Modern.az

Bakı İncəsənət Mərkəzinin iki qiymətli rəsm əsəri oğurlanıb - FOTO

Bakı İncəsənət Mərkəzinin iki qiymətli rəsm əsəri oğurlanıb - FOTO

Mədəni̇yyət

25 Sentyabr 2013, 16:02

Bakı İncəsənət Mərkəzinin fondlarında aparılan sonuncu daxili yoxlama zamanı məlum olub ki, bu mədəniyyət ocağına məxsus olan iki qiymətli rəsm əsəri yoxa çıxıb.
Bakı İncəsənət Mərkəzindən Modern.az saytına bildiriblər ki, həmin əsərlər tanınmış Azərbaycan rəssamı Əşrəf Muradoğlunun 2 tablosudur. Belə məlum olub ki, rəssamın “Tehran konfransı” (kətan, yağlı boya, 107x140 sm) və “Lenin Smolnıda” (kətan, yağlı boya, 130x117 sm) əsərləri oğurlanıb.

Ə.Muradoğlunun qeyd olunmuş əsərləri Bakı İncəsənət Mərkəzi tərəfindən 1988-ci ildə alınıb.

“Bu illər ərzində tablolar, təşkilatımızın adından, dəfələrlə Bakıda və xaricdə keçirilən sərgilərdə nümayiş olunub, reproduksiyaları kataloq və jurnallarda çap edilib. Sonuncu dəfə Bakı İncəsənət Mərkəzinin fondlarının inventarizasiyası 2008-ci ildə aparılıb. O zaman, hələ Əşrəf Muradoğlunun qeyd olunmuş əsərləri fondumuzda idi”-deyə Bakı İncəsənət Mərkəzindən Modern.az-a bildirilib.

Mərkəz oğurlanmış əsərlərin hal-hazırda harada və kimdə olduğu haqda məlumat almaq üçün rəssam, kolleksioner, incəsənət xadimləri və sənətsevərlərə müraciət ünvanlayıb.

Bildirlib ki, bu haqda xəbər verən şəxsi hər bir əsər üçün 500 manat həcmində mükafat gözləyir.

“Əsərlərin oğurlanması haqda yerli hüquq-mühafizə orqanlarına və INTERPOL-a xəbər verilib. Eyni zamanda Azərbaycanın və bir sıra xarici ölkələrin mədəniyyət qurumlarına bu informasiya ötürülməkdədir”-deyə Bakı İncəsənət Mərkəzindən bildirilib .

Daxili İşlər Nazirliyindən Bakı İncəsənət Mərkəzinə bildiriblər ki, artıq sabahdan axtarışlara başlanacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır