Modern.az

«Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…»

«Xəyanətkar Rəsulzadələr, Xoyskilər, Ağaoğlular, Topçubaşovlar…»

29 Oktyabr 2013, 11:13

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

SSRİ 20 ildən çoxdur bitib, ancaq sovet ideologiyasının şüurlarmızdakı qalıqları hələ də davam etməkdədir

I yazı

Bu ifadələrə SSRİ dövrünün ədəbiyyatında tez-tez rast gəlmək olardı. Yəqin ki, bunu yaşlı nəsil, yəni Sovet dövründə yaşayanlar yaxşı xatırlayırlar. Gənclər isə həmin dövrdə yazılmış bir neçə ideoloji kitabı oxusalar bunu, asanlıqla tapa bilərlər. Həmin kitablarda hər bir milli mütəfəkkirimiz, aydınımız SSRİ rəhbərləri və ideoloqlarının nəzərində müxtəlif məsələlərə görə satqınlıqda və xəyanətdə ittiham olunurdular. Onların arasında ən çox tənqid olunan isə Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə idi. Bu da səbəbsiz deyildi.

Rəsulzadə ilk dövrlərdə (1904-1909-cui illərdə) Rusiya sosial-demokratları ilə (RSDFP) bir cəbhədə fəaliyyət göstərmiş, hətta SSRİ-nin gələcək rəhbəri Stalinlə yaxın münasibətləri olmuşdur (Yeri gəlmişkən, həmin dövrdə Rəsulzadənin Stalini çar Rusiyasının ölüm həbsxanasından qurtarması, 1920-ci ilin yayında  eynilə Stalinin Rəsulzadəni Sovet Rusiyasının ölüm pəncəsindən xilas etməsi də hazırda milli ideoloqun əleyhinə çevrilmişdir. Bu məsələyə də yeri gəldikcə toxunacağıq). Ancaq sonralar Rəsulzadə rus sosial-demokratlarının əsl simalarını görmüş və onların güclü rəqiblərindən birinə çevrilmişdir. Rus sosial-demokratlar bunu Rəsulzadəyə bağışlaya bilmirdilər. Çünki Rəsulzadə milli-demokratik cəbhəyə (türkləşmək, islamlaşmaq və müasirləşmək) keçdikdən sonra rus sosial-demokratlarının əsl niyyətlərinin marksizmin nəzərdə tutuduğu kommunizm qurmaq deyil, çar Rusiyasının yerində yeni bir imperiya yaratmaq olduğunu açıq şəkildə yazılarında ifadə edirdi. Bu isə rus sosial-demokratlarının nəzərində xəyanət idi və onlar dəfələrlə Rəsulzadəni xəyanət etməkdə ittiham etmişlər. Bu hələ çar Rusiyası dövründə belə idi.

Rəsulzadə və onun silahdaşlarının 1918-ci ilin mayın 28-də Azərbaycan Cümhuriyyətini qurması isə rus sosial-demokratlarının və onların əlaltılarının nəzərində onun «xəyanətkar» və «satqın» olmasının pik nöqtəsi idi. Düzdür, rus bolşevikləri və onun yerlərdəki əlaltıları Cümhuriyyəti dövründə bunu bir o qədər də açıq şəkildə ifadə edə bilmirdilər. Ancaq 1920-ci il aprelin 27-də Cümhuriyyətin devrilməsi ilə Rəsulzadə və onun məsləkdaşlarına münasibətdə daha radikal bir dönəm başladı. Doğrudur, ilk illərdə Stalinin Rəsulzadəyə qayğı göstərməsi, yəni həbsxanadan çıxardıb özü ilə Moskvaya aparması, bu kampaniyanın dərhal start götürməsinə əngəl oldu. Lakin milli ideoloqun SSRİ imperiyasının ərazisini tərk edərək  Avropaya, ordan da Türkiyəyə getməsi ilə sovet ədəbiyyatında Rəsulzadənin «satqın» və «xəyanətkar» şəxsiyyət olması böyük çapda gündəmə gətirilmişdir. Çox təəssüflər olsun ki, bu kampaniyaya qoşunlar arasında Azərbaycan ziyalıları da var idi. Məsələn, Səməd Vurğun şeirlərində milli ideoloqu «Mürtəce Rəsulzadə» adlandırır, Azərbaycanda onun üçrəngli bayrağının deyil, Lenin oraq-çəkicli qırmızı bayrağının qalib gəlməsini fəxrlə yazırdı. eyni zamanda, Mir Cəfər Bağırov «xəyanətkar» Rəsulzadəni ifşa etmək üçün həm bir «çekist», həm də AKP MK-nın birinci katibi kimi əlindən gələni əsirgəməmişdir.


«Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri» (1986) kitabında Rəsulzadə və onun məsləkdaşlarının həmin dövrdəki «xəyanətkar» mövqeyləri isə belə açıqlanırdı: «İnqilabın müvəqqəti cığırdaşlarından, burjua və xırda burjua ziyalıları içərisindən olan xainlər İ.Aşurbəyov, M.H.Hacınski, Q.İ.Qarabəyov, A.K.Kazımzadə, M.Ə.Rəsulzadə və başqaları inqilabi hərəkata qarşı mübarizəyə fəal surtədə qoşulub bolşeviklərə böhtan atır, panislamizmi təbliğ edirdilər. Onlar sonralar Azərbaycanda burjua-mülkədar millətçi əksinqlabın başçıları oldular».

Maraqlıdır ki, SSRİ ədəbiyyatında pantürkist və panislamist mütəfəkkirlər kimi qələmə verilib sosialist dünyagörüşünə, fəhlə sinfinin inqilabi hərəkatına xəyanət etdiklərinə görə tənqid olunan Ağaoğlular, Rəsulzadələr, Topçubaşovlar, Hüseynzadələr və başqaları haqqında hazırda da, oxşar fikirlərə, mülahizələrə rast gəlmək mümkündür. Bizə elə gəlir ki, ciddi araşdırmalar aparılmadan, problemə kompleks şəkildə yanaşılmadan hazırda həmin mütəfəkkirlər barəsində təsadüfi, yersiz mülahizələrin səsləndirilməsi doğru deyildir. Xüsusilə, bəzi ədəbiyyatda həmin dövrün milli aydınlarına münasibətdə, elmi obyektivlikdən daha çox subyektiv yanaşmalara rast gəlirik. Ən acınacaqlısı odur ki, həmin dövrün ziddiyyətlərini aydınlaşdırmaq, bir çox mütəfəkkirlərin nədən təzadlı mövqelərdən çıxış etməsini aşkara çıxarmaq, mühitin mürəkkəbliyini nəzərə almaq əvəzinə, sovet ədəbiyyatının məzmununun bir qədər dəyişilməsi, yaxud da SSRİ müəlliflərinin irəli sürdüyü mülahizələrin doqmatik şəkildə qəbul edilməsi halları ilə qarşılaşırıq.

Bu baxımdan Milli Azadlıq Hərəkatı uğrunda mübarizə aparanların çar Rusiyası və SSRİ ədəbiyyatında «millətçi», «pan­­türk­ist», «panislamist» kimi verilməsi təəccüblü olmasa da, hazırda, ciddi araşdırmalar aparılmadan sovet dövründə marksizmin qatı düşmənləri kimi qələmə verilən hə­min şəxsiyyətlərin, əsasən layiq olduqları yüksək mövqelərinin aşağı salınmasına cəhd, əvəzində yenidən marksist-leninçi ideoloqların yeri gəldi-gəlmədi, müdafiə olunması doğru deyildir.

Xüsusilə, çağdaş nəsil ilə 20-ci əsrin əvvəllərində yaşamış nəsil (özəlliklə, həmin nəslin düşünən, aparıcıları) arasında SSRİ dövründə qırılmış bağları yenidən bərpa etmək lazım gəldiyi bir vaxtda, bir çox hallarda bunun əksini görmək çox dügündürücüdür. Belə ki, artıq yaşlı nəsil (SSRİ dövründə də yaşamışlar) deyil, gənclər arasında da Rəsulzadə, Ağaoğlu, Topçubaşov, Hüseynzadə, Xoyski və başqaları haqqında «satqın», «xəyanətkar», «panislamist», «İranpərəst», «Osmanlıpərəst», «Vətəni qoyub qaçanlar» və s. ifadələrə rast gəlmək olur. Məsələn, Rəsulzadəni və Xoyskini İrəvanı Ermənistana verməkdə, Ağaoğlunu Azərbaycanı vaxtilə Türkiyəyə birləşməkdə, Hüseynzadəni Azərbaycan dilini deyil, Türkiyə türkcəsini müdafiə etməkdə və s. ittiham edənlər vardır.

Maraqlıdır ki, həmin nəsil arasında da ən çox ittiham olunan, SSRİ dövründə olduğu kimi, yenə də Rəsulzadəddir. Vaxtilə sovet ideoloqları onu sosial-demokrat əqidəsinə xəyanət edib Azərbaycan Cümhuriyyətini qurmaqda ittiham edirdilər. İndi isə elələri tapılır ki, birbaşa və dolayısıyla Rəsulzadəni İrəvanı ermənilərə verməkdə, Vətəni qoyub qaçmaqda (yəni Rəsulzadə hökmən qalıb ölməliydi), Stalinlə «dost» olmaqda, Hitler Almaniyası ilə münasibətlər qurmasına və sairə görə ittiham edirlər.

Halbuki çağdaş nəsil ona Cümhuriyyət bəxş edən nəsli Rəsulzadə başda olmaqla, bir qəhrəmanlıq, şərəf örnəyi kimi görməlidir. Öz gələcəklərini işıqlı və davamlı etmək üçün həmin nəslin ideyalarını yaşatmağa borclu olmalıdırlar. Ən azı ona görə ki, qısa  müddətdə həmin nəsil bir çox sahələrdə böyük uğurlara imza atmışlar. O uğurların təməlində və əsasında İslam və Türk dünyasında ilk demokratik cümhuriyyət olan Azərbaycan Cümhuriyyətinin mövcudluğu dayanır.

Azərbaycan Cümuriyyətinin yaranmasında və milli-demokratik yönlü inkişaf strategiyasında isə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Abbasqulu Kazımzadə, Firidun bəy Köçərli, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyli, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yuisif Cəfərov, Məhəmməd Əmin Rəsulzadə və başqaları mühüm rol oynamışlar. Rəsulzadənin təbrincə desək, bu nəsil bizə bunu miras qoymuşdur:

«Ey gənclik!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan  bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on min müşkülatla ucaldaraq dedi ki:

Bir kərə yüksələn bayraq bir da yenməz!

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzəriən dikəcək və bu yolda

-  Ya qazi və ya şəhid olacaqsan!».

Rəsulzadə yox yerdən bir bayrağın ucaldılmasını deyərkən, heç də tariximizdə müstəqil dövlətlərin olmamasına, yaxud da əsrlər boyu ancaq əsarət altında yaşamağımıza işarə etməmişdir. Sadəcə, milli ideoloq onu ifadə etməyə çalışmışdır ki, artıq bir əsrə yaxındır çar Rusiyası Azərbaycan Türk millətinin  azadlığını əlindən almış və milli bayraqdan məhrum etmişdir. Çar Rusiyası bunu edərkən isə Azərbaycan türklərinin vahid milli bayrağı olmamış və o, ayrı-ayrı xanlıqlar şəklində idarə olunmuşdur. Bu mənada, Azərbaycan türkləri 1918-ci ildə artıq parçlanmış bir millət deyil, vahid millət şəklində meydana çıxmış və vahid milli bayrağını qaldırmışdır.

Yeri gəlmişkən, indi də bir çox ədəbiyyatlarda və hansısa bəzi tanınmış natiqlərin çıxışlarında Azərbaycan xalqının əsrlər boyu əsarət altında yaşıdığı fikri xüsusilə vurğulanır. Öncə, kökündən yanlış olan bu fikrin formalaşmasında SSRİ ideoloqlarının «əməyini» xatırlamaqda yarar vardır. Dahası, Azərbaycan türkləri əsrlər boyu nəinki əsarət altında yaşamış, əksinə bir çox yüz illər başqa millətləri milli imperiyalarında (İskitlər, Ağvanlar, Sacilər, Şirvanşahlar, Azərbaycan Atəbəyləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) idarə etmişlər. Yəni Azərbaycan türklərinin öz yaratdıqları dövlət və imperiyalarda əsarət altında yaşamaları fikri qətiyyən doğru deyildir.

Azərbaycan türklərinin qeyri-milli imperiyalara qarşı dözümsüzlüyü çar Rusiyası və Sovetlər Birliyi dönəmlərində də davam etmişdir. Türklər öz yaratdıqları imperiyalarda başqa millətlərin nümayəndələrinin ən yüksək səviyyədə  təmsil olunmasında nə qədər tolerant-xoşgörü tərəfdarı olsalar da, ancaq onların olmayan imperiyalar da yaşamaqda isə bir o qədər dözümsüz olurlar. Buna ən bariz nümunə çar Rusiyasıdır ki, əsarət altında olan bir çox Türk ellərində, o cümlədən Qafqaz Azərbaycanında imperiyaya qarşı dəfələrlə üsyanlar-ayaqlanmalar olmuşdur.

Bu mənada, 20-ci əsrin əvvəlləri Azərbaycan türklərinin tarixində həm yeni bir dönəm, həm də bir tərəqqi dövrüdür. Bu dövrdə yaşayan Azərbaycan türk aydınları 19-cu əsrin əvvəllərində 9 xanlığa (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ, Quba, Şamaxı, Bakı, Talış, Şəki), bir neçə sultanlığa parçalanmış və çar Rusiyası tərəfindən müstəmləkə halına gətirilmiş Şimali Azərbaycanı 20-ci əsrinə əvvəllərində bir vahid dövlətin tərkibində - Azərbaycan Cümhuriyyətində birləşdirdilər. Doğrudur, bu birləşmə tam şəkildə həyata keçirilmədi. Belə ki, müəyyən səbəblərə görə İrəvan xanlığı və onun paytaxtı ermənilərə güzəştə gedildi.

İndi gələlim əsas məsələlərdən birinə, yəni Cümhuriyyət dövründə onun rəhbərləri tərəfindən nədən İrəvanın Ermənistana verilməsinə...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü