Modern.az

“Sənə mən rahibəm itaətdə...”

“Sənə mən rahibəm itaətdə...”

Ədəbi̇yyat

24 Dekabr 2013, 12:35

Məktəb vaxtı sinifdə ən çox üzləşdiyim “çətin” hal anamın həmin məktəbdə müəllim işləməsi olub.Əslində bu hiss valideynlərindən biri və ya hər ikisi müəllim olanların hər birinə yaxşı tanışdır. Məsələ burasındadır ki, hətta bacımın ilk sinif müəllimi anam olsa da, o mənim qədər narahat deyildi.  Həmin sinfin şagirdləri üçün də mən başqa idim, təbii ki, buna görə də ikiqat məsuliyyət hiss etmişəm həmişə. Şagirdləri bu gün də anamı çox tələbkar, həm də sərt müəllim kimi xarakterizə edirlər və çox sevirlər. Bu gün Azərbaycanda yüzlərlə müəllim, həkim, mühəndis, alim, yazıçı, jurnalist, hüquqşünas kimi müxtəlif vəzifə sahibləri var ki, onların qəlbində Fəridə müəllimənin - Anamın öz yeri var.

40 il. Düz 40 il ömrünün ən gözəl çağlarını məhz bu sənətə həsr edib anam. Dekabrın 24-də anamın ad günüdür. O, anadan olanda atası artıq cəbhədə idi. Böyük Vətən müharibəsi başlayan zaman o da hamı kimi körpə balalarını qoyub müharibəyə gedib və müharibənin “qara yelləri” onu öz döğma yurd-yuvasından həmişəlik aparıb. Heç kiçik qız övladının dünyaya gəlişini də bilməyib. Anam da həmişə ata həsrəti çəkib. Müharibə vaxtı evdə hamıdan kiçik olsa da, o dövrün çətinlikləri körpə yaddaşında “ilişib qalıb”. Müharibə qurtaranda cəmi 4 yaşı olan Fəridə tez-tez divardan asılmış “əmi”nin şəklinə diqqət kəsilirmiş. Heç vaxt heç kimə “ata” demir Fəridə...  Bütün yaşıdları kimi...

Məktəb illərində, tələbəlik vaxtı da atasızlığın xiffətini çəkir. Amma həyatın çətinlikləri onu əymədi, əzmədi. Bəlkə də zəhmi və sərtliyi bundandır.

Hamının anası ona əzizdir, çox əzizdir. Hər kəsin müəllimi, xüsusilə ilk müəllimi də ona həmişə doğmalaşır və yaxın adam olur.  Ananın və müəllimlərin verə biləcəyi nəzəri dərslərin ən çətinini - həyat dərsini öyrədib o bizə. Həyatda heç bir çətinlikdən qorxmamaq, əyilməmək, təmiz və etibarlı olmaq... Sədaqətli olmaq öz həyat ideallarına. Bir müəllimdən nə öyrənmək olarsa, onu da öyrədib. Özünü tənqid, təkəbbürdən üzaq olmaq, qürurunu sındırmamaq, qoyulan məqsədə doğru getmək və ona nail olmaq kimi xüsusiyyətləri tərbiyəvi təlim-tədris metodları ilə beynimizə yeridib. Əsl Müəllim kimi.

Mənim üçün o təkcə Ana deyil, həm də həyatda  rast gəldiyim ən dözümlü, təkminli və Ən gözəl qadındır. O, həm də sərtdir. Amma onun nəvazişi də elə zərifdir ki...

Onun da, mənim də çox sevdiyim Cəfər Cabbarlının “Ana” şerində deyilən kimi, “Ana, sənə mən rahibəm itaətdə”.

Ad günün mübarək, Fəridə müəllimə!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü