Modern.az

Haşım bəy Vəzirov «Molla Nəsrəddin»çiləri nədə ittiham etmişdi?

Haşım bəy Vəzirov «Molla Nəsrəddin»çiləri nədə ittiham etmişdi?

28 Sentyabr 2013, 13:12

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Azərbaycan türk mütəfəkkirlərindən Haşım bəy Vəzirovun da yaradıcılığında İslamçılıq və Türkçülük, o cümlədən Müasirləşmək ideyaları mühüm yer tutmuşdur. 

20-ci əsrin əvvəllərində «Təzə həyat», «İttifaq», «Səda» və başqa qəzetlərin təsisçisi və baş yazarı kimi yazıb-yaratmış Haşım bəy İslam dininə münasibətdə mühafizəkarların və ifrat qərbpərəstlərin tutduğu yolları əsla qəbul etməmişdir. Hər iki xətti tənqid edərək o bildirirdi ki, bu din, yəni İslam həm dəyişilməyir, həm də hər bir tərəqqi və irəli getmək ilə düz gəlir. Onun fikrincə, ancaq bu dinə kamil bələd olan şəxslər anlar ki, hazırda müsəlman aləminin geriliyinin günahkarı İslam deyil, başqa səbəblərdir. O, həmin səbəblərə nümunə kimi müsəlmanların əksər qisminin avamlığını, cahilliyini, fanatikliyini və xurafatçılığını göstərirdi. Onun fikrincə, müsəlman aləminin bu günə düşməsində ikiüzlü din xadimləri, o cümlədən mollalar və ruhanilər də mühüm rol oynamışlar.

Halbuki İslam dini başlanğıcda və ondan bir müddət sonra sədaqət, ittihad, biqərəzlik dini olmuş və bu kimi amillərə əsaslanmışdır. Xüsusilə, «müsəlmanlar qardaşdırlar» prinsipi əvvəllərdə İslam dünyasında geniş yayılmış və müsəlman millətiləri, əsasən barış və rifah isərçisində yaşamışlar. Ancaq İslamın bərqərar olduğu və yayıldığı müddətdən bir neçə əsr keçdikdən sonra vəziyyət tamamilə dəyişilmişdir. Belə ki, ilkin islam qayda-qanunlarını unudan despotik hökmdarlar islam adından öz saxta qanun-qaydalarını irəli sürmüşlər.

Bununla da, H.Vəzirovun fikrinə görə, əvvəllər nə qədər sürətlə islamiyyət tərəqqi edib irəli getmişdisə, son əsrlərdə ona bənzər bir surətlə dağılmağa, tar-mar olmağa üz qoymuşdur. Belə bir dönəmdə islam millətlərinin başbilənləri, o cümlədən islam mütəfəkkirləri bundan çıxış yolları aramağa başlamışlar.

Haşım bəy yazırdı ki, İslamda yeniləşmənin olması ideyası 19-cu əsrin sonlarına doğru daha geniş yayılmış və 20-ci əsrin əvvəllərində də bu proses davam etməkdədir. Onun fikrincə, dövründə meydana çıxan ictimaiyyətçi və yenipərəst olmaq isə nəinki İslam dininə ziddir, əksinə bu dinlə üst-üstə düşür. Çünki ictimaiyyətçi və yenipərəst olmaq İslam bərqərar olan gündən onun mahiyyətini təşkil etmişdir. Bütün bunları nəzərə alaraq, H.Vəzirov yazırdı: «Biz hamı millətlərin, hamı insanların kamal həddinə yetişməyinin və onlarla birlikdə öz millətimizin xoşbəxtliyinin tərəfdarıyıq. Biz öz millətpərəstliyimizi əsil yenipərəstlik, insanpərəstlikdə binalandırırıq».

O qeyd edirdi ki, hür­riyyət, müsavat və ədalət islamiyyətin əsas təməl daşlarıdır. H.Vəzirov da, bütün bunları bu şəkildə qəbul edərək «Səda» qəzetində müsəlmanların rifahı üçün çalışacağına söz verirdi: «Siyasi cəhətdən ruznaməmiz tərəqqipərəstlik yolunda olub müsəlmanların haqqında indiyə kimi hər nə təcavüzat və sıxıntı olubsa, onların rəfinə çalışacaq, Rusiyada olan rus millətinə verilən hüquq və imtiyazın hamısını biz dəxi öz millətimiz üçün tələb edəcəyik və hər bir işdə bu halda Dövlət Dumasında müsəlman firqəsi tutduğu məramnamə ilə mütabiq gedəcəyik,… dil məsələsinə gəldikdə mümkün olan qədər camaatın çoxuna tanış olmayan sözlərdən, istilahlardan qaçacayıq».

İslam dini və şəriətin «saflığını» tərəqqinin başlıca şərtləri kimi qəbul etməklə yanaşı,  Haşım bəy hesab edirdi ki, elmlə dini etiqadı arasında kəskin ziddiyyət yoxdur. Onun fikrincə elmi və dini bir-birinə qarşı qoyanlar islam millətlərinin birliyinin əleyhinə olanlardır. Çünki, İslamın bütün müddəaları tamamilə dünyəvi elmlərlə üst-üstə düşür. Eyni zamanda, dünyəvi elmlərlə dini elmlərin bir-birinə zidd olmaması ilə bağlı Məhəmməd peyğəmbərdən (s) də hədislər vardır. Həmin hədislərin mahiyyəti də göstərir ki, hər bir müsəlmanın dini elmlərlə yanaşı, dünyəvi elmləri də öyrənməsi zərurilir.

Maraqlıdır ki, mütərəqqi islamçılıq mövqeyində dayanan Haşıym bəy yeri gəldikdə sinfi sülh ideyasının tərəfdarı kimi də çıxış edirdi. Onun fikrincə, insanlar müxtəlif dinlərə tapınsalar da, bu onlar arasında sülhün, barışın olmamasına dəlalət ola bilməz. Əksinə, bütün səmavi dinlər yalnız və yalnız sülh ideyasını təbliğ və müdafiə edirlər. Vəzirovun fikrinə görə, dinləri bir-birinə qarşı qoyan və millətlər arasındakı sülh ideyasını rədd edənlər isə marksistlər və onlara meyil edən digər ifrat sol qüvvələrdir. O hesab edirdi ki, marksistlər xüsusilə İslama münasibətdə qərəzli mövqe nümayiş etdirirlər.

Bu baxımdan H.Vəzirov yerli marksistləri, o cümlədən onlara meyil edən «Molla Nəsirəddin»in ideoloqlarını (C.Məmmədquluzadə və b.) yerli-yersiz müsəlman ziyalılarına, müsəlman millətçilərinə, müsəlman mülkədarlarına (H.Tağıyev və b.) sataşmaqda ittiham etmişdir.  Onun fikrincə, müsəlman mütəfəkkirləri öz liderlərinə, himayəçilərinə sahib çıxmaq əvəzinə, onları tənqid atəşinə tutması doğru deyildir. Vəzirov hesab edirdi ki, «Molla Nəsirəddin» jurnalında İslam-Türk məfkurəsinin sintezindən çıxış edən Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin və Hacı Zeynalabddin Tağıyevin tənqid olunması müsəlman-türk  milləti arasında təfriqə salır və narazlığa səbəb olur. Ona görə də, Haşım bəy «molla nəsirəddinçi»ləri İslama münasibətdə radikal mövqe tutmasını pisləyirdi.

H.Vəzirov islamiyyətin düşməni olan «Novo vremya», «Rusiya» kimi qəzetlərində də bəzi yerli mütəfəkkirlərin islamiyyət və müsəlmanlar əleyhinə səfsətələr yazmasını doğru saymırdı. Xüsusilə, M.Şahtaxtlının «hər bir şəriət zaman və məkanilə məhdudur, heç bir şəriət tabeləri tərəfindən səmavi də hesab olunsa, əbədi və küll ola bilməz» fikrini tənqid edən H.Vəzirov bütün bunları küfr və ruspərəstlik kimi qiymətləndirirdi. Onun fikrincə, bəzi yerli mütəfəkkirlər rus hökumətinin gözünə girmək üçün öz dinlərini ayaqlar altına atırlar.

Eyni zamanda, «İslam birliyi»ni xristian dünyasına (Avropa və Qərb) təhlükə kimi görən ermənilərə cavab olaraq H.Vəzirov yazırdı ki, ingilislər, ruslar, italiyanlar və başqa əcnəbi millətlər bu məsələdə müsəlman dünyasına qarşı olsalar da, artıq bəzi müsəlman ölkələri (Əqfansıtan, Mərakeş, Osmanlı Türkiyəsi və b.) «İslam birliyi»nə meyil edirlər. Onun fikrincə, xristian millətlərin bir-birləri ittiafaq yaratdıqları zamanda, müsəlmanların da eyni fikrə düşməsi isə çox təbiidir. Ancaq maraqlıdır ki, xristian millətlər öz aralarında ittifaq yaratdıqda bunu müsəlmanlar üçün təhlükə kimi görmürlər. Eyni addımları müsəlman millətlər atdıqda isə, xristian millətlərin mütəfəkkirləri tərəfindən bu, dərhal xristianlar üçün təhlükə mənbəyi, hətta dünya üçün zərərli amil sayılır. Haşım bəy hesab edirdi ki, islam millətləri başqalarının oyunlarına gəlməməli və öz aralarında ən azı dini-mənvi birliyə sahib olmalıdırlar.

Qeyd edək ki, 1916-cı ildə dünyasını dəyişən Haşım bəyin vəfatı münasibətilə bir çox aydınlarımız, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Əbdüxaliq Cənnəti və başqaları ona məqalələr və şeirlər həsr etmişlər.

M.Ə.Rəsulzadə «Haşım bəy Vəzirov» məqaləsində yazırdı ki, o, fəal, səbatlı, çalışqan, nəfsinə inanmış, qüvvətinə güvənmiş qələm əhlindən idi. Vəzirovu başqalarından fərqləndirən isə o idi ki, yalnız başına olaraq başladığı işi ölüncəyə qədər davam etdirdi. Rəsulzadə yazırdı: «Dün mərhumun tabutu arxasından həzin-həzin gedərək düşünüyordum və Haşım bəydən cavanlarımıza örnək olaraq nəyi göstərmək olar deyə - özümə sordum:

İstiqamət, başladığı bir işi əncamə yetirmək əzmi və səbatı! - deyə cavab verdim.

İştə ruhlu, məsləkli, qəlbləri atəşin bir amalpərvərliklə dolu olan cavanlar, iştə sizə dəgərli bir nümunə!...

Məqsəd uğrunda Haşım bəy qədər səbatkar, başladığınız işdə bu mərhum qədər fədəkar olunuz!..

Səni də Allah əfv etsin ay zəhmətlərə qatlanan, ay sıkıntılardan usanmayan qələm arkadaşı!

Allah rəhmət eləsin sənə, ey xidmət qurbanı!».

Ə.Cənnəti də Haşım bəyə həsr etdiyi şeirində onu millət xadimi kimi qələm vermişdir. Şairin fikrincə, Haşım bəy daima millət üçün yazıb-yaratmış, xalqı nadanlıqdan, cəhalətdən xilas edərək milli oyanışa nail olmaq istəmişdir:

Millətin ruhini etminsən nhya,
Açmısan el üzünə babi-murad.
Bizdə yoxdur əvəz biqeyri-dua,
Ruhin olsun həmişə xürrəmi şad.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü