Modern.az

“Direktoram, amma bir gün siçan, bir gün it, bir gün də pişik “oluram”" – MÜSAHİBƏ

“Direktoram, amma bir gün siçan, bir gün it, bir gün də pişik “oluram”" – MÜSAHİBƏ

Mədəni̇yyət

21 Sentyabr 2013, 12:02

Tanınmış aktyor İntiqam Soltan: “Bir nəfərdən xahiş etdim ki, mənə narkotik tapsın”

Bakı Uşaq Teatrının direktoru, aktyor İntiqam Soltan Modern.az-ın suallarını cavablandırıb.

– Sentyabrın 26-da, Türk dili günündə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı növbəti mövsümünü açacaq. Amma Dənizkənarı Milli Parkda olanda il ərzində iki dəfə açılışımız olurdu –mayda və yanvarda. Sağ olsunlar bizə bu şəraiti yaratmışdılar. İl ərzində hər biri 15 gün olmaqla iki dəfə məzuniyyətə çıxırdıq.

– Yanılmıramsa, Bakı UşaqTeatrının yaradıcısı sizsiniz...

Bu, mənim yaratdığım “Körpəm” eksperimental uşaq teatrının bazası əsasında Bakı Şəhər İcra Hakimiyyətinin 2001-ci ildə verdiyi sərəncamla yaradılıb. Əslində, dövlət Bakı Uşaq Teatrını yaratdı və o, bir il kağız üzərində qaldı. Bir ildən sonra mənə müraciət etdilər və sosial bazamı bu teatra gətirdim. Dənizkənarı Milli Parkda olanda hər açılışımız böyük bir bayrama çevrilirdi, digər teatrları dəvət edirdik, gəlib 5-10 dəqiqəlik proqramla çıxış edirdilər. 2008-ci ildə bizi Sarabski adına Mədəniyyət evinə zorla köçürdülər. Daha doğrusu, yerimizdən-yurdumuzdan çıxartdılar.

– Axı bu dövlət teatrıdır. Sizi necə zorla çıxara bilərlər?

Bəyəm mən deyirəm ki, dövlət teatrı deyil?!

– Teatrın Milli Parkdakı yerində nəsə tikildi?

– (gülür) Bəyəm siz oralara getmirsiniz? Karusel var orda. Sarabski adına Mədəniyyət Evində də işləmək istəyirdik. Hər gün kimsə gəlib deyirdi ki, “gəlib buranı sökəcəyik ha, buranı almışıq haa”. Tanımadığımız adamlar idi. Orda 4 il qaldıq. 2013-cü ilin Novruz Bayramı günündə bizə “muştuluq” verdilər ki, çıxırsınız. Martın 31-də ordan tamam çıxdıq.

– Qaraçuxurdakı Mədəniyyət Evinə yerləşmək hardan ağlınıza gəldi?

– Bu, bizlik deyil ki. Dövlət teatrıdır, öz başımıza deyilik. Mədəniyyət evində iki otaq verdilər. Mənə elə gəlir ki, müvəqqətidir. Şəhərdən çox uzaqdır, orda teatr olmaz. İki təşkilat bir yerdə alınmaz axı.

– Tamaşaları orda oynayırsınız?

Orda və digər yerlərdə. Ümumiyyətlə uşaq teatrının tamaşaları elə qurulmalıdır ki, yalnız stasionar olmasın, səyyar da göstərilə bilsin. Elə teatr var ki, rejissor özünü göstərmək üçün ağlına gələn dekorasiyaları yığır doldurur stasionara, tamaşa binadan çıxanda böyük fəlakət olur. Teatr qutu içində yaşamamalıdır.

– Məzuniyyət dövründə rayonlara səfəriniz oldu.

– Məzuniyyət müddətində Azərbaycanın 10 rayonunda olduq. Narkomaniya ilə bağlı tamaşalarımız oldu. Bu elə bir mövzudur ki, harda imkan düşdüsə, təbliğat aparmaq lazımdır. Mövsümün açılmasını gözləmək lazım deyil.

– Teatrın ümumi heyəti neçə nəfərdir?

İyirmisi aktyor olmaqla, altmış nəfərik.

– Yəqin ki, bu şəraitsizlikdən bezib teatrdan gedənlər olub. 

Çox oldu. Şəraitsizlikdən də əməkhaqqının azlığından da bezib gedənlər oldu.

– Aktyorlarınız nə qədər məvacib alırlar?

– 120-130 manat alan var, 180-190 da.

– Məktəblərdə biletləriniz satılırdı?

Son dövrlər satılırdı. O gün İsrafil İsrafilovun fikirlərini eşitdim. Bu ağlasığmazdır. Bu pul teatrın şəxsi büdcəsinə getmir ki. İkincisi, mənə məktəbdən gələn gəlir lazım deyil. Mənə lazımdır ki, uşaqların təlim-tərbiyəsində yardımçı olaq. Bütün tamaşalarımız tərbiyəvi əhəmiyyətə malikdir.

– Tamaşalarınız neçə yaşına qədər uşaqlar üçün nəzərdə tutulub?

– Müxtəlif yaş qrupları üçündür. “Xaşxaşın göz yaşları”, “Həyatla oyun” “Qeyri-adi məhkəmə” QİÇS-lə, vərəmlə bağlıdır. Buna qoca kişilər də baxa bilər.

– Axı bu, uşaq teatrıdır...

 Bizim tamaşaların yüz faizi uşaqlara aiddir.

– Teatrda baş rejissor ştatı yoxdur, deyəsən...

– Bədii rəhbər və direktor mənəm. Baş rejissor ştatı yoxdur.

– Olmazdımı direktor siz olasınız, bədii rəhbəri bir başqası? Çünki direktorun işi inzibatidir, bədii rəhbər isə sırf yaradıcı şəxsdir.

Teatrın möhürü direktorda olur və teatr isə yaradıcı təşkilatdır. Yaradıcılığa biri, inzibati işlərə digəri baxır. Amma möhür kimdədirsə, teatrın taleyi də ondan asılıdır. Bildiyimə görə, bu sistem Stalin dövründə yaranıb. Əslində, direktor və baş rejissor, yaxud bədii rəhbər eyni şeydir. Bunların arasında ziddiyyət olarsa, teatr inkişafdan qalacaq. Stalin teatrdan çox qorxurdu. O teatrın içində intriqanın olmasını istəyirdi. Ona görə də teatrsa teatrdan başı çıxmayan bir dövlət adamı olurdu, digər tərəfdən isə baş rejissor. Maliyyə də birini əlində idi və beləcə kəllə-kəlləyə gələn tərəflər teatrı inkişafdan saxlayırdılar.

– Amma indi də belə teatrlarımız var.

Yəqin ki onlar da düzələcəklər.

Yəni ikili rəhbərlik olmamalıdır?

Bir müəssisədə iki rəhbər mümkün deyil. Bizim sistemi doğru hesab edirəm. Mən bilirəm ki, filan tamaşaya nə qədər maliyyə ayrıla bilər.

– Siz teatrdakı inventarlarla maraqlanmalısınız, yoxsa yaradıcılıqla?

– Direktorun müavinləri var. Direktor olsam da, tamaşada bir gün siçanı, bir gün iti, bir gün pişiyi oynayıramsa, aktyorun səhnədə yaşadığı hissləri unutmamışamsa, deməli, mümkündür. Mübariz Həmidov da aktyordur, İsrafil İsrafilov, Əliqismət Lalayev, İftixar Piriyev də teatr adamlarıdırlar.


– Amma elələri var ki, uzun müddət inzibati işlərdə işləyiblər.

– O artıq şəxsi məsələdir. Məsələn, Mübariz Həmidov səhnədə oynasa, heç kim ona deməyəcək ki, sən niyə oynadın. 

– Oynamalıdırmı?

Məncə, hə. İlham Rəhimlinin Moskva “Satira” teatrının direktoru Məmməd Ağayevə verdiyi sualı eşitdim. Soruşdu ki, sizin aktyorlarla bu qədər səmimi olmağınız təhlükə yaratmır ki? Yəni aktyorlar sizin çiyninizə çıxmazlar ki? Teatrın məxsusi idarəçilik forması var axı. Rəhbər əməkdaşların arasında olmalıdır. Teatrın direktoru teatrın baş fəhləsidir.

– Yeri gəlmişkən, bir müddət işə velosipedlə gedirdiniz…

– Elə şeylər var ki, onu demək mümkünsüzdür. İstəyirdim deyim ki, direktorun velosipedlə işə gedib-gələ və bu cəmiyyət tərəfindən normal qəbul oluna bilər. Kabinetlərdən çölə çıxmaq lazımdır.

– Bu direktorlara mesaj idi?

Təkcə teatr direktorlarına yox, aşağı müəssisə rəhbərlərinə mesaj idi. Rəsmi geyim rəsmi geyimdir, başa düşürəm. Amma kostyumda işləmək keyfiyyəti ilə sadə sərbəst geyimdə işləmək keyfiyyəti başqadır.

– Səhnədə bəzən pişik, bəzən siçan “olmaq” və ardınca da ciddi obrazlar. Çətin deyil?

– Üç il əvvəl çəkilmiş bədii-sənədli tarixi filmdə Məmməd Əmin Rəsulzadəni oynamışam. Hər il martın 31-də göstərirlər. “Cavid ömrü” filmində Yemelyanovu oynamışam. Serialda kifayət qədər yadda qalan həkim rolunu oynadım. Yaxın günlərdə “Xəzər” televiziyasında efirə gedəcək “Səndən sonra” serialında Şahmar adlı kiçik məmuru oynayıram. Birinin o birinə aidiyyəti yoxdur. İndiyə qədər heç bir tamaşaçı mənə deməyib ki, “aaa, meymunu oynayan əmi”... Dünən meymunu oynayıram, bu gün hökmdarı. Burda nə var ki?

– Tamaşalarınız neçə saat gedir?

– Bu məsələdə də digər teatrlardan bir qədər fərqlənirik. Daha yığcam teatrıq. Bizdə 20 nəfər aktyor heyətidir. Tamaşalarımız 40-45 dəqiqə çəkir. Tamaşanın bir dərs müddətindən artıq olmağı bizə sərf eləmir. Çünki uşaq başlayacaq darıxmağa. Fikrimizi 30 dəqiqəyə deyə biliriksə, niyə uzadaq?

– Son vaxtlar teatrlarımızda yerli yazarlara qarşı sanki biganəlikvar. Məsələn İsrafil İsrafilov “bura şitillik deyil ki, kimisə yetişdirək” məzmunlu açıqlama verir. Başqa sənət ocaqlarında da durum təxminən eynidir. Bəs sizin teatrda?

– Mən əvvəlcə yazıçını axtarmıram. Sadəcə oxuyuram, harda tutduğum fikir oldusa, onu inkişaf etdirib tamaşa qururuq. Elçin Hüseynbəylininin iki əsəri bizdə oynanılır. Doğrusu, əvvəlcə ona “Şrek Azərbaycanda” adlı bir pyes sifariş verdim, yazdı xoşuma gəlmədi. Çünki stilimizə uyğun deyildi. Amma “İki nəfər üçün” oyun tamaşasına baxanda özü dedi ki, bu pyes bir neçə teatrda qoyulub və ən bəyəndiyi Bakı Uşaq Teatrında baxdığıdır. Halbuki tamaşanı qoyan tələbə idi və diplom işi kimi qoymuşdu. Elçinin bizdə “İmperator” adlı bir tamaşası da qoyuldu.

Deyəsən, dostluq öz işini görür…

– Qətiyyən.

– Bir neçə gündən sonra mövsümü açırsınız. Hansı tamaşa ilə?

– Bu mövsümün açılışını Abdulla Şaiqin “Əşxas” əsəri ilə edəcəyik. “Əşxas” Azərbaycan səhnəsində oynanılmayıb. Bu əsəri mənə həyat yoldaşım Arzu Soltan təqdim etdi.

– Arzu xanım da sizin teatrda işləyir?

Yox, sadəcə o mənim rejissor kimi nə istədiyimi daha yaxşı bilir. Vərəmlə, narkomaniya ilə bağlı mövzunu mən ona deyirəm. O məni daha yaxşı başa düşür. Bəzən belə xəstəliklərin yayılması millət və fərd olaraq tənbəlliyimizdən irəli gəlir. Arzuya sifariş verirəm, yazır, hazırlayıram…

– Dost, həyat yoldaşı…Teatrda oynanılan iki əsər dostunuzun, biri xanımınızındır.

– Fikirlərimdə alt qat axtarmayın. Çünki mən öz yaşımda olan uşağam. Alt qat tamaşalarımda olur. Gənc yazarlara daha çox yer verirəm. İsrafil müəllimdən fərqli olaraq, mən onları şitil kimi yetişdirməyə borcluyam. “Azdrama”da çox çətindir. Onlar hazırın istəyir və istəməlidir də.

– Tamaşaçı kimi İsrafil müəllimin dedikləri ilə razısınız?

Teatr tamaşaçı olaraq zövq məsələsidir. Fikir verirsinizsə, yaradıcılıqda heç kəs bir-birini bəyənmir. Ona görə ki, hər kəs təkrarsızdır. İstənilən sənətkar bir birinə bənzəmir. Təkrar yaşamır, təkrarsızdırsa, birincidir. Mən peşəkar tamaşaçıyam. İsrafil müəllimin ora gəldiyi anları, xəstəxanaya düşməyini xatırlayaq. Orda kök atmış elə adamlar var ki, kötüyü çürüyüb, budaqları süni şəkildə rənglənib “yaşıl qalır”. Elələri var ki, onlara söz demək mümkün deyil. Hərəsinin arxasında kimlər dayanıb.

– Aktyorların, aktrisaların?

Təbii ki. Ona görə də desəm ki, “Azdrama” pisdir. İsrafil müəllim deyər ki, bəlkə gəlib bir ay mənim yerimə idarə edəsiniz. Görəcəm bacarmıram. Bizim teatrda mənim dediyim qanundur.

– Bu avtoritarizmdir axı..

Ailə prinsipi ilə nəzərdə tuturam. Tamaşaları elə hazırlayırıq ki, birimiz digərimizi əvəz edə bilək. 

– Məncə, Azərbaycanda yeganə teatrsınız ki, heç kimin fəxri adı yoxdur.

– Bəli, elədir. Yəqin işləyə bilməmişik, ona görə.

– Kinayədir, yoxsa səmimi deyirsiniz?

– İstəyənin bir üzü qara verməyənin iki üzü qara (gülür). Bir neçə dəfə təqdimat vermişəm.

– Özünüzü də?

Yox. Öz adım idarədən 5 ildir nazirliyə verilib.

– Maraqlanmamsınız?

Yox, niyə qonşu otağın qapısını döyüb deməliyəm ki, “niyə bu işi görmürsən?”

– Əgər halal haqqınız olduğunu hesab edirsinizsə, o qapını döyməyə dəyər.

– Mənim halal haqqım 5-3 nəfər uşağı yetişdirməkdir. Fəxri ad yağışı yağanda əlimə çətir götürürəm. Çox istərdim zəhmətim qiymətləndirilsin, prezident mükafatına kollektivimdən bir neçə nəfərin adı düşsün. Uşaqlarla işləmək çox çətin olduğuna görə uşaq teatrının aktyorlarının əmək haqları əlahiddə şəkildə artırılmalıdır. 12 il ərzində 83 tamaşa hazırlamışıq.

– Dolanışıq necədir?

İki sənətkar işləyirik, dolanırıq.

– Kreditiniz, borcunuz yoxdur ki? 

Kredit götürməyi təhqir sayıram. Bankirin məni dolamağı təhqirdir. Pulu kəmərimdən aşağı saxlayıram ki, ürəyimə yaxın olmasın. Arzu xanımın və mənim əlavə gəlir əldə etmək imkanlarımız var. Türkiyədə bir tamaşa qurmuşam, ikincisinə də dəvət almışam. Ərzurumda 4 türk dövlətinin –Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstan aktyorlarını iştirakı ilə tamaşa quracağam. Ötən il isə Sinop Sənət Teatrında bizim aktyorlarla onların aktyorların iştirakı ilə tamaşa qurmuşdum. Bu il Türkiyədə ilin rejissoru adını almaq “təhlükəm” gözlənilir. Fəxri ada isə ehtiyacım yoxdur, artıq çox incimişəm. Elə bir adam zəng edib teatrın ünvanını soruşdu ki, sadəcə xəcalət çəkdim.

– Türkiyədə qurduğunuz tamaşaya görə nə qədər qonorar aldınız?

– 5 min dollar verdilər və 20 gündən də az işlədim.

– Məncə, orda yerli rejissor tamaşanı daha baha qurur.

Axı 20 gün işləmədim heç. Mən özümü orda yad hesab etmirəm. 

– Türkiyədən daimi iş təklifi olsa, gedə bilərsiniz?

Mənə dəfələrlə belə təkliflər olub. Amma burda daha çox lazımam. Bəlkə də lazımsızlığımı diqqətsizliklə dəfələrlə sübut etməyə cəhd göstəriblər. Amma özüm bilirəm ki, burda daha çox lazımam.

– Müsahibədən öncə dediniz ki, bir dəfə kimdənsə sizə narkotik tapmasını xahiş etmisiniz. Niyə?

– Dənizkənarı Milli Parkda olanda məni o qədər sıxırdılar ki! Təxminən 2004-cü il idi. Bir nəfərdən xahiş etdim ki, mənə narkotik tapsın. Sonra “Xaşxaşın göz yaşları” layihəsi qarşıma çıxdı, oxudum və fikrimdən daşındım. Bir neçə gün də keçsəydi, yəqin ki, narkotikdən istifadə edəcəkdim. Narkotik də elə şeydir ki, bir dəfə qəbul etmək həyatını korlamağa bəs edir.

– Oğlunuzun da adı İntiqamdır, sizin də.

– Bəli, oğlumun adı İntiqam, qızımın və həyat yoldaşımın adı Arzudur. Yəni qızım anasının, oğlum isə mənim adımı daşıyır. İkinci qızımın da adı İnardır. Almaniyada təyyarəyə minəndə problem yaranmışdı. Dəfələrlə gömrükdə belə şeylər olub ki, necə yəni ananın da, qızın da adı eynidir.

– Bu hardan ağlınıza gəlib?

Gəncliyiimdən sovet qanunlarına, ictimai qaydalarına öz etirazımı bildirmişəm. Biz ailə qurandan 10 il sonra toyumuz olub. 1990-cı ilin mart ayını 18-də nişanlımla qoşulub getmişəm. Toy dedilər, dedim ki 2000-ci ilin mart ayını 18-də olacaq.

– Niyə?

Etiraz əlaməti olaraq.

– Sanki hər şeydən narazısınız. Axı nə istəyirsiniz?

– 12 illik fәaliyyәtimizdә hәlә normal bir iş otaqlarımız, mәşq yerimiz olmayıb. Elә istəyirәm ki, bizim dә digәr teatrlar kimi işıqlı, gözәl iç mәşq otaqlarımız olsun. Onda mәn bütün Azәrbaycana, bütün dünyaya sübut eləyirәm ki, teatr ölmәyib. Teatr yaşayır. Bu fikri hәmişә sәslәndirmisәm: “Mәnә normal yer, tәlәb olunan maliyyә vәsaiti vә 6 ay vaxt verin, 7-ci ayın birinci günü bütün dünyada әn gözәl teatrın bizdә olduğunu sübut edim.

– Son olaraq bir sual verim. Deyəsən teatrdan yazan jurnalistlərlə bir tamaşa qurmaq istəyirsiniz. Niyə məhz jurnalistlər?

– Çünki onların çoxu teatrı yaxşı tanımırlar. İstəyirəm aktyorların keçirdiyi hisslә tanış olsunlar. Әgәr lazım olsa, bu işdә Uşaq Teatrının aktyorları kömәk edәcәklәr. Mәşq prosesindә adi bir sözü düzgün demәk üçün nә qәdәr söyüşdüyümüzün, döyüşdüyümüzün şahidi olsunlar, istəyirәm.


İntiqam Valehoğlu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı