Modern.az

Məhəmməd Əmin Rəsulzadənin yubileyidir

Məhəmməd Əmin Rəsulzadənin yubileyidir

31 Yanvar 2014, 00:20

31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin  banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Böyük öndər 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.
Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.

Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır.
İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti M.Ə.Rəsulzadənin abidəsinin layihələşdirilməsi və ucaldılması barədə qərar qəbul edib. O vaxt qəranın icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyi hətta görkəmli heykəltəraş Ömər Eldarova müraciət edərək heykəlin layihəsinin hazırlanmasını ona həvalə edib. Dana sonra nazirlik Bakı İncəsənət Mərkəzi ilə müqavilə bağlayıb, heykəlin işçi modeli və layihəsi üçün müvafiq məbləğ də ödəyib. Lakin iş elə bu mərhələdəcə yarımçıq qalıb. 1993-cü ildə Rəsulzadəyə qoyulacaq heykəl üçün hətta Rusiyadan baha qiymətə mərmər daşları da alınıb gətirilibmiş. Həmin daşlar bir müddət Ö.Eldarovun emalatxanasında saxlanıldıqdan sonra başqa iş üçün istifadə edilib.

M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.

Məmməd Əmin Rəculzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Amma hər dəfə meriyadan verilən cavabda bildirilib ki, heykəlin qoyulmasına guya, maliyyə vəsaiti yoxdur.

Nəhayət 2013-cü il noyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cübhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.
Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


M.Ə.Rəsulzadənin Azərbaycandakı (Zaqatalada) yeganə heykəli...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı