycanın təkcə bir bölgəsində 7 ailə məhz sosial şəbəkələrə görə dağılıb. Belə ki, bu ilin ötən 6 ayında Mingəçevirdə 353 nikah bağlanıb və 75 boşanma qeydə alınıb. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin rəisi Sevinc Hüseynova isə qeyd edib ki, hazırda ər arvadın bir-birilərini başa düşmədən ayrılmaları qeydiyyat şöbələrinin siyahısında o qədər də önəmli yerdə dayanmır.

Məlumatda deyilir ki, nikahı pozmaq qərarına gələn cütlüklər, əsasən, ailədaxili maddi sıxıntılarını və xəyanəti səbəb kimi göstərirlər. Boşananların əksəriyyəti isə gənclərdir. Sosial şəbəkələrin ərlə arvadın şəxsi həyatlarına daxil olması da ayrılmalara səbəb olur. Təkcə ötən il Mingəçevir şəhərində 7 ailə bu səbəbdən dağılıb.

Bu təkcə bir bölgənin statistikasıdır və nəzərə almaq lazımdır ki, əksər hallarda statistika reallıqdan daha az olur.

Heç şübhəsiz ki, məsələnin sosial-psixoloji mahiyyətində nələrsə var. Yoxsa, bu qədər ailə eyni vaxtda məhz bu səbəbdən boşana bilməzdi. Ekspertlərin qənaətinə görə, ailədaxili məsələlərin sosial  şəbəkələrdə, xüsusən da Facebook-da müzakirəyə çıxarılması vəziyyəti daha da gərginləşdirir.

Psixoterapevt Fərqanə Nəcəfova hesab edir ki, adətən problemli ailələr sosial şəbəkələrin “qurbanı” olurlar:
“Əksər hallarda qadınlar ailənin daxilindəki problemləri sosial şəbəkələrə müzakirəyə çıxarırlar. Amma burda əsas məqam diqqətsizliklə bağlıdır. Yəni tərəflərdən biri digərinə qarşı diqqətsizdirsə, digəri mütləq sosial şəbəkəyə üz tutacaq. Yəni qadın öz həyat yoldaşından görmədiyi diqqəti məhz sosial şəbəkə vasitəsilə “qazanır”. Amma bir həqiqət də var ki, problemli ailələrin boşanması üçün bəhanə lazım olur. Yəni məsələ burda “partlamasa” da başqa bir məqamda özünü göstərəcək. Məsələn, indi hamının telefonu var. Qadın istəsə, mobil telefon vasitəsilə də kiminləsə tanış ola bilər”.

Bəs Facebook-dan və digər sosial şəbəkələrdən necə istifadə edək ki, asılılıq yaratmasın?

Ekspertin qənaətinə görə, sutka ərzində 2-3 saatdan artıq vaxt sərf etdikdə sosial şəbəkə asılılıq yarada bilər. F.Nəcəfova deyir ki, bura adətən işsiz, bekar insanların yeridir: “İşin olmayanda sosial şəbəkədən istifadə labüdləşir. Məsələn, kitab oxusalar, digər faydalı məşğuliyyətləri olsa,  bu qədər asılılıq yaranmaz. Daxil olub yeni məlumatları öyrənəndən sonra çıxmaq lazımdır. Mən özüm də Facebook-da varam. Adətən axşam saatlarında girib gün ərzində baş verən hadisələri öyrənirəm. Əgər işləmirəmsə, bütün günü evdəyəmsə, mütləq Facebook-a girəcəyəm. Əslində boşanma səbəbləri bir çox xırda şeylərin yığılmasından ibarətdir. Baxın bir qadınla bir kişi bir birinə diqqət göstərirsə, Facebook-da kiminləsə tanış olmalarına nə ehtiyac var ki? Əgər ailədə qarşılıqlı diqqət varsa, kimisə axtarmaq lazım olmur. İndiyə kimi Facebook, telefon yox idi, amma yenə də diqqətsizlik ucbatından çox ailələr dağılırdı. Yəni bu problem ailəni nə vaxtsa parçalamalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə əksini düşünür. Ekspertin fikrincə, sosial şəbəkələrin “boşatdırdığı” ailələrin sayı rəsmi rəqəmlərdən daha çoxdur: “İndiki zamanda sosial şəbəkələr ailədəki gərginlikdə, boşanma hallarında daha ciddi rol oynayır. “Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyi olaraq kompüterdən istifadə mədəniyyəti ilə bağlı proqram həyata keçiririk. Apardığımız tədqiqatlara görə, sosial şəbəkə istifadəçiləri bir neçə qrupa bölünür. Bu qruplar arasında elmi araşdırmalar aparan, biznes fəaliyyəti ilə məşğul olan, siyasi fəaliyyət göstərənlər də var. Amma  onların sayı çox deyil. Əksəriyyəti sosial şəbəkələrdən əyləncə vasitəsi kimi istifadə edənlərdir”.

Bəs hansı ailələr sosial şəbəkələrə görə daha tez dağıla bilər? Evdə tək və işsiz qalan evdar qadınların bir qismi sosial şəbəkələrə meyllidirlər. İkinci qisim həyat yoldaşı ilə aralarında qarşılıqlı incikliyi olan insanlardır. Yəni qarşılıqlı münasibət görə bilməyən qadınlar da çox həssasdırlar. Ə. Qəşəmoğlu belə düşünür: “Həyat yoldaşından illər boyu eşitmədiyi xoş sözü sosial şəbəkədə eşidən, ona qiymət verildiyini hiss edən qadın xoş danışan həmsöhbətə daha tez bağlanır. Digər tərəfdən əgər qadın romantikdirsə, mədəniyyətə incəsənətə meyllidirsə, həyat yoldaşı isə maddiyyatçıdırsa, onların da sosial şəbəkə vasitəsi ilə tanış olmaq riski çoxalır”.

Hazırda Azərbaycan ailələrində böyük gərginliklər yaşanır. Heç vaxt Azərbaycan ailəsi bu qədər gərgin olmayıb. Belə məqamda əsəbləri gərginləşən tərəflər istər-istəməz sosial şəbəkədə bir həmsöhbət tapır. Ən dəhşətlisi budur ki, belə münasibətlər bir çox hallarda intim yaxınlıqla nəticələnir:

“Çünki indiki qadınlarla 30-40 il əvvəlkilərin arasında böyük fərq var. Baxdıqları filmlər, oxuduqları, internetdən izlədikləri onların əksəriyyətini loyallığa yönləndirə bilib. Məsələn, 40 il əvvəl qadınların böyük əksəriyyəti başqa kişi ilə söhbətə mənəvi problem kimi baxırdısa, indi bunu normal qarşılayırlar. Yəni düşünürlər ki, başqa kişi ilə ünsiyyət qura bilərlər. Ona görə də sosial şəbəkələrin ailəni dağıtmaq riski olduqca yüksəkdir”.

F.Nəcəfovadan fərqli olaraq, Əhməd Qəşəmoğlu hesab edir ki, sosial şəbəkənin ailə dağıtması üçün aludəçiliyə ehtiyac yoxdur: “Az bir müddətdə də qadın kiminləsə tanış ola bilər. Bu işdə sosial maarifləndirməyə güclü fikir vermək lazımdır. Sosial şəbəkələr ilan zəhəri kimidir. Düzgün istifadə edəndə dərmandır, ifrat istifadə edəndə zəhərləyir, öldürür. Qloballaşma şəraitində mədəniyyət, mənəviyyat fövqəladə rol oynayır. Qloballaşmadan mədəniyyət və mənəviyyat sistemlərində aşınma olmayan ölkələr daha uğurla çıxacaq”.

Bu da nəticə. Deməli, doğrudan da yetərincə üstünlükləri olan sosial şəbəkələr illərin ayıra bilmədiyi cütlükləri ayırmaq gücündədir. Yaxın günlərdə həmin cütlüklərdən birinin həyat hekayəsini sizə təqdim edəcəyik.

 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü