Modern.az

“Şəhriyara sevgi dolu məktub yazanlar onun Bakıya gəlməsinə imkan vermədi” - MÜSAHİBƏ

“Şəhriyara sevgi dolu məktub yazanlar onun Bakıya gəlməsinə imkan vermədi” - MÜSAHİBƏ

Mədəni̇yyət

26 Fevral 2014, 15:56

Modern.az saytının müsahibi şəhriyarşünas-alim, fəlsəfə doktoru Esmira Fuad Şükürovadır.

– 1999-cu ildə etibarən Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsində çalışıram. Namizədlik dissertasiyam XX əsrin klassiki kimi tanıdığımız Seyid Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan dilli yaradıcılığı olub. O gündən bütün yaradıcılığımı Güney Azərbaycan ədəbiyyatının araşdırılmasına həsr etmişəm. “Şəhriyarın yaradıcılığında xalq həyatının inikası” adlı monoqrafiyam 1996-cı ildə çap olunub. Amma bu, Şəhriyarla bağlı araşdırmamın yalnız bir hissəsi idi. Daha sonralar da araşdırmalarımı davam etdirdim və “Şəhriyar ədəbi mühiti, ana dilli yaradıcılığı” adlı monoqrafiya yazdım. Ümumiyyətlə onun yaradıcılığından qopa bilmirəm.

– Şəhriyarın həyat və yaradıcılığı ilə bağlı qaranlıq məqamlar varmı?

– Şəhriyarın həyatında qaranlıq qalan gizli və maraqlı məqamlar çox olub. Bildiyimiz kimi, modernist şeirin banisi fransız Şarl Bodler olub. Güney ədəbiyyatına da modernist şeir məhz fransız dilini bilən  yazarlar tərəfindən gəlib. Bu şairlərdən biri də Şəhriyardır. Ona fransız dilini yüksək səviyyədə öyrədən müəlliminə heyranlığının nəticəsi olaraq gözəl bir şeir yazıb. Baxmayaraq ki, həmin vaxt Şəhriyarın cəmi 11 yaşı vardı.

Şəhriyarın Nişapura sürgün olunması ilə bağlı mübahisəli məqamlar var. 1925-ci ildə pəhləvilər Qacar rejimini devirəndən sonra Cənubi Azərbaycanda xalqın etiraz səsinə qoşulanlardan biri də Şəhriyar idi. Onun sürgün olunmasında bir qəsidənin də təsiri olub. Tehran-Təbriz dəmiryol xəttinin açılış mərasimində Şəhriyar həmin şeiri səsləndirib. O, nəzmlə şahın üzünə deyib ki, özgələrin boşqablarını yalamaq yetər. Bizim ölkədə bu gün elə bir viranəlik yaranıb ki, hətta quşlar da Azərbaycandan köçüb gedir. Nə qədər gec deyil islahatlara başla.

– Deyilənə görə, Şəhriyarın Bakıya gəlməsinin qarşısını da bizim bir sıra məşhur yazarlar təxribatla alıblar.

– Molla Pənah Vaqifin yubileyi ərəfəsində Şəhriyarın da Bakıya gəlməsi gündəmdə idi. Hətta ona dövlət səviyyəsində Yazıçılar Birliyi tərəfindən rəsmi müraciət də göndərilmişdi. Amma fakt olduğu kimi yerində qalır. Güneyin böyük şairinin Quzeyə gəlməsinə də nə yolla olursa-olsun mane olmağa çalışırdılar. Bu məqsədlə Şəhriyarın adına göndərilən dəvətnaməni bilərəkdən ona aparıb çatdırmırlar. Məktub guya səhvən uzaq bir vilayətdə yaşayan Şəhriyar adlı birinə çatır.

Ədəbiyyat tarixində həmişə yazarlar arasında qısqanclıq olub. Ad çəkməyəcəyəm. Amma Şəhriyarı mədh edir, ona sevgi dolu məktub yazan və ondan sevgi dolu məktublar alan insanlar sonradan onun Bakıya gəlməsinin qarşısını aldılar. Şəhriyar da sadəlövhcəsinə onların məktublarına sevgi dolu cavablar verirdi.

– Güney ədəbiyyatının bugünkü vəziyyətini necə səciyyələndirərdiniz?

– Bu gün Bütöv Azərbaycan ideyasına, Qarabağ probleminə Güney yazarlarının baxışı çox fərqlidir. Onlar heç də orada özlərini bizdən ayrı düşünmürlər. Bu günlərdə bir gənc cənublu yazarın Qarabağ haqqında şeirini oxudum. Bu, Əli Daşqının qızı Maral Təbrizli idi. O Əli Daşqının ki, 2008-ci ildə “Qarabağ: əsir torpaq” adlı ayrıca kitabı çap edildi. Əli Səlaminin “Ahu kimi gözlər” hekayəsi, Təbrizli Məmmədrzanın “Qartal balası” adlı 3 hekayəli kitabında bu məsələlər öz əksini tapır. O kitabdakı eyniadlı hekayədə Qarabağa gələn könüllülərin cəsarəti öz həqiqi əksini tapıb.

– Rəhmətlik Elçibəyin “Qarabağa gedən yol, Təbrizdən keçir” cümləsi qəfildən yadıma düşdü...

– Elçibəy bu sözü təsadüfdən deməmişdi. Çünki əsas güc məhz, ordadır. Biz burda 9 milyonuq, amma orada 40 milyon həmvətənimiz var. Tarixən bu şəhər bizim paytaxtımız olub. Amma çox təəssüf ki, həmişə çox işləməkdənsə, çox danışmışıq. Biz danışmağı çox sevən xalqıq. Amma işə gələndə isə susuruq. Bu gün biz nə qədər onlara həm ədəbi həm də ictimai siyasi müstəvidə üz çevirsək bir o qədər də qazanmış olarıq.

– Güney ədəbiyyatı üzrə araşdırmaçılar çox güclü, modernist ədəbiyyat dalğasının yarandığını qeyd edir...

– Biz oradakı ədəbiyyatımızı bu gün o qədər də yaxşı tanımırıq. Bu gün ədəbiyyat  tənqidçilərinin hamısını düşündürən ədəbi dil məsələsidir. Güney Azərbaycanda vahid ədəbi dili hələ də formalaşmayıb. Bəziləri Quzey ədəbi dilini özünə örnək götürür, bəziləri Anadolu türkcəsini bəziləri klassik şeir dilini özlərinə örnək götürür. Bu baxımdan orada vahid ədəbi dil formalaşmayıb. Əsərlərindəki əsas mövzu təbii ki, azadlıq, milli kimlik, dil məsələsidir. Təbii ki, onlar təqiblərə məruz qalır. Bu gün Güneyin ən iti qələmli jurnalisti olan Əsəd Mətinpur hazırda dustaqxanadadır. Hadi Qaraçay da facebook-dakı səhifəsinə onun şəklin qoyub. Bu yolda dayanmadan mübarizə aparan xeyli yazarlarımız var: Xosrov Barıçan, Haid Qaraçay Ramin Cahangirzadə, Nigar Xiyazi, Həsən Səfəri, Ruqiyyə Kəbiri. Saydıqca qurtaran deyil.

Yazıçılar Birliyindəki Güney Azərbaycan ədəbiyyatı şöbəsinin və Sayman Aruzun ədəbi əlaqələrin genişlənməsində çox böyük xidmətləri var. Bu gün deyərdim ki, Sayman Aruzun fəaliyyəti Balaş Azəroğlu və Söhrab Tahirdən də çoxdur. Həm də indi yollar da açıqdır. Sərbəstlik daha çoxdur. İranın hazırkı prezidenti Həsən Ruhani  tərəfindən türk dilində çıxacaq məktəblərin açılması barədə söz söhbətlər gəzir. Alla elə eləsin ki, bu iş alınsın. Əgər belə olsa bu Azərbaycanın mübarizə  tarixində bir qələbə olacaq və Həsən Ruhani də bu addımı ilə tarixdə qalacaq.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır