Modern.az

“Bura Bakıdır - bizim sevimli şəhərimiz...”

“Bura Bakıdır  - bizim sevimli şəhərimiz...”

Mədəni̇yyət

8 Aprel 2014, 09:18

Xəzərin yaxasından çiçək təki asılan, hər daşı-divarı min bir tarix danışan, qoynunda əzəmətli yadigarlara böyük sədaqətlə qucaq açan, az qala yaşı qədər sirlər gizlədən qosqoca Bakı! Müstəqil, azad bir məmləkətin baş şəhəri – qürur yerimiz! Gözəlliyinə sığal çəkən əllər indi onu dünyanın ən sirli-sehirli, möcüzəli şəhərlərindən birinə çevirib. Gözəlliyi gözə görünər, sözə gəlməz, bu gözəllik qarşısında söz aciz qalar, heyrətdən susar, həzin bir nəğməyə dönər. Hansı yandan ötsən, bu nəğməni eşidərsən...

Tam fərqli bir Bakı var indi gözlərimizin önündə: gündən-günə dəyişən, yeniləşən, böyüyən, abadlaşan Bakı. Geniş və yaraşıqlı küçələr, nəhəng göydələnlər, çoxmərtəbəli yaşayış binaları, abad yollar, gümüş kəmər kimi şəhərin belinə dolanan möhtəşəm körpülər, yeni metro stansiyaları, yamyaşıl meydanlar, əsrarəngiz park və xiyabanlar, bağlar, musiqili fəvvarələr, bir vaxtlar xarici ölkələrdə görüb heyrətləndiyimiz, indi şəhərimizdə diqqətimizi çəkən “canlı saatlar”...

Gündüzləri bir aləmdir bu şəhərin, cənnəti xatırladar. Bu “cənnət”in cazibəsindən qopmaq olmaz. Gecələri bir başqa möcüzədir, şam-çıraqdır – göyün ulduzlu bir parçasına bənzər. Qızıl-qızıl düymələrə dönüb gecənin yaxasından asılar Bakının sayrışan işıqları: qaranlığın bağrını yarar, zülmətə qənim kəsilər, göydəki ulduzlarla bəhsə girər, süd kimi ağappaq işığa qərq edər dörd bir yanı. Göy üzü də heyran olar yerdəki bu füsunkarlığa, qibtə edər Bakı gecəsinin təntənəsinə. Şəhər sirli-sehirli işıqların ağuşunda nəhəng bir çilçırağı xatırladar. Rəngbərəng işıqlar Bakının Xəzərin şərəfinə oxuduğu “Gecə serenadası”na dönər. Bu nəğmədən xumarlanar alagözlü Xəzər. Bu bənzərsiz mənzərə Bakı gecəsinin nağılını danışar hər kəsə...

Gündüzlər park və xiyabanlarda, ələlxüsus da bu gün şəhərimizin simvoluna dönən Dənizkənarı Milli Parkda insan əlindən tərpənməyə yer olmaz. Gecələr əl-ayağı küçələrdən yığsa da, yenə eyni mənzərə ilə üz-üzə qalarsan: gözəllikdən doyulmaz ki!...

* * * *

Bakının gözəlliyinə elə hər gün yeni çalarlar əlavə olunur: bunu hamı görür və etiraf edir. Çünki bu quruculuq, sürətli yeniləşmə, hərtərəfli inkişaf gözlərimizin önündə baş verir. Paytaxtımızı yenidən qurur qədirbilən insanlar: bir vaxtlar Bakını əzəmətli yadigarları ilə gözəlləşdirən Azərbaycan övladının – ulu öndər Heydər Əliyevin xatirəsinə sonsuz hörmət və ehtiramla. “Tikdim ki, izim qala” deyə Bakıda möhtəşəm saraylar ucaldan böyük öndərin əməllərini Prezident İlham Əliyev yeni nəfəslə davam etdirir. Dövlətimizin başçısı hələ 2004-cü il aprelin 2-də şəhərin baş planı ilə tanış olarkən “Bakı gözəl, təmiz, abad, yaşıllaşdırılmış şəhər olmalıdır” deyə hətta hər binanın, hər məhəllənin, hər küçənin özünəməxsus olmasını, mövcud yaşıllıqların qorunmasını, yeni yaşıllıqların, bağ və parkların, istirahət guşələrinin yaradılmasını tövsiyə etmişdi. Nəticə özünü çox gözlətmədi. Bu tövsiyə və tapşırıqlar böyük tarixi hadisələrə şahidlik edən Bakıya yeni həyat verdi və bu işlər indi də davam edir. Köhnə, balaca evlərin yerində ucaldılan göydələnlər şəhərin simasına yaraşıq verir, onun memarlıq quruluşuna əlavə çalarlar qatır. Milliliyi, qədimliyi, memarlıq üslubu və ənənələri qorunmaqla təmir olunan monumental binalar, memarlıq inciləri, muzeylər, teatrlar, yeni tikilən modern mədəniyyət ocaqları şəhərin mənəvi zənginliyindən xəbər verir. Dünyanın ən mürəkkəb memarlıq layihələri əsasında inşa olunan nəhəng tikililər: “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, “Bakı Kristal Zal”, Bayraq meydanı şəhərin mənzərəsinə əzəmət gətirir, müasirlik, yenilik bəxş edir. Müasir otellər, həm də xalqımızın qonaqpərvərliyinin rəmzinə çevrilir. Dünyanın diqqətini cəlb edən Bakı indi ən mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Qonaqlar Bakının gözəlliyi qarşısında heyrətlərini gizlədə bilmirlər...

Söz düşmüşkən, ölkəmizin mədəni həyatı ilə bağlı bir faktı xatırladım. Mən də 2011-ci ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsini öz Vətənimdə, doğma şəhərimdə – “Bakı Kristal Zal”da qürurla izlədim. Bakı bu mötəbər musiqi yarışmasına uğurla ev sahibliyi etməklə, artıq regionun mədəni paytaxtına çevrildiyini də sübut etdi. Həmin günlər daha bir fəxarət hissi də yaşayırdıq: müxtəlif xalqların, millətlərin nümayəndələri Azərbaycanın əsrarəngiz paytaxtını, Azərbaycan həqiqətlərini öz gözləri ilə görürdülər. Müsabiqədə tanış olduğum bir əcnəbi xanımın təəssüratları indi də yaxşı yadımdadır. Dənizkənarı Milli Park, unikallığı ilə seçilən İçərişəhər və Qız qalasına heyranlığını gizlətməyən xanım belə demişdi: “Mən bura gələndə elə bilirdim, Bakı ancaq neft qoxulu bir şəhərdir. Yanılmışam. Bakıdan əsl mədəniyyət qoxusu gəlir. Xəzərin sahilindəki unikal şəhəriniz, buradakı qədimlik və müasirlik məni valeh etdi. Şəhəriniz çox təmiz və gözəldir, onun gecələri lap nağıllar aləmini xatırladır. Ailəmiz üçün çoxlu hədiyyə almışam, bu hədiyyələrdə Bakının gözəlliyi əks olunub...”.

* * * *

Ən yaxşı hal bir də odur ki, paytaxtın inkişaf strategiyasına uyğun şəkildə aparılan quruculuq işləri Bakının bütün rayonlarını əhatə edib, bu isə özlüyündə şəhərimizin kompleks inkişafını təmin edir. Bu baxımdan, Bakının bir parçası olan Binəqədi rayonunda görülən işlər daha çox diqqəti cəlb edir. Və mən bu rayonun timsalında fikirlərimi bölüşmək istəyirəm. Son illər burada aparılan irimiqyaslı abadlıq-quruculuq işləri forma və məzmun etibarilə tamamilə fərqlənir. Bu tədbirlər təkcə həcmi ilə yox, həm də özünəməxsusluğu ilə nəzərə çarpır. Rayonun ayrı-ayrı guşələrində yeni salınan, yaxud əsaslı təmir olunan park və xiyabanlar orijinal görkəmi, baxımlılığı, Azərbaycan memarlığının bənzərsiz nümunələri olan tarixi bağlara xas bitkin kompozisiyası, mükəmməl tərtibatı ilə göz oxşayır. Bağlara məxsus elementlərdən, çəmənlik, ağaclar, bəzək kolları və çiçəklərdən yerli-yerində, bağın miqyasına uyğun yüksək zövqlə istifadə olunması bu məkanları təkrarsız edir. Xüsusilə Bakının şimal yolunun üstündə, Bakı-Sumqayıt avtomagistralının Binəqədi rayonu ərazisindən keçən hissəsinin hər iki tərəfində salınan və yolboyu uzanıb gedən yaşıllıq, bu yaşıllığın içərisində böyük ustalıqla “toxunan” “canlı butaşəkilli xalça”lar, “canlı saat”lar bağların gözəlliyini daha da artırır, üstəlik, onlara milli ruh bəxş edir. Bu, şimal qapısından Bakıya daxil olan qonaqlarda, təkcə Binəqədi rayonu yox, ümumilikdə paytaxtımızın gözəlliyi haqqında ilk və olduqca xoş təəssürat yaradır. Məqsədim heç də təkcə bu zahiri gözəlliyi nəzərə çatdırmaq deyil, onsuz da sadaladıqlarım göz önündədir, onları görməmək mümkün deyil. Mən bu gözəlliyin mahiyyətinə diqqət çəkmək istəyirəm. Rayonda əkilən on minlərlə ağac, bəzək kolu, gül-çiçək və çəmənliyin ekoloji tarazlığın təmin olunmasındakı rolunu təsəvvür edirsinizmi? Bəs bütün bu gözəlliklərin yeniyetmələrin, gənclərin estetik zövqünün formalaşmasında, mənəvi tərbiyəsindəki əhəmiyyətini necə? Axı gözəllik təkcə göz oxşamır, sevindirmir, rahatlıq bəxş etmir, həm də və ən əsası, tərbiyə edir, insanı mənən zənginləşdirir, onu gözəlliyə, bu gözəlliyi yaradanlara biganə qalmamağa çağırır, yalnız gözəl düşünməyə və gözəl əməllər sahibi olmağa sövq edir. Bu mənada, insanları gözəllikdən yaxşı tərbiyə edən ikinci bir vasitə düşünmək olmur. Əgər biz insanları mənən zəngin görmək istəyiriksə, onların ətrafında gözəllik yaratmalıyıq. Bütün gözəlliklərin mahiyyətində, məzmununda gizlənən fəlsəfə, “müdriklik” də elə budur. Məncə, insan onu əhatə edən gözəlliklərin içərisində pis düşünə və pis davrana bilməz! Gəlin, təsəvvür edək, köhnə, sönük, zövqsüz bir şəhərdə, məhəllədə böyüyən uşağın, yeniyetmənin, gəncin zövqü necə olar? Daha bir vacib amil. İl boyu Binəqədi rayonunda birbaşa bu gözəlliyin əhatəsində təşkil olunan çoxsaylı, müxtəlif məzmunlu mədəni-kütləvi tədbirlər və bütün bunların gənclərə, yeniyetmələrə göstərilən diqqət, qayğı ilə vəhdət təşkil etməsidir. Ölkəmizin rayonları arasında İcra başçısının ən gənc xanım müavini bu rayonda seçilmədimi?..

* * * *

İndi Bakıda hansı tərəfə dönsən, hansı sahəyə baxsan, orada hərəkət görərsən. Hərəkət isə irəliyə doğru addım deməkdir! Elə bir gün yoxdur ki, Bakıda, yaxud elə bölgələrimizdə hansısa yeni müasir obyektin açılışı olmasın! MÜSTƏQİL ÖLKƏMİZin rəhbəri hər bir yeni layihənin təməl daşını özü qoyur, açılışını da özü edir! İnanmıram, kimsə bununla fəxarət hissi keçirməsin! Axı, bu tədbirlərin nəticələrindən hər bir Azərbaycan vətəndaşı faydalanır, bu abadlıq, bu quruculuq insanların sağlamlığına, rahatlığına, dincliyinə xidmət edir. Yaradılan gözəllik hamı üçündür. Biz bu cür möhtəşəm şəhərdə yaşadığımıza görə dövlət başçımıza minnətdar olmalıyıq! Şəhərimizə sığal çəkən əllərə, bu gözəlliyi yaradanlara “əhsən” deməliyik, Bakımızın yaxasından ulduz asanlara “Min alqış!” söyləməliyik!..

Bu gün hər birimiz iftixar hissi ilə deyirik: “Bura Bakıdır – bizim sevimli şəhərimiz!”. Amma gərək bu öyünc hissində hər birimizin haqqı olsun! Bu haqq üçün isə bizdən çox az şey tələb olunur: Bakını sevmək, onu qorumaq, onun gözəlliyinə, səliqə-sahmanına qənim kəsilənlərə amansız olmaq! Çünki bu şəhər Tanrının nur qayçısıyla kəsib bizə pay göndərdiyi bir çıraqdır. Bu çırağın pərvanəsi olmaq gərəkdir...

Elə isə, evlərinizin pəncərəsini taybatay açın bu gözəlliyə! Tariximizin, mədəniyyətimizin mərkəzi, mənəviyyatımızın paytaxtı, taleyimizin şəhəri olan Bakı ilə bir də üz-üzə, göz-gözə qalın. O zaman mütləq siz də bu gözəlliyi qorumaq haqqında düşünəcəksiniz...

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır