Modern.az

Pensiyaların yeni qaydalarla hesablanması çatışmazlıqları aradan qaldırıb?

Pensiyaların yeni qaydalarla hesablanması çatışmazlıqları aradan qaldırıb?

17 May 2010, 12:20

Bu ilin yanvarın 1-dən tətbiqinə başlanılan "Əmək pensiyaları haqqında" Qanuna edilən son əlavə və dəyişikliklər Azərbaycanda yeni təyin olunan pensiyaların orta aylıq məbləğinin əhəmiyyətli dərəcədə artımına gətirib çıxarıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, cari ilin birinci rübünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 101,02 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 161,4 manat manat təşkil edib. Bu isə ötən il "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklər zamanı irəli sürülən səmərəli təkliflərin gercəkləşməsinin əyani göstəricisi kimi izah edilib. ”Bəyan edildiyi kimi, yeni qaydaların tətbiqi nəticə etibarilə Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır.

Məlum olduğu kimi, yeni qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu. Əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi.

Yeni qaydalar isə bütün bu çatışmazlıqları tam aradan qaldırıb. Hazırda pensiya təyinatı aparılan şəxsə 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır. Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.     

Yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına da imkan verir və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu da yaxın gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaqdır”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü