Modern.az

Berlində Ermənistan prezidenti əleyhinə aksiya keçirilib

Berlində Ermənistan prezidenti əleyhinə aksiya keçirilib

23 İyun 2010, 15:43

Ermənistan prezidenti Serj Sarkisyan iyunu 21-23-də Almaniyaya rəsmi səfəri çərçivəsində Konrad Adenauer Fondunda „Cənubi Qafqazda təhlükəsizlik və inkişaf haqqında: Ermənistanın bu proseslərdə rolu“mövzusunda məruzə ilə çıxış edib. İyunun 22-də Berlindəki Azərbaycan diasporunun Berlindeki fəalları Konrad Adenauer Fondu qarşısında etiraz piketi təşkil edərək, Ermənistan prezidentinin bu məzmunda çıxışına öz etirazlarını bildiriblər. Piketdə Azərbaycan bayraqları dalğalanıb, „Bizə Vətənimizi qaytar!“, „BMT-nin qətnamələrinə əməl et!“, „İşğalçı siyasəti dayandır“ məzmunlu şüarlar qaldırılıb. Məlumatı Modern.az-a Diaspirla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti verib. Məlumata görə, həmvətənlərimiz Dağlıq Qarabağ münaqişəsi, Xocalı facisəi haqqında həqiqətləri əks etdirən ədəbiyyat və digər məlumatlandırıcı vasitələr paylamaqla alman ictimaiyyətinin diqqətini bu mövzuya cəlb ediblər. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi etiraz aksiyasına Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Berlin Azərbaycan evi, Azərbaycan Kültür Ocağı, Azərbaycan Akademiklər Birliyi, Almaniyadakı Azərbaycanlı Tələbələr ve Elmi Işçilər Birliyi, Alman-Azərbaycan Akademiklər Birliyi, Bakılı klubu, LBN Boxstudio Magdeburg təşkilatının fəalları qatılıblar.

Qeyd edək ki, Avropa Parlamentinin keçmiş prezidenti, Konrad Adenauer Fondunun sədri Dr.Hans-Qert Pötterinq tədbiri açıb və sözü Ermənistan prezidenti Serj Sarkisyana verib. Sarkisyanın nitqi əsasən birtərəfli  faktlar üzərində qurulub. O öz çıxışında Cənubi Qafqazin sabit və qüdrətli bir regiona çevrilməsi üçün siyasi və iqtisadi inkişaf yollarını göstərməyə çalışsa da, əsas məqsədi Ermənistanın regiondakı əlverişli iqtisadi proyektlərə qatılmasının mühümklüyünü isbatlamaq olub. Sarkisyan regionda sülhün və ədalətin bərqərar olunması üçün heç bir təklif irəli sürməyib. Lakin Ermənistan prezidentinə verilən suallarda bir çox mühüm məsələlərə toxunulub. Lakin Azərbaycanın ərazi bütövlüyü haqqında olan BMT qətnamələrinin yerinə yetirilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının, Dağlıq Qarabağ və 7 ətraf rayondan didərgin düşmüş azərbaycanlıların öz doğma ev-eşiyinə qaytarılması haqda olan suallara heç bir qənaətbəxş cavab verilməyib. Tədbirdə alman ictimaiyyətinin Azərbaycan həqiqətlərini bilən və dövlətimizin mövqeyini dəstəkləyən nümayəndələri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı və Azərbaycn diasporunun nümayəndələri iştirak ediblər. Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü