Modern.az

Mübahisəli məsələ - mahnı kimə məxsusdur, bəstəkara, yoxsa müğənniyə? - ARAŞDIRMA

Mübahisəli məsələ - mahnı kimə məxsusdur, bəstəkara, yoxsa müğənniyə? - ARAŞDIRMA

Mədəni̇yyət

11 Sentyabr 2013, 10:36


Emin Sabitoğlunun qızı, musiqişünas Ceyran Mahmudova son zamanlar müğənnilər arasında müzakirə mövzusu olan bir məsələyə toxunub. Mətləbə keçməzdən öncə xanım Mahmudovanın fikrindən sitat: “Tez-ez eşidirəm ki, hansısa müğənni vaxtilə oxuduğu mahnının başqa müğənni tərəfindən ifa olunmasına etiraz edir. Bu, qətiyyən düzgün mövqe deyil. Amma radiostansiyalara qulaq asanda məlumatsız adam heç nə başa düşməz. Çünki elanlar bu şəkildə gedir: “İndi isə Rəşid Behbudovun filan mahnısı səslənəcək”, ya da “Şövkət Ələkbərovanın filan mahnısını dinlədiniz”. Bircə “ifasında” sözünü işlətməməklə görün, necə qəribə mənzərə yaranır. Sanki o mahnıları həmin müğənnilər bəstələyiblər, ya da mətnini yazıblar. Doğrudur, mahnını tanıdan müğənnidir, ifaçıdır. Çünki tamaşaçı onu görür. Amma bu, o demək deyil ki, musiqi əsərinin müəllifləri unudulmalıdırlar”.

Modern.az saytı musiqişünas Ceyran Mahmudovanın qaldırdığı məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Xalq artisti, bir çox mahnıların müəllifi olan Niyaməddin Musayevə görə istənilən mahnının əsl müəllifləri şairlə bəstəkardır. Xalq artisti hesab edir ki, mahnını ilk ifaçıdan sonra kim oxuyursa, bəstəkara müraciət etmək lazımdır: “Əgər bəstəkar dünyadan köçübsə, hörmət naminə ilk ifaçıya müraciət edilməlidir”.

N.Musayev bəstəkarın ailəsinə müraciət edilməsini doğru hesab etmir:

“Tutaq ki, bəstəkar 30 il əvvəl mahnı yazıb və Yalçın Rzazadə də mahnını oxuyub. İndi də mən oxumaq istəyirəmsə, bəstəkarın ailəsindən icazə alacam? Yox, Yalçından icazə almalıyam. Axı nə dərəcə doğrudur ki, bəstəkarın qızından, arvadından icazə alınsın? Bunlar qondarma şeylərdir”.

Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov isə hesab edir ki, mahnı ilk ifaçının adı ilə bağlanır: “Ondan sonra kimin xətri istəyir, oxusun da. İcazə almaq lazım deyil. Mənim mahnılarımın hər birinin 40-50 yaşı var. Şövkət Ələkbərovadan bəri hamısı o mahnıları oxuyub. Sadəcə bəzi adamlar etika xatirinə müraciət edir. Məsələn, Brilyant Dadaşova mənim “Heyf ki sən məni gec başa düşdün” mahnım üçün müraciət elədi. Mən də icazə verdim. Mənə belə müraciətlər çox olur. Ömründə mahnımı satmamışam. O vaxt dövlət də mənim mahnılarımın birinə 70 manat pul vermək istəyib. Gərək ifa olunanda müəllifin adı mütləq çəkilsin”.

Bu açıqlamalardan sonra bir daha Ceyran Mahmudovanın fikirlərini öyrənmək maraqlı idi. Professor bildirdi ki, müəllif hüquqları haqda qanuna əsasən, ifaçının müəlliflik hüququ yoxdur: “Söhbət mahnıdan gedirsə, müəlliflik hüququ bəstəkara, şairə və onların varislərinə məxsusdur. Övladları, həyat yoldaşı yoxdursa, digər yaxın qohumlarına.

Son vaxtlar elə müğənnilər var ki, mahnını pulla alırlar. Bax bu təcrübə ilə rastlaşmamışam.

Mahnının haqları bəstəkar və şairə məxsusdur. Bunu bir bəstəkar qızı kimi deyirəm. Müğənnilərə böyük hörmətim var, onlar mahnının çatdırılmasında, sevilməsində böyük rol oynayırlar. Amma hüquqi baxımdan onların heç bir haqqı yoxdur və onlardan heç bir icazə alınmamalıdır. Əgər müğənni mahnını diskə yazdırıb, mənfəət əldə edirsə, müəllifdən və varislərdən icazə almalıdır. Əks halda varislərin məhkəməyə müraciət etmək haqqı var”.

C.Mahmudova bildirib ki, Emin Sabitoğlunun mahnılarına qadağa qoya bilər: “Şəxsən mən atamın mahnılarına görə istənilən müğənniyə qadağa qoya bilərəm. Elə olub ki, mahnının ifası xoşuma gəlməyib. Sadəcə həmin müğənnini reklam etməmək üçün məhkəməyə müraciət etməmişəm. Amma Sevda Ələkbərzadə atamın “Əlvida” mahnısını oxuyanda yazılı olaraq məndən icazə almışdı”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov isə hesab edir ki, burda mahnının yaşı və kim tərəfindən ilk dəfə ifa olunması önəmlidir: “Bu, baxır adamına. Elə adam var ki, onun ifa elədiyi mahnının ikinci dəfə oxunmasına qısqanclıqla yanaşmır. Amma burda kriminal bir şey oxdur. Əgər mahnı ikinci dəfə ifa olunursa, bəstəkardan icazə alınmalıdır. Bəstəkar mahnını ilk ifaçıya satıbsa, müəlliflik hüquqları ilk ifaçıdadır. Çünki artıq mahnını satıb. 10 il əvvəl müğənni mahnını oxuyub. On ildən sonra kimsə o mahnını oxuyur. Niyə icazə almalıdır? Məsələn, mənim “Neylərsən” mahnım 2 ay Kral TV-də yayımlandı. Amma bir adam belə, məndən icazə almadı. Zülfiyyə Xanbabayeva zəng vurdu ki, mahnınız Kral TV-də yayımlanır. Mahnını Təbrizdən olan məşhur müğənni ifa edirdi. Amma ümumən bu çox kələ-kötür mövzudur”.

İntiqam Valehoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı