Modern.az

Sıfırlanan sevgilər mübarək!

Sıfırlanan sevgilər mübarək!

Ədəbi̇yyat

7 Fevral 2014, 16:28

[email protected]

Giley

Gözlərin sevmir məni daha. Baxışların xəbər verdi.

Ruhun duymur məni daha. Yaz dumanı tək seyrələn görüşlərimiz bildirdi. 

Qulaqların almır səsimi-sədamı. Ayaqlarımın dəyə biləcəyi yerlərdə “təsadüfən” qarşılaşmırıq daha.

Təbəssümüm, xoş görüntüm çöhrəni işıqlandırmır. Qüssəm-kədərim, buludlu çöhrəm baxışlarını qayğılandırmır.

Qocalıram,- narahat olmursan. Gənclik eşqim aşıb-daşır,- həyəcanlanmırsan.

İtkilərimə yanmırsan. Uğurlarıma şadlanmırsan.

Qəlbindən MƏNi tərənnüm edən poetik duyğular qanadlanmır daha.

Daha, daha, daha... Nə qədər sayım daha?

SIFIRın qapısındayıq. Astanada. Hisslərin yadlaşıbdı. Qəlbin tam daşlaşıbdı.

YENİ İLin yeni günündə SIFIRLANAN SEVGİMİZ MÜBARƏK!

Xəbərdarlıq

YENİ İLin yeni günündə adlayacağımız SIFIRın o tayında YENİ SEVGİLƏRİN MÖCÜZƏSİ GÖZLƏR YOLUMUZU. Duyğularımıza bülöv çəkib  gözlərimizi kor edər yeni  sevdaların naz-qəmzəsi. Hələ ki qapının bu üzündəyik. O üzündə isə təzə sevdaların atəşli ağuşu və yanar hissləri əsarətinə alar ruhumuzu. O qucağa düşməsəm də, sən düşdüyümü san. O hisslərdən qanad taxıb uçmasam da, sən uçduğumu san. San ki, qəlbin yansın. Qısqanclıqdan alovlanasan. Yanıb-yanıb qovrulasan. Yanmağın nə olduğunu canın öz dərisində yaşasın ki, SEVƏNLƏRİN və SEVGİLƏRİN QƏDRİNİ BİLƏSƏN. Ondan sonra baxarıq görək, - cəsarətin çatarmı hisslərimi yerə dağılmış oyuncaqlar kimi təpikləməyə? Uğrunda fəda etdiyim illəri görməzdən gəlib varlığımı heçə saymağa? Süzülmüş paltarlar tək üzülüb-üzülüb şəffaflaşmış ürəyimi əzməyə? Onsuz da bu tayından o tayı görünür qəlbimin. Didib-parçalayıb nə tapmağa ümid edirsən ki?

Ümid

Bu YENİ İLin MƏNə ən böyük ərməğanı – SƏNSİZLİK olacaq!  Sevginlə əzab çəkdiyim, intizarınla gözümü yollara dikdiyim illərə bənzəməyəcək AT İLi. At muraddır,- deyib babalarımız. SƏNSİZLİK diyarına səyahətdə XOŞBƏXTLİYİ TAPACAM. Bilirəm, AT İLində MURADIMA YETƏCƏM.

Dünyanın gərdişi

Ey insan övladı! Biz nə birinciyik, nə də sonuncu. DÜNYA DURDUQCA SIFIRLANAN MİLYARD-MİLYARD SEVGİLƏRDƏN BİRİYİK. Ancaq biri! O üzdən deyirəm ki, qəm yemə, SIFIRLANAN SEVGİMİZ MÜBARƏK!

SIFIRın o tayında döyünən ürəklər istəyər bizi. SƏNi də, MƏNi də. İki ilin qovşağında SIFIRLANAN SEVGİLƏR yeni yollar açar qarşımızda. Seçərik, seçilərik. Sevərik, sevilərik. Eşqdən yanıb-yanıb kül olunca küllərimizdən yeni sevdalar doğar! Yeni doğulanlara - “XOŞ GƏLDİN!”- deyərik. 

YENİ İLdə qarşılaşdığımız yeni sevdalardan özümüzə yeni donlar biçərik. O yeni libaslarda duruşumuz da dəyişər, yerişimiz də. Ötənlərə, keçənlərə yuxarıdan aşağı baxarıq. Saymazyana. SƏN də. MƏN də.

Sənə qıymaram

Nə olursa-olsun Sənin əziyyət çəkməyinə qıymaram. O üzdən DEYİRƏM Kİ, dolaşacağın MƏNSİZLİKdə ilham çeşməsi axtarma. Olmayan şeyi tapmaq müşkülünə qatlaşma. Mürəkkəbsiz qalan qələmin yazmayacaq. Kompüterin klaviaturasına barmaqlarının ucundan ötürəcəyin cərəyan sözləri mənalandıra bilməyəcək... Adəti belədir poetik duyğuların. Quraqlıqda cücərməz. Adidən adi münasibətlərin pişvazına çıxmaz cilvəli sözlər. Poetik varlıqdan, durumdan və düşüncədən qaynaqlanar poetik duyğular.

Demirəm ki...

Getsən də hisslərinin cilovu mənim əlimdədir. Qamçılasam, dəli eşqin hayqırıb dağlara sarı üz tutacaq. Dağlar da ki, qarlı-boranlı. Donacaq ayaqların. Ha çapsan da, hey aşağı sürüşəcəksən. Zirvələrə dırmaşa bilməyəcəksən. Sürüşüb-sürüşüb dağın ətəklərində bənd alacaqsan. Gözləyəcəksən çəmənliklərin yaşıllaşmağını. Gözləyə-gözləyə qalacaqsan. MƏN gəlməyəcəm.

Deyirəm ki...

MƏN – Dəniz, SƏN – Ada. Əl-ətəyimi yığışdıran kimi sən SƏN olmaqdan çıxırsan. Ucsuz-bucaqsız torpaqların adsız-ünvansız hissəciyinə çevrilirsən. Mən gəlirəm, sən SƏN olursan. Yenə sayılıb-seçilən Ada olaraq qürrələnirsən.

MƏNSİZLİYƏ imza atdığın gündən sən SƏN deyilsən. Özgəsən. Yadsan. Duyğusuz daş parçasısan. Yeriyən daş. Daim yerdəyişmədə olan qaya. Proqramlaşdırılmış robotsan. Eləcə ETMƏLİ OLDUQLARINI edirsən. ETMƏK İSTƏDİKLƏRİN bu proqramda nəzərə alınmayıb.

Bil ki, MƏN – Kainatam, SƏN – Yer kürəsi. Hayana dönsən də, necə fırlansan da məndən qaça bilməzsən. Bunu bil!

Üfüqdə görünənlər

SIFIRDAN AŞAĞIDA YÜKSƏLİŞ DAYANIR. SIFIRLANAN EŞQİMİZ MÜBARƏK! YENI BAŞLANĞICLARA DOĞRU SÜRƏT!

İndi özün de

MƏNSİZLİKdə qədəm basdığın YENİ İL Sənə nə xoşbəxtlik gətirə bilər?!

1 yanvar  2014

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı